8 Sentyabr 23:00 Elnur Cəfərov: Təcrübə və səviyyə fərqi sözünü dedi - MÜSAHİBƏ
FUTBOL xəbərləri 8 Sentyabr 23:00
5279 baxış

Elnur Cəfərov: Təcrübə və səviyyə fərqi sözünü dedi - MÜSAHİBƏ

Avro-2017-nin seçmə qrup mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət yığmamız növbəti oyunda Almaniyaya uduzub. Böyükhesablı yenilgidən sonra millimizin yarımmüdafiəçisi Elnur Cəfərov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Böyükhesablı məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?

- Almaniya qrupun aşkar favoritidi. Bu komanda qatıldığı bütün yarışlarda birinci olmaq üçün mübarizə aparır. Buna görə də oyunun çətin keçəcəyini bilirdik. Rəqibin heyətində Bundesliqa təcrübəsi olan futbolçular az deyildi. Oyunda qırılma nöqtəsi ilk qol oldu. Oyuna pis başlamasaq da, başla vurulan qol vəziyyəti dəyişdi. Qırmızı vərəqə epizoduna qədər də mübarizəni davam etdirdik. Amma bu cür komandaya qarşı 10 nəfərlə mübarizə aparmaq çox çətindi.

 

- Necə düşünürsünüz, bir oyunda 3 penalti çox deyil?

- Penalti epizodları haqda bir söz deyə bilmərəm. Çünki hakimin haqlı olub-olmadığını təkrar videoyazıya baxdıqdan sonra biləcəyik. Bunun hamısı istəkli olmağımızdan irəli gəlirdi. Komanda olaraq oyuuna yaxşı köklənmişdik.

 

- Adil Nağıyevin ikinci sarı və qırmızı vərəqə aldığı epizod nə dərəcədə düzgün addım idi?

- Bunuun hamısı çox istəkli olmağımızdan irəli gəlirdi. Avstriyaya qarşı komanda zəif çıxış etmədi. İstədik bu dəfə fərqli oyun nümayiş etdirək. Motivasiyamız da əla idi. Amma təcrübə və səviyyə fərqi sözünü dedi.

 

- 10 nəfər qaldıqdan sonra komanda daha mübariz görünürdü…

- Qalan dəqiqələrdə Adil üçün oynadıq. Çalışdıq ki, onun səhvini oyunumuzla sığortalayaq. Amma hesab böyük oldu. Almaniyanın heyətində yer alan futbolçular bizdən çox üstün idilər. Təcrübələri də kifayət qədərdi. Biz əzmkarlıq hesabına nəsə etməyə çalışdıq.

 

- Oyunun taleyini ustalıq həll etdi?

- Hamısı hündürboy fuutbolçulardı. Elə ilk qolu başla vurmaları da bundan irəli gəlirdi. Həm də 10 nəfər qalmağımız təsirini göstərdi. Azlıqda qalmasaydıq, bəlkə də yaxşı nəticə qazana bilərdik.

 

- Yığmanın Malta səfərindən dərhal sonra U-21-ə qoşuldunuz. Yorğunluq var idi?

- Millinin heyətində məşqlərə qatıldıq, amma oyunda iştirak etmədik. Ona görə yorğun deyildik. Oyun zamanı sona 5 dəqiqə qalmış gücümüz tükəndi.