21 Sentyabr 09:34 Elnur Cəfərov: “Neftçi” yeganə komandadı ki... - MÜSAHİBƏ
FUTBOL xəbərləri 21 Sentyabr 09:34
4068 baxış

Elnur Cəfərov: “Neftçi” yeganə komandadı ki... - MÜSAHİBƏ

Topaz Premyer Liqasının V turu çərçivəsində səfərdə “Neftçi” ilə heç-heçə (1:1) edən “Xəzər Lənkəran” klubunun hücumçusu Elnur Cəfərovun apasport.az saytına müsahibəsi

 

- Nəticə sizi qane etdimi?

- Biz Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Heç-heçəyə görə o qədər sevinmirəm. Mənim üçün hər zaman məğlub etmək istədiyim yeganə komanda “Neftçi”di. 10 nəfərlə qalmağımız işimizi çətinləşdirdi, müdafiəyə çəkildik. Ancaq birinci hissədə tam heyətlə oynadığımıza görə, rəqib qapısı qarşısında qol epizodu da yarada bildik.

 

- Qapınıza penalti təyin edildi, ikinci hissədə isə komanda yoldaşına qırmızı vərəqə göstərildi. Bunlar komandanı “sındırdı”mı?

- Hakimlərə iradımı çatdırmaq istəyirəm: “Rəvan”la oyunda da 2 qırmızı vərəqə göstərdilər. Bizi hər zaman sıxırlar. Bunu “Neftçi” ilə oyunda etməsinlər. Oyunu qaydalar çərçivəsində idarə etsinlər.

 

- Bir neçə epizodda matçın taleyini təkbaşına həll etməyə çalışdınız. Bu qələbə istəyindən irəli gəlirdi?

- Arzularımdan biri “Neftçi”yə qol vurmaqdı. Bu görüşdə bunu reallaşdırmaq istədim, amma alınmadı. İkinci hissədə bəlkə də edə bilərdim, sadəcə, 10 nəfərlə qalmağımız buna mane oldu, bütün planlarımız pozuldu.

 

- Həm heyət, həm də azlıqda qalmağınızı nəzərə alsaq heç-heçəni uğurlu saymaq olar?

- Əsas planımızı azlıqda qalmağımız pozdu. Çünki şərtlərdən asılı olmayaraq, bura qələbə qazanmağa gəlmişdik. Heyətdə gənclərin yer alması elə də fərq etmirdi. Çünki rəqibin heyətində də belə futbolçular var idi. Müqayisə etsək, bizdə daha çox idi. Oyuna görə komandamızı təbrik edirəm.

 

- Sona yaxın tamamilə müdafiəyə qapandınız. İrəli çıxmaq üçün gücünüz qalmamışdı, yoxsa heç-heçəni qoruyurdunuz?

- 10 nəfərlə qaldıqdan sonra baş məşqçinin tapşırığı idi. Dedi ki, müdafiəyə çəkilən və sürətli hücumlarla irəli atılaq. Ona görə belə alındı.

 

- Azarkeşlərinizin stadiona buraxılmamağı oyununuza təsir etdimi?

- Bizim üstünlüyümüz azarkeşlərimizin çoxluğundadı. Həm də bu cür oyunlarda maraqlı ab-havanı yaradan da onlardı. Azarkeşlərimizi stadiona buraxsaydılar, bizə dəstək olacaqdılar. Necə ki, onlar Lənkərandakı oyunlarda bizi dəstəkləyirlər, burda da edə bilərdilər. Amma onları stadiona buraxmırlar, bu da çox pis haldı.

 

Xəbər lenti