5 Oktyabr 23:00 “Hesab 10:0 olsa da, ləzzət almayacaqdım” – Fariz Nəcəfov
FUTBOL xəbərləri 5 Oktyabr 23:00
5148 baxış

“Hesab 10:0 olsa da, ləzzət almayacaqdım” – Fariz Nəcəfov

Topaz Premyer Liqasının VII turunda “Xəzər Lənkəran” üzərində 6:0 hesablı qələbə qazanan “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

 

- 6:0 hesablı qələbədən sonra söz demək asandı, yoxsa çətin?

- Bu nəticədən sonra nəsə demək artıqdı. “Qəbələ”nin günü idi. Qollarımızı vurduq, vacib, həm də böyük hesablı qələbəmizi gözəl oyunla qazandıq.

 

- Hesabın bu cür alınmağı erkən qol vurmağınızdan irəli gəlir?

- “Qəbələ” hər oyunda hücum futbolçuna üstünlük verir və çox qol vurmağa çalışır. Bu da həmin oyunlardan biri idi. Sadəcə, bu dəfə daha yaxşı alındı, həm də epizodlarımızı realizə edə bildik.

 

- Çempionatda ardıcıl ikinci böyük hesablı qələbənizi qazandınız. İki görüşdə  9 qol vuran komanda istədiyiniz oyunu nümayiş etdirirmi?

- Bir oyuna görə fikir bildirmək çətindi. “Krasnodar”la matçı da nəzərə alsaq, komandanın yavaş-yavaş özünə gəldiyini görürük. Görülən işlər göstərir ki, komandada yüksəliş var və hadisələr bu istiqamətdə davam edir.

 

- Amma bu da faktdı ki, 6 qolun vurulduğu bu cür oyunu çox az sayda azarkeş izlədi. Klub rəsmisi kimi sizi narahat etmir?

- Hava şəraitini özünüz gördünüz. Oyun günü Qəbələdə yağan leysan azarkeşlərin stadiona gəlişinə təsir edib. Amma bunun tədricən qaydasına düşəcəyinə inanıram.

 

- Əsl fanatlar belə şeyləri nəzərə almırlar axı...

- İnanın, mənim üçün də üzücü durumdu. Bu gün 6:0 hesabı ilə qələbə qazandıq. Bu matçdan 10:0 hesablı qələbə ilə ayrılsaq da, ləzzət almayacaqdım. Çünki futbol azarkeşlər üçün oynanılır. Onların stadionlarda yaratdıqları atmosfer həm futbolçuları ruhlandırır, həm də arenaları cəlbedici edir. Bu gün təəssüf ki, onu görmədik. Azarkeşlərimizi stadiona dəvət edirəm. Gəlin, baxın, zövq alın. “Qəbələ”nin belə bir komandasının olması ilə fəxr etmək lazımdı.

 

- Stadiondan söz düşmüşkən, komandanız Avropa Liqasının qrupuna vəsiqə qazandığına görə, növbəti illərdə də minimum vəzifə bu olacaq. Bəs qrup mərhələsinin oyunlarını öz doğma meydançanızda keçirmək haqda düşünmürsüz?

- Təbii ki, planımızda var. Memarlarla görüşdük. Fikrimiz var ki, arenanın tutumunu 8000-ə qədər yüksəldək. Çünki yeni stadionun inşasını müəyyən müddətə təxirə salmışıq. Ona görə bu arenanı bütün standartlara cavab verəcək səviyyəyə çatdırmaq istəyirik. İşlərin mövsümün sonuna qədər yekunlaşıb-yekunlaşmayacağını dəqiq bilmirəm.

 

- Avropa Liqasının bu mərhələsində artıq “Qəbələ”nin qrupdan çıxmaq şansları müzakirə olunur. Bu futbolçular üzərində müəyyən qədər təzyiq yaradırmı?

- “Krasnodar”la oyundan əvvəl futbolçularla söhbətimiz oldu. Qrup mərhələsinə düşməyimiz uğurdu, buna görə futbolçulara da, onlara bu şəraiti yaradan rəhbərliyə də təşəkkürlər düşür. Bunu yüksək qiymətləndiririk, amma dayanmaq olmaz. Bura dayanmaq üçün gəlməmişik. Qrupdan çıxmaq üçün potensialımız var. Əlimizdən gələni etməliyik ki, irəli gedək.

 

- Çempionatda növbəti rəqibiniz “Neftçi” olacaq. Bu komandalar arasında rəqabət varmı?

- Bütün komandalarla aramızda rəqabət var. Sadəcə, “Neftçi” ilə oyunlarımız başqa əhəmiyyət daşıyır. Ancaq çempion olmaq istəyən komanda rəqibləri arasında ayrı-seçkilik etməməlidi.

 

Xəbər lenti