6 Oktyabr 11:59 İki dəfə qeyd olunacaq yubiley
FUTBOL xəbərləri 6 Oktyabr 11:59
6503 baxış

İki dəfə qeyd olunacaq yubiley

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov eyni yubileyi iki dəfə qeyd edəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçinin yığmada 100-cü matçı qısa müddətdə iki dəfə gerçəkləşəcək.

 

Buna səbəb dünya futbolunda bir sıra rəqəmlərin fərqli mənbələrdə müxtəlif olmasıdı. Belə ki, FİFA və UEFA-nın rəsmi göstəriciləri dünyanın ən nüfuzlu saytları ilə üst-üstə düşmür. Buna da səbəb baxışların fərqliliyidi.

 

Milli komandaların oyun sayında da eyni hal müşahidə olunur. Beynəlxalq qurumlar yalnız özlərinin tanıdığı qarşılaşmalara əsaslanır. Məşhur statistika mənbələri isə bununla barışmır, iki yığma arasında baş tutan bütün görüşləri əsas götürür. Bunun nəticəsidi ki, planetin əksər millilərinin oyun sayında eyni rəqəmlə ifadə olunmur.

 

Bunu Azərbaycan millisi ilə bağlı göstəricilərə də şamil etmək mümkündü. 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfər matçı ilə tarixə başlayan komandamız bu günədək 216 qarşılaşmaya çıxıb. AFFA da, ölkəmizin demək olar bütün statistik mənbələri də (istisnalar da var) məhz dünyanın digər yığmaları ilə keçirilən bu 216 görüşü əsas götürür.

 

Lakin FİFA və UEFA bu matçların 20-30-nu nəzərə almır, yəni tanımır. Lakin dünyanın az qala bütün nüfuzlu statistik mənbələri də 216-ya əsaslanır. Futbolçuların oyun və qol göstəricilərindəki fərq də məhz bu matçlarla bağlıdı.

 

216 qarşılaşmaya əsasən aparılan hesablamalarda Rəşad Sadıqov 99 matça çıxıb. Yığmanın kapitanı 100-cü oyununu oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçirəcək. Bu yubiley İtaliya ilə qarşılaşmada baş tutacaq.

 

Lakin UEFA-nın indiki siyahısında Rəşadın hesabında 99 deyil, 97 oyun var. Bu da o deməkdi ki, o, FİFA-nın tanımadığı iki görüşdə iştirak edib. Əslində, bu rəqəmin özünün də 2 ya 3 olmasında qeyri-dəqiqlik var. Amma UEFA-nın indiki göstəricilərinə əsasən müdafiəçimiz 98-ci oyununa çıxacaq. Bu rəsmi, amma heç də dəqiq olmayan hesablamaya görə kapitanın 100-cü matçı gələn ay baş tutacaq Moldova ilə yoxlama oyununa təsadüf edəcək.

 

Noyabrın 17-dəki qarşılaşmada UEFA kapitana 100-ə çatmasını xüsusi qeyd edəcək. Lakin yığmamızın millilərə qarşı 99 oyununda meydana çıxan müdafiəçi üçün əsl 100 oktyabrın 10-da gerçəkləşəcək.

 

Dünyanın statistika saytları, həmçinin ölkəmizdə qəbul olunan göstəricilərin FİFA və UEFA-nınkı ilə müqayisədə daha ədalətli olub, hamı tərəfindən də müsbət qarşılanması da səbəbsiz deyil. Çünki iki yığma bir-birilə qarşılaşırsa, beynəlxalq assosiasiyaların bunu tanıyıb-tanımaması futbolçuların statistikasına təsir etməməlidi.  Hər halda, oyunçu meydana çıxıb öz millisinin heyətində onun uğuru üçün çalışıb və rəqib klub deyil, yığma olub.

 

Təbii ki, Fələstin və ya Özbəkistanla Dubaydakı qarşılaşmanın, ya da digər görüşlərin tanınmamasını iddia edənlər də FİFA-nı əsas gətirir. Amma bir fakt da var ki, həmin FİFA Azərbaycan millisinin də 1994-cü ilədək olan qarşılaşmalarını da tanımır. 1992-ci ildə Gürcüstana uduzduğumuz matçla başlayan tarixi FİFA-nın tanımaması üzündən silməli deyilik. Əgər yalnız qurumun tanıdığı matçlar nəzərə alınmalıdısa, 1992-93-də yığmamızın millilərlə keçirdiyi qarşılaşmaların da hamısı Fələstinlə oyunun taleyini yaşamalıdı. Bu isə millimizə, onun oyunçularına qarşı düzgün olmaz. Məhz bunlara görə də komandamızın 1992-ci ildən indiyədək yığmalara qarşı keçirdiyi bütün 216 matçın nəzərə alınması daha məntiqlidi. FİFA-yla UEFA isə öz hesabını aparsın. Rəşad 2 dəfə yubiley qeyd etsə də olar. Bunların birindən imtina etməyəcəyik.

 

Hər halda, həm indi, həm də gələn ay - yubileyin ikinci hissəsini də rəsmi olduğu üçün işıqlandırmalıyıq. Bu isə o deməkdi ki, bir yubiley 39 gündə iki dəfə qeyd olunacaq. Oxşar fərqlərə dünyanın bir sıra digər oyunçuları ilə bağlı göstəricilərdə də rast gəlmək mümkündü. Hər halda bəzilərinin tanıyıb, digərlərinin tanımadığı matçlar az olmayıb.

Xəbər lenti