24 İyul 14:13 Elxan Məmmədov: "Qəbələ" niyə də qrup mərhələsində oynamasın?
FUTBOL xəbərləri 24 İyul 14:13
5946 baxış

Elxan Məmmədov: "Qəbələ" niyə də qrup mərhələsində oynamasın?

“Qəbələ” – “Çukariçki” oyununu izləyən AFFA-nın baş katibi Elxan Məmmədov daha sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə baş katib “İnter”dəki son duruma da aydınlıq gətirib.

 

- “Qəbələ” və “İnter” Avropa Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazandı. Bununla bağlı fikrinizi bilmək maraqlı olardı…

- Əlbəttə, sevindirici haldı ki, “Qəbələ” və “İnter” gözəl nəticəyə imza atdılar. Ümüd edirəm ki, növbəti mərhələdə də azarkeşləri sevindirəcəklər. Adətən komanda oyundan-oyuna daha yaxşı forma yığır. Ötən mövsüm "Qarabağ"da bunu gördük. Ümid edək ki, "Qəbələ" də növbəti mərhələlərdə bundan da artığını edəcək, azarkeşləri, futbol ictimaiyyətini sevindirəcək. "Qəbələ" niyə də qrup mərhələsində oynamasın?

 

- "İnter"in İslandiyaya yollanmasına AFFA maddi yardım etmişdi. Komandanın növbəti səfərini də federasiya maliyyələşdirəcək?

- "İnter"ə Azərbaycan Beynəlxalq Bankı sponsorluq edir. Yəqin ki, belə də davam edəcək. Mən eşitməmişəm ki, bank klubdan imtina etsin.

 

- Amma bankın rəhbərliyində də dəyişiklik olub. Cahangir Hacıyevin əvəzinə Elmar Məmmədov seçilib. Bu dəyişiklikdən nə isə gözləmək olar?

- Hər halda, "İnter"ə sponsorluq edən bankın özü yox, rəhbəri dəyişib. Sponsorluq müqaviləsi isə davam edir.

 

- Gəlin, konkretləşdirək: "İnter" Azərbaycan Beynəlxalq Bankının himayəsindədi, yoxsa Cahangir Hacıyevin?

- Bu kluba hər zaman Azərbaycan Beynəlxalq Bankı sponsorluq edib. Lisenziyaya uyğun olaraq, rəsmi sponsor məhz bu bankdı.

 

- Amma klub prezidenti Georgi Nikolov açıqlamalarında "İnter"lə bağlı Cahangir Hacıyevlə tez-tez görüşdüyünü bildirir...

- Bunu Nikolovun özündən soruşun. Mən onun əvəzinə nə isə deyə bilmərəm. Bəli, biz "İnter"ə köməklik etmişik. Klubda maliyyə problemləri var idi. "İnter" bizə müraciət etdi. Onsuz da bilirik ki, UEFA-dan komandanın Avropa Liqasındakı çıxışı ilə əlaqədar ilin sonunadək müvafiq məbləğ köçürüləcək. Ona görə də AFFA rəhbərliyi qərar qəbul edib ki, problemi uzatmayaq. Komanda üçün çarter reysi təşkil etdik, İslandiyaya gedib-qayıtdılar. UEFA-dan pul gələndə ödədiyimiz məbləği götürərək, qalanını "İnter"in hesabına köçürəcəyik.

 

-  Deməli, "Atletik"lə səfər oyununa xərcləri də AFFA ödəyəcək?

- Hələ bu məsələ danışılmayıb. Əvvəlki mərhələdə hər şey tez baş verdi. "İnter" səfərə 2 gün qalmış müraciət etdi. Maliyyə problemlərinin olduğunu bildirərək, səfər üçün vəsait ayrılmasını xahiş etdi. AFFA rəhbərliyi də müvafiq köməklik göstərilməsi ilə bağlı göstəriş verdi. Növbəti mərhələ üçün səfər məsələsinə isə hələlik aydınlıq gəlməyib.

 

- AFFA "İnter"dəki vəziyyətin düzəlməsi üçün hansı addım atmaq niyyətindədi?

- AFFA hər zaman klubları düşünür. Hazırda ciddi problemlər var. Biz də çalışacağıq ki, bu problemi birdəfəlik, uzunmüddətli aradan qaldıraq. Hər şeyin qaydasında olacağına ümid edirəm.

 

- "Simurq" niyə fəaliyyətini dayandırdı?

- Bunu klubdan soruşun. Düzdü, AFFA prezidenti Rövnəq Abdullayev "Simurq"un mübarizəni dayandırmayacağını demişdi. Çünki klub rəhbərliyi bizə eyni sözləri deyirdi. Lakin Peşəkar Futbol Liqasına məktub yazıblar ki, Premyer Liqada iştirak edə bilməyəcəyik. Əlbəttə, biz istərdik ki, "Simurq" fəaliyyətini dayandırmasın, çıxışını davam etdirsin. Təəssüf ki, bu, baş vermədi.

Xəbər lenti