11 Noyabr 14:51 Əliyar Ağayev: Çempionlar Liqası inandırıcı deyil  - MÜSAHİBƏ
FUTBOL xəbərləri 11 Noyabr 14:51
6437 baxış

Əliyar Ağayev: Çempionlar Liqası inandırıcı deyil - MÜSAHİBƏ

Azərbaycanın FİFA referisi Əliyar Ağayevin apasport.az saytına müsahibəsi

 

- Azərbaycan hakimliyi tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oyun idarə edəcəksiniz. UEFA-dan belə təyinat gözləyirdizmi, yoxsa bu, sizin üçün sürpriz oldu?

- Əlbəttə, sürpriz oldu. Az öncə saytınızda Xaqani Məmmədovun açıqlamasını oxudum. Onun da dediyi kimi, gözləyirdik. Ən azından, il ərzində qiymətlərim normal gəlmişdi. Görürdük ki, ikinci qrupdan bəzi hakimlərə şans verilir. Bizə də şans veriləcəyini təxmin edirdik. Bilirsiz ki, hazırda Orxan Məmmədovla birlikdə Xorvatiyadayam. Xorvatiya və San Marinonun 21 yaşadək futbolçulardan ibarət yığmalarının bu gün keçiriləcək görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcəm. Səhər tezdən Xaqani müəllim zəng etdi və şad xəbəri bizə dedi. Mənim üçün Avropa karyeramda ən vacib oyunlardan biri, növbəti kateqoriyaya keçmək mənasında tramplin olacaq.

 

- Avrokubokların qrup mərhələsinə təyinat alacağınız dəqiq olsa, Çempionlar Liqası, yoxsa Avropa Liqasında oyun idarə edəcəyiniz hələ bəlli deyil. Yəqin ki, könlünüzdən qitənin ən mötəbər klub turniri olan Çempionlar Liqasında idarəçilik etmək keçir...

- Təbii ki, Çempionlar Liqasında oyun idarə etməyi daha çox istərdim. Amma 99 faiz bilirəm ki, Avropa Liqasının qrup görüşünə təyinat alacam. Çünki ikinci kateqoriyadan olan hakimin birbaşa Çempionlar Liqasının qrup matçına təyinat alması bir az inandırıcı görünmür. Amma Avroliqanın qrup mərhələsində hakimlik etməyin özü də bizim üçün bir yenilikdi. Bu, mənim üçün hələ ki, pik nöqtə olacaq.

 

- Konkret olaraq, hansı oyunu idarə etmək istərdiz?

- Vallah, mənim üçün heç bir fərqi yoxdu. Əsas qrup mərhələsinin oyununa təyinat almaq idi.

 

- Bu təyinat üzərinizdəki məsuliyyəti bir qədər də artıracaq. Bundan sonra əvvəlkindən də diqqətli olmalısız...

- Tamamilə razıyam. Onsuz da, biz Avropaya gedəndə, 17, 19 və ya 21 yaşlıların görüşlərinə təyinat alanda, hər bir oyuna ən vacib matç kimi yanaşırıq. Təbii ki, bu cür turnirdə idarəçilik daha məsuliyyətli olacaq.

 

- Avrokubokların qrup mərhələsində idarəçilik edəcək ilk azərbaycanlı hakim olacaqsız. Bundan sonrakı hədəfləriniz nədən ibarətdi?

- Bundan sonra əsas hədəf o olacaq ki, birinci qrupa düşüm. Yəni ikinci kateqoriyadan birinci kateqoriyaya adlamağı nəzərdə tuturam. Onda Çempionlar Liqasının qrup mərhələsinə də təyinat ala bilərəm. Birinci qrupda hansı hakimi yoxlamaq istəyirlərsə, Çempionlar Liqasında ona şans verirlər. Bu, gələcəyin söhbətidi. Amma əsas məqsədim budu.

 

- Digər FİFA referilərimizdən də bu uğuru gözləməyə dəyərmi?

- Əlbəttə ki. Mən elə onu qeyd edəcəkdim. Bu uğur tək mənimlə bitmir. Daha 2 perspektiv vəd edən FİFA referimiz var. Hazırda onlardan heç olmasa biri ikinci kateqoriyaya keçməlidi ki, bu cür oyunlara təyinat alsın. Bunun yaxın gələcəkdə baş verəcəyinə inanıram. Onu da qeyd edim ki, avrokubokların qrup mərhələsinə təyinat almağım 2008-ci ildən başlanan işin nəticəsidi. Xaqani Məmmədov bizə şans verdi, biz də ondan istifadə etdik. Üzərimizdə çox işləyiblər, əməkləri çoxdu. Bizi bu səviyyəyə çatdırdıqlarına görə Xaqani Məmmədova və əziyyəti olan digərlərinə “çox sağ olun” deyirəm.

 

Tengiz MƏMMƏDOV

 

 

Xəbər lenti