14 İyul 17:11 Fariz Nəcəfov: UEFA-nın cavabını gözləyirik
FUTBOL xəbərləri 14 İyul 17:11
4088 baxış

Fariz Nəcəfov: UEFA-nın cavabını gözləyirik

“Çukariçki” ilə oyunun Bakıda keçiriləcəyi hələ dəqiqləşməyib. UEFA-nın cavabını gözləyirik. Bu gün ərzində cavab gəlməlidi”. Bunu apasport.az saytına “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Klub rəsmisi matçın Qəbələdə keçirilməyəcəyini açıqlasa da, bunun “Dinamo” (Tiflis) ilə görüşə görə, UEFA tərəfindən tətbiq oluna biləcək hər hansı cəza ilə bağlı olmadığını qeyd edib.

 

Nəcəfov bildirib ki, matçın Bakıda keçirilməsində özləri maraqlıdı: “Qəbələ stadionundakı bəzi oturacaqlara görə UEFA bizə irad tutub. Amma bu o demək deyil ki, orda oyun keçirmək olmaz. Olar, sadəcə həmin oturacaqlardan istifadə olunmamalıdı. Belə olan halda isə, stadiona təxminən min nəfər az azarkeş gəlməlidi. Biz istəmirik ki, komandamızı az azarkeş dəstəkləsin. Buna görə də, Serbiya klubu ilə matçın Bakıda keçirilməsini özümüz istəyirik”.

 

“Qəbələ” rəsmisi “Çukariçki” ilə matçın Bakıda keçirilməsi ilə bağlı qarşı tərəflə razılığa gəldiklərini vurğulayıb: “Bununla bağlı “Çukariçki” klubuna məktub göndərmişik və onların razılığını almışıq. Matçın “Baksell Arena”da baş tutmasının tərəfdarıyıq. Həm öz məktubumuzu, həm də serblərin razılıq məktubunu AFFA-ya ünvanlamışıq. Onlar isə məktubları UEFA-ya göndəriblər. Hazırda Avropanın ali futbol qurumundan cavab gözləyirik. Buna əsasən, “Çukariçki” ilə matçın Bakıda keçirilib-keçirilməyəcəyinə aydınlıq gələcək”.

 

Əgər “Qəbələ”nin “Çukariçki”ni Bakıda qəbul etməsinə razılıq verilsə, paytaxtda eyni gündə 2 komandamız Avrokubok matçına çıxmalı olacaq. Çünki “İnter” də ayın 23-də “Hafnafyordur”la qarşılaşacaq. UEFA reqlamentinə əsasən, bir gündə eyni şəhərdə 2 matç baş tuta bilməz. Lakin burda bəzi istisnalar var.

 

Nəcəfov söhbət əsnasında bu məsələyə də toxunub: “Bəli, UEFA-nın reqlamentində belə bir maddə var. Amma orda göstərilir ki, əgər klub və ölkənin federasiyası təhlükəsizliklə bağlı zəmanət versə, bir şəhərdə 2 oyun keçirilə bilər. Son qərarı UEFA verəcək. Uzaqbaşı bizim oyunun vaxtı dəyişdirilə bilər. UEFA-nın cavabından sonra buna aydınlıq gələcək”.     

 

Tengiz MƏMMƏDOV

Xəbər lenti