8 Avqust 09:34 “Futbolçularım derbi həyacanını tam hiss etmirlər” – Şahin Diniyev
FUTBOL xəbərləri 8 Avqust 09:34
521 baxış

“Futbolçularım derbi həyacanını tam hiss etmirlər” – Şahin Diniyev

“Futbolçular çempionata normal qaydada hazırlaşıblar. Ona görə də ilk turda “Neftçi” ilə qarşılaşmağımız bizi qorxutmur. Onsuz da, çempionatda bütün rəqiblərlə oynamalıyıq. Gəncə azarkeşlərinə əvvəlki derbilərin ab-havasını yaşatmağa çalışacağıq”. Apasport.az saytının “Kəpəz”in mətbuat xidmətinə istinadən məlumatına görə, bunu Gəncə klubunun baş məşqçisi Şahin Diniyev deyib.

 

Yenidən Topaz Premyer Liqasında iştirak etmək hüququ qazanan “Kəpəz” 2015/16 mövsümünün açılış turunda “Neftçi” ilə qarşılaşacaq. Əzəli rəqiblərin dueli haqda danışan Diniyev rəqibdən çəkinmədiklərini bildirib: “Paytaxt təmsilçisinin böyük tarixi var. Komplektləşmiş heyətə malikdilər, Avropa Liqasında çıxış ediblər. “Kəpəz”in isə yenidən qurulduğunu nəzərə alaraq bizi çətin oyunun gözlədiyini demək mümkündü. Proqnoz verməyi sevmirəm, amma futbolçularımızın meydançada dizlərinin əsməyəcəyini söyləyə bilərəm. Nə gücləri var, onu oyunda qoyacaqlar. Fanatlar üçün maraqlı görüş olacaq”.

 

“Kəpəz”lə “Neftçi” arasındakı tarixi rəqabətdən də söz açan mütəxəssis oyunçuların bunu hələ tam dərk etmədiklərini söyləyib: “Səmimi olaraq deyim ki, yeni yığılmış komanda olduğumuzdan və uşaqlar ayrı-ayrı klublardan gəldiyindən, derbinin həyacanını tam hiss etmirlər. Ajiotaj yaratmaq lazım deyil, oyunçular zamanla bunu başa düşəcəklər. Azarkeşlərin oyuna marağı istər-istəməz əvvəlki derbiləri xatırlatmağa başlayıb. Mənə elə gəlir ki, həm “Kəpəz”, həm də “Neftçi” futbolçuları maraqlı, gərgin oyunla, qollarla derbi ab-havasını qaytaracaqlar”.

 

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər lenti