3 Sentyabr 23:48 "Futbolu futbolçular oynayır, Prosineçki yox" - Luka Modriç
FUTBOL xəbərləri 3 Sentyabr 23:48
7686 baxış

"Futbolu futbolçular oynayır, Prosineçki yox" - Luka Modriç

Millimizlə oyundan (0:0) sonra Xorvatiya yığmasının ulduz futbolçusu Luka Modriç azərbaycanlı jurnalistlərə müsahibə verib. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə Madrid "Real"ının yarımmüdafiəçi yığmamız haqda xoş sözlər səsləndirib.

 

- Matçla və qeydə alınan nəticə ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Çox saylı qol imkanlarını boşa verdik. Sonda bu amil həlledici oldu. Edə biləcəyimiz bir şey yoxdu. Səhvlərimizə baxıb nəticə çıxarmalıyıq.

 

- Bəlkə gücünüzü 3 gün sonra Norveçlə keçiriləcək oyuna saxlamışdız?

- Qətiyyən. Mən o barədə, ümumiyyətlə, fikirləşmirəm. Bu oyuna çıxmışdıqsa, 3 xalı düşünürdük. Bakıda qələbə qazanmalıydıq ki, Norveçlə oyuna daha rahat çıxaq. Amma bu nəticədən sonra təbii ki, komandada psixoloji gərginlik olacaq.

 

- Azərbaycan yığması barədə nə deyə bilərsiz?

- Heç-heçəyə görə Azərbaycan millisinin də əməyini qiymətləndirmək lazımdı. Müdafiədə çox etibarlı oynadılar. Bizimlə layiqli mübarizə apardılar və lazım olan 1 xalı qazandılar.

 

- Azərbaycan millisinin heyətində hansı oyunçunu bəyəndiz?

- Hansısa futbolçunun adını çəkə bilmərəm. Çünki yığmanız komanda şəklində yaxşı oynadı.

 

- Xal itirməyiniz Robert Prosineçkinin Xorvatiya yığmasını yaxşı tanıması ilə bağlı ola bilərmi?

- Düzdü, Prosineçki yaxşı, sistemli komanda qurub. Amma mən fikirləşirəm ki, futbolu futbolçular oynayır, Prosineçki yox.

 

- Əvəzlənməyiniz zədə ilə bağlı oldu, ya necə?

- Xeyr, zədə almamışam. Bu, baş məşqçinin qərarı idi.