18 Sentyabr 23:33 "Heç kəs ailəmə yemək verməyəcək" - MÜSAHİBƏ
FUTBOL xəbərləri 18 Sentyabr 23:33
6993 baxış

"Heç kəs ailəmə yemək verməyəcək" - MÜSAHİBƏ

“Qəbələ”nin ukraynalı müdafiəçisi Vitali Vernidub ölkəsinin mətbuatına geniş müsahibə verib. Azərbaycandakı çıxışından bəhs edən futbolçu kluba keçməsindən və baş məşqçi ilə münasibətlərindən danışıb. Apasport.az saytı həmin müsahibəni ixtisarla təqdim edir.

 

- İlk dəfədi ki, ölkə xaricində çıxış edirsiniz. Alışa bilmisinizmi?

- Yavaş-yavaş alışıram. Azərbaycan xüsusi koloritləri olan spesifik ölkədi. Ailəmi gətirəndən sonra daha yaxşı olacaq. Hələ ki, tək yaşayıram və bu, bir az darıxıdırıcıdı.

 

- Bakıda yaşayırsınız?

- Xeyr Qəbələdə. Ancaq Avrokubok oyunları zamanı və Bakı komandaları ilə oynayanda 7-10 günlük Bakıya gedirik. İki şəhər arasında 3 saatdan bir az artıq vaxtlıq məsafə var.

 

- Qəbələdə necə, rahatsınız?

- Kiçik şəhərdi. Nəzərə alsaq ki, bura şəhəri bəyənməyə yox, işləməyə gəlmişəm, deməli məni hər şey qane edir. Üstəlik burda futbol üçün əla şərait və infrastruktur var.

 

- Hamı Qəbələdəki şəraitdən danışır. Nədi oranın fərqi?

- Birincisi, qaldığımız otel. Möhtəşəm və çox rahatdı. İkincisi, məşq meydançaları. Mən heç vaxt bu cür keyfiyyətli oyun sahəsi görməmişəm. Burada qazona ingilis mütəxəssislər nəzarət edirlər. Üçüncüsü trenajor zalı, hovuz. Bir sözlə inkişaf etmək üçün hər şey var.

 

- “Qəbələ”yə keçidin necə alındı?

- Mənim həmişə ən böyük arzum Ukraynanın top klublarında oynamaq olub. Ancaq artıq 28 yaşım var, dənizdə havanın düzəlməsini gözləyəcək vaxtım yoxdu. Klubdan “Zarya”ya konkret təklif gəldi. Mən də qəbul etdim. Bunda “Qəbələ”də oynayan ukraynalı futbolçuların və ən əsası Roman İosifoviç faktorunun böyük rolu oldu. Onunla birlikdə işləmişik və çox yaxşı anlaşırıq.

 

Bir digər faktor isə təbii ki, işin maddi tərəfidi. Özümüzdən yeni Amerika kəşf etməyə gərək yoxdu. Bilirik ki, bu baxımdan Ukraynada indi vəziyyət çox pisdi. Çox adam məni pulgirlikdə ittiham edir, ancaq mənim ailəm qarşısında məsuliyyətim var. Mətbuatda oxuyuram, internetdə görürəm ki, insanlar mənim seçimimi tənqid edirlər. Ancaq heç kəs mənim oğluma və həyat yoldaşıma yemək verməyəcək. Həm də artıq komanda UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Deməli, səhv qərar verməmişəm.

 

- Qriqorçuk faktoru əsas rol oynadı dediniz. O, “Çernomorets”də işləyəndə də yanına çağırmışdımı sizi?

- Birinci liqaya təzə çıxanda maraqlanmışdılar, ancaq klublar razılığa gələ bilməmişdilər.

 

- Yekun olaraq “Qəbələ”yə keçidinizdə əsas motivasiya nə oldu?

- Daha yaxşı yetişmək və inkişaf etmək. Deyirlər ki, Azərbaycana karyerasını bitirənlər gedirlər. İstəyirəm ki əksini sübut edim. Həm də özümü isbat edim.

 

- Kirill Kovalçuk milli komandanın baş məşqçisi Mixail Fomenkonun nəzərindən kənarda qalmamaq üçün xaricdən gələn təkliflərdən imtina etdi. Siz də artıq millidə debüt etməyə imkan tapmısınız. Düşünmürsünüzmü ki, Azərbaycanda oynayaraq diqqətdən kənarda qala bilərsiniz?

- Əgər “Qəbələ” göz önündə olsa, mən də yaxşı formada olsam, çağıracaqlar. Üstəlik, klubum Avroliqada qrupda oynayır. Millinin baş məşqçisi Azərbaycan birinciliyini izləyə bilməsə də, Avropa Liqasını dəqiq izləyəcək. Heç bir problem görmürəm.

 

- Əvvəl deyirdilər ki, bir komandada 3 braziliyalı olsa karnaval olar. İndi “Qəbələ”də 4 ukraynalı futbolçu və bir baş məşqçi var. Ukaryana karnavalı yaratmısınız?

- Xeyr. Biz hər kəslə ünsiyyət quran adamlarıq. Ortaq dil tapa bilirik.

 

- Dil məsələsinə gəlincə, çətinlik çəkirsinizmi? Azərbaycan dilini öyrənməyə məcbur deyilsiniz ki?

- Xeyr. Azərbaycanda demək olar ki, hamı rusca danışa bilir. Yaşlı nəsil daha yaxşı, gənclər isə bir az zəif danışsa da, hər halda anlaşırıq.

 

- Atanız sizi “Zarya”dan asanlıqla buraxdı?

- Xeyr, əlbəttə ki. O, bir ata kimi də, məşqçi kimi də məni yanında görmək istəyirdi. Ancaq atamla oturduq və fikirləşdik ki, mənim transferim ən yaxşı variant olacaq.

Xəbər lenti