14 Oktyabr 16:32 “Futbolçular az hərəkət edirdilər”  -  Rəşad Sadiqov
FUTBOL xəbərləri 14 Oktyabr 16:32
5170 baxış

“Futbolçular az hərəkət edirdilər” - Rəşad Sadiqov

“Qəbələ” klubunun və yığmamızın yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

 

- AVRO-2016-nın seçmə mərhələsi başa çatdı. Yığmamızın qrup mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?

- Milli Robert Prosineçkinin rəhbərliyi altında pis nəticələr qazanmadı. O, yığmaya seçmə mərhələsinin ilk 4 oyunundan sonra təyinat aldı. Məncə, elə seçmə mərhələyə onunla başlasaydıq, xal ehtiyatımız və turnir cədvəlindəki mövqeyimiz daha yaxşı olardı. Düzdü, son 2 oyunda xal qazana bilmədik. Amma əvvəlki 4 matçda məğlub olmadıq. Bolqarıstanla qarşılaşmanı çıxmaq şərti ilə qalan oyunları yaxşı keçirdik. Son matçda isə zəif təsir bağışladıq. Ümumi götürdükdə, Prosineçkinin rəhbərliyi altında çıxışımız pis alınmadı.

 

- Son görüşdə meydana çıxmasanız da, yığanın düşərgəsində idiniz. Baş məşqçi də etiraf etdi ki, komandamız ən zəif oyununu keçirdi. Səbəbini izah edə bilərsiniz?

- İtaliya ilə oyundan sonra komanda özünə gələ bilmədi. Səbəbi müxtəlif ola bilər. Bu, daha çox yorğunluqla bağlıdı.

 

- Bəzən nəyisə çox istəyəndə özünü “yandırır”san. Bəlkə qələbə istəyinin həddən artıq çox olması futbolçularda müəyyən mənada təzyiq yaratdı?

- İnanmıram. Qələbə istəyi hər oyunda olmalıdı. Meydana çıxanda 3 xal üçün “yanmaq” lazımdı. Kənardan da gördük ki, futbolçular az hərəkət edirdi. Bu da yorğunluqdan irəli gəlirdi. İtaliya kimi komanda ilə qarşılaşmaq, meydançanın yumşaq olması təsirini göstərdi. İki gün ərzində növbəti oyuna tam hazır ola bilmədik.

 

- Seçmə mərhələyə uğursuz başlamağınızın səbəbi nədə idi? Prosineçki gələndən də həmin futbolçularla işləyir...

- Hər bir baş məşqçinin öz fəlsəfəsi, taktiki seçimi var. Berti Foqtsla Prosineçkinin tələbləri tamam fərqlidi.

 

- Bu seçmə mərhələnin analizləri növbəti rəsmi oyunlar üçün nələr vəd edir?

- Növbəti seçmə mərhələdə daha yaxşı oynamaq olar. Komandada özünəinam yaranıb. Bundan pis çıxış edəcəyimizə inanmıram. Dörd oyun uduzmamaq zəif göstərici deyil. Komandanın hazırkı durumu gələcəyə nikbin baxmağa əsas verir.

 

- Şənbə günü Premyer Liqada “Neftçi” ilə qarşılaşacaqsız. Bu oyunla bağlı nə düşünürsüz?

- Hələ komandaya qoşulmamışam. Ona görə də düşərgədəki vəziyyətdən xəbərim yoxdu. Bildiyim odur ki, komanda Qəbələdədi və ciddi hazırlaşır. “Neftçi” ciddi rəqibdi, var gücümüzlə oynayacağıq.

 

- “Neftçi” cari mövsümdə qeyri-sabit oyun və nəticələrlə yadda qalır. Bu “Qəbələ”yə əlavə üstünlük yaradırmı?

- Qeyri-sabit oynasalar da, bizi doğma meydanda qəbul edəcəklər. “Qəbələ” isə hələ iki cəbhədə mübarizə aparır. Avropa Liqası ilə çempionat oyunları fərqli olur. Bir azdan kubok oyunları da başlayacaq. Baş məşqçimiz komandanı oyunlara yaxşı kökləyir.

 

- İstər-istəməz müəyyən müddətdən sonra iki cəbhədən biri kölgədə qalır. “Qəbələ” hansına üstünlük verir və ya verəcək?

- Geniş heyətimiz var. 24-25 futbolçunun hər biri istənilən an əsas heyətdə meydana çıxacaq gücdədi. Ölkə kubokunun oyunları başladıqdan sonra həm burda, həm də çempionatda qalib olmaq üçün yarışacağıq. Avropa Liqasında da əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.

 

- “Neftçi” ilə oyundan sonra Dortmund “Borussiya”sı ilə qarşılaşacaqsınız. Ola bilərmi, almanlarla matçı düşünüb paytaxt təmsilçisi ilə görüşdə bir qədər gücünüzü qoruyasınız?

- Niyə ki? Çempionat oyunundan sonra avrokuboka köklənmək üçün 4-5 gün vaxtımız olacaq. “Borussiya” haqda “Neftçi”dən sonra düşünəcəyik.

 

- Çempionatdakı komandaların zəifləməsi məqsədinizə çatmaq baxımından “Qəbələ”nin işinə yarıyacaqmı?

- Elə deməzdim. Rəqabət olan yerdə işlər daha yaxşı gedir. Məqsədimizə çatmaq baxımından, bəlkə də hə, işimizə yarıyır. Amma “Qəbələ”nin heyəti də güclüdü. Çempionatın zəifləməsi sonra problemlər yaradır. Çünki avrokuboklarda bunun əziyyətini çəkirsən. Ona görə güclü çempionat bütün klublarımızın xeyrinədi.

 

- Avropa Liqasının qrupunda şanslarınız necədi?

- Bütün komandaların şansları var. Hər biri bir-birinə yaxındı. 1-2 xal fərqimiz var. Bir qələbə bizi ikinci pilləyə yüksəldə bilər. Qrupdan çıxmaq üçün mümkün qədər mübarizə aparacağıq.

 

Xəbər lenti