22 Aprel 15:21 "Hakim tələsik qərar verməsəydi..." - MÜSAHİBƏ
FUTBOL xəbərləri 22 Aprel 15:21
415 baxış

"Hakim tələsik qərar verməsəydi..." - MÜSAHİBƏ

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “Simurq” cavab qarşılaşmasında Zaqatalada qolsuz bərabərə qalınca, finala çıxmaq şansını itirdi. “Simurq”un yarəmmüdafiəçisi Samir Zərgərov apasport.az saytına müsahibəsində dünənki matçı dəyərləndirməklə yanaşı, komanda daxilindəki problemlərdən danışıb.

 

- Öncə dünənki oyunla bağlı fikirlərinizi bildirərdiniz...

- Bu, bizim Avrokuboka düşmək üçün son şansımız idi. Məncə, bu dəfə Bakıdakından ikiqat yaxşı oynadıq. İlk matçda yaratdığımız qol vəziyyətlərindən birindən yararlana bilsəydik, indi finalda idik. “Qarabağ” da Azərbaycanın ən güclü komandarından biridi. Onlara qarşı oynamaq çox çətindi. Amma hamı bu fikri bildirdi ki, biz onlardan yaxşı çıxış etdik.

 

- “Simurq”un finala çıxmasına nə mane oldu?

- Sadəcə, bir qol çatmadı ki, finala vəsiqə qazanaq. Hər iki görüşü yaxşı keçirdik, qol imkanları yaratdıq. Amma həlledici qol gəlmədi. Düzdü, bir qol vurduq, amma o da sayılmadı.

 

- Həmin epizodda, həqiqətən də, oyundankənar vəziyyət var idimi?

- Düzdü, həmin anda hakimə etiraz etdik. Amma sonradan baxdım ki, doğrudan da, mən ofsaydda olmuşam. Topa hərəkət etdiyim üçün yan xətt hakimi bayrağını qaldırıb. Amma fikrimcə, hakim fiti çalmaqda tələsdi. Çünki top məndən keçdi, ofsaydda olmayan Çeranın önünə düşdü. Hakim tələsik qərar verməsəydi, bəlkə də, qolu qeydə alacaqdı. Ancaq finala çıxmadığımız üçün hakimi günahlandırmıram. O, oyunu normal idarə etdi. Hər şeydə hakimi günahlandırsaq, “Qarabağ”ın qələbəsinə kölgə salmış olarıq.

 

- Matçdan sonrakı qalmaqalın səbəbi nə idi?

- Həmin qol epizodu ilə bağlı etirazlar oldu. Elə ciddi bir şey olmadı.

 

- Bundan sonra “Simurq”dan nə gözləmək olar?

- Qalan görüşlərin hamısında maksimum nəticə göstərməli və rəqiblərin büdrəməsini gözləməliyik. Yəni işimiz möcüzəyə qalıb.

 

- Bu möcüzənin həyata keçəcəyinə inanırsınız?

- Futbolda hər şey mümkündü. Amma demək olar ki, Avrokuboka düşmək şansımız qalmayıb.

 

- Finişə çox az qalmış bu qədər geriyə düşmək təcrübəsizlikdən irəli gəlir?

- Əslində son 3 tura qədər işlər yolunda gedirdi. Amma “Neftçi”, “Qəbələ” və “Qarabağ”a məğlubiyyət bizi geri atdı. Çempionatda ən çox qol vuran komandalardan biriyik. Sadəcə, son 3 məğlubiyyət vəziyyəti bu həddə gətirdi.

 

- Komandanın gələcək aqibətinin qeyri-müəyyən olmasının və son iki ayın maaşlarının verilməməsinin nəticəyə nə kimi təsiri oldu?

- Bu problemlər çıxandan bəri çalışırıq ki, onu içimizdə boğaq, hiss etdirməyək. Meydançaya ayaq basanda beynimizdən bunları çıxarmağa çalışırıq. Belə hallar təkcə “İnter”in və ya “Simurq”un başına gəlməyib. Amma istər-istəməz bunların mənfi təsiri olur. Komandanın taleyi qeyri-müəyyən olduğundan, psixoloji gərginlik olur.

 

Ruslan SADIQOV

Xəbər lenti