1 Avqust 12:55 Gəncə şəhər stadionunda hazırlıqlara start verildi
FUTBOL xəbərləri 1 Avqust 12:55
908 baxış

Gəncə şəhər stadionunda hazırlıqlara start verildi

Gəncə şəhər stadionunda son 3-4 gündə təmizlik işləri aparılır. Apasport.az saytının məlumatına görə, tribunalarda sıradan çıxmış plastik oturacaqlar sökülür, yay mövsümünə uyğun olaraq stadionun ərazisində alaq otları biçilir, yaşıllıqlar suvarılır.

 

“Kəpəz”in Müşahidə Şurasının qərarına əsasən, komandanın ev oyunlarının məhz bu arenada keçirilməsi nəzərdə tutulur və Gəncə şəhər rəhbərliyi də bu işdə kluba yaxından dəstək verir.

 

İdman qurğusunda görülən işlərə rəhbərlik edən iş icraçısı Xəqani Səfərov klubun mətbuat xidmətinə açıqlamasında bildirib ki, stadion uzun illər baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşüb: “Şəhər rəhbərliyi tərəfindən ərazinin abadlaşdırılması üçün müvafiq tapşırıqlar verilib. Gecəli-gündüzlü bu işlərlə məşğuluq, iməcilik keçiririk. Şəhər ictimaiyyəti aparılan işlərdə fəallıq göstərir. Gəncə şəhər stadionu əvvəllər ölkənin sayılıb-seçilən ikinci arenası olub. Hər bir gəncəlinin arzusu “Kəpəz”in tezliklə ayaqüstə qalxması və azarkeşləri qələbələrlə sevindirməsidi. Şəhər stadionu yenidən qurulacaq, tamaşaçılar sevimli komandamızın davamlı uğurlarına buradan şahidlik edəcəklər”.

 

Qeyd edək ki, 25 000 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunun yarım əsrlik tarixi var. Ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilən arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb.

Xəbər lenti