28 Oktyabr 13:39 “Gənc olsaydım, daha çox təsirlənərdim” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 28 Oktyabr 13:39
1423 baxış

“Gənc olsaydım, daha çox təsirlənərdim” - MÜSAHİBƏ

“Qarabağ” klubunun türkiyəli futbolçusu Devran Ayhanın apasport.az saytına müsahibəsi

- Azərbaycanda ilk klubunuz “Xəzər Lənkəran” olub. Amma bu komandada 2 il oynadıqdan sonra heyətdən kənarlaşdırıldınız və yayda “Qarabağ”a keçdiniz. Keçmiş komandanızla oyun öncəsi düşüncələriniz maraqlıdır...
- Türkiyədə də bir sıra klublara transfer olunduqdan sonra keçmiş komandalarıma qarşı oynamışam. Təbii ki, vaxtilə bir yerdə oynadığın futbolçulara qarşı indi rəqib olmalısan. Bir tərəfdən gözəl hisslər keçirir, digər tərəfdən həyəcanlı olursan. Ancaq bu gözəl bir həyəcandır. Hər halda, biz peşəkarıq. “Qarabağ”ın futbolçusuyam və bu komandanın uğurları üçün əlimdən gələni edəcəyəm. Təbii ki, hər 2 komanda üçün çətin oyun olacaq. Məncə, bu, nəticəsi bəlli olmayan oyunlardan biridir. Öz komandama güvənirəm. Hər kəsin də hazırlıq vəziyyəti yerindədir. İnşallah, bunu meydanda göstərərik. Gözəl nəticə ilə ayrılmaq istəyirik. Əslində, görüş Lənkəranda keçirilsəydi, çox maraqla gözləyirdim. Lənkəranlı azarkeşlərin mənə göstərəcəyi reaksiyanı hiss etmək istərdim. Çünki orada 2 ilim çox gözəl keçdi. Sonda ayrılmaq zorunda qaldıq. Hər halda, ümid edirəm ki, Lənkəranda gözəl qarşılanaram.

- Sabiq komandalarına qarşı oynadığınız zaman hansısa prinsipiallıq olurmu? Ürəyinizdən özünü sübut etmək, əvəz çıxmaq hissləri keçirmi?
- Bu, yaşla bağlı amildir. Gənc olsaydım, daha çox həyəcanlanar, daha təsirlənərdim. Əvvəllər 2-3 dəfə keçmiş komandalarımla görüşdüyümdən, artıq təcrübə sahibiyəm. Bu üzdən indi sadəcə, çox şad oluram. Təbii ki, yaşlı futbolçu olsaq da, həyəcan qalır. Ancaq təcrübəmizi, peşəkarlığımızı artırmışıq.

- Ayrıldıqdan sonra “Xəzər Lənkəran”la əlaqələriniz var?
- Keçmiş komanda yoldaşlarımla mütəmadi telefonla danışıram. “Xəzər Lənkəran”da daha çox legioner var. Sadəcə, azərbaycanlı dostlarımla ünsiyyətim oluram. “Qarabağ”da isə vəziyyət tərsinədir. Çünki heyət daha çox azərbaycanlılardan qurulub. “Xəzər Lənkəran”la futbolçu, tərəfdar, azarkeş anlamımda heç bir problemim yoxdur. Ancaq təbii ki, bəzi insanlarla incikliyim vardı. Bu, ayrı məsələ.

- Konkret kimlərə?
- Ad çəkmək doğru olmazdı. Ancaq onların mənə qarşı münasibətinə üzüldüm. Çünki 2 ildə “Xəzər Lənkəran” üçün hər şeyimi verdim. Heç bir oyuna barmaqarası baxmadım, canımı dişimə sıxdım, mübarizə apardım. Başımı aşağı salıb gəzən insanam, heç kimlə işim yoxdur. Bütün tərəfdarlar da 2 ildə bunu gördü. Ancaq sonda komandadan uzaqlaşdırıldım. Allah bir qapını bağlayanda, o birini açır.

- Üzləşdiyiniz münasibət, baş məşqçinin sizi kənarlaşdırılması, inciklik motivasiyanızı artırırmı?
- Motivasiyam hər zaman yerindədir. “Qarabağ”da 3 oyundur çıxış edirəm. İndiki hazırlıq səviyyəmi yaxşı görürəm. Meydana çıxdığım görüşlərdə bunu göstərdim. “Qarabağ” Azərbaycan üçün önəmli klubdur. Komandamızın mövsümü yüksək yerlərə bitirəcəyini düşünürəm.

- Ancaq “Qarabağ”da mövqeyinizdə rəqabət güclü olduğundan, heyətə düşmək çətindir. Gəldiyiniz zaman heyətə, hətta “18-liy”ə düşmürdünüz. Samir Abasov yığmamızdan zədəli gəldiyindən, hələ də oynamır və sizə oynamaq üçün şans yaranıb...
- Baş məşqçi tam hazır olmadığım üçün məni oynatmırdı. Biz bununla bağlı danışırdıq. Hazır olduğum zaman oynadacaqdı, elə də oldu. Mənə əsas heyətdə yer almaq üçün imkan yarandı. Rəqabətin özü komanda üçün yaxşıdır, uğura gətirir. Mən Türkiyədə kimlərlə rəqabət aparmışam... Burdakı futbolçularda da heyətə düşmək uğrunda rəqabət apararam.

- “Xəzər Lənkəran”dan gedəndən sonra komanda kənardan sizə necə görünür?
- Şəxsi fikrimi söyləyirəm ki, yaxşı futbolçuları var. Ancaq indiki heyətdə futbolçuların yarısını hazırkı baş məşqçi gətirib. Onların çoxunu tanımıram.

- “Xəzər Lənkəran”dan yaxşı tanıdığınız qapıçı Kamran Ağayevin cəzası bitərək, sıraya dönüb. Bu, keçmiş komandanız üçün üstünlükdür, sizin üçün qol vurmaq baxımından çətindir...
- Kamranı yaxşı tanıyıram, 2 il onunla komanda yoldaşı olduq. O, istedadlı qapıçıdır. Təbii ki, oynaması “Xəzər Lənkəran” üçün üstünlükdür. Açıq danışmaq lazımdır. Ancaq Ağayev olmasa belə, digər qapıçı qol buraxmamaq üçün hər şey edəcəkdi. Komanda rəqib önünə 11 futbolçu ilə çıxır.

- Kimin qalib gəlmək şansını yüksək qiymətləndirirsiniz?
- Mən qalibiyyətdən başqa bir şey düşünmürəm. Komandam səviyyəlidir, oyunumuzu ortaya qoysaq, mütləq udacağımızı düşünürəm. Fikrimcə, gözəl bir oyun olacaq. İnşallah, layiq olan qələbə qazanar. Biz “Xəzər Lənkəran”a qalib gəlməyi çox istəyirik. Bütün hədəfimiz budur.

Mehman SÜLEYMANOV

Xəbər lenti