8 Avqust 17:00 “İnter” əcnəbi futbolçusu ilə yollarını ayırdı
FUTBOL xəbərləri 8 Avqust 17:00
7201 baxış

“İnter” əcnəbi futbolçusu ilə yollarını ayırdı

Yay fasiləsində heyətində köklü islahatlar aparan “İnter” daha bir futbolçusu ilə yollarını ayırıb. Klubun meneceri Aleksey Barvinski apasport.az saytına açıqlamasında Slavço Georgiyevskinin bundan sonra “bankirlər”in formasını geyinməyəcəyini bildirib.

 

O deyib ki, Slavço səhhətində problem yarandığı üçün “İnter”dən ayrılıb: “Slavçonun sağlamlıqla bağlı problemi var. Bu yaşda bunu yoluna qoyub, yenidən oynamaq çox çətin olur. O da hazırda ölkəsi Makedoniyada, ailəsinin yanında dincəlir. Ancaq ola bilsin ki, Georgiyevski komandamıza məşqçi kimi qayıtsın. Bununla bağlı müzakirələrin olması istisna deyil. Slavço uzun müddət komandamızda çıxış edib. Fikrimcə, bundan sonra məşqçi kimi “İnter”ə kömək edə bilər”.

 

“İnter” artıq 2015/16 mövsümü üçün sifariş ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Menecer yeni transfer Ruslan Əmircanovun adının heyətdə yer almamasına da aydınlıq gətirib: “Bildiyiniz kimi, Ruslan zədədən əziyyət çəkir. Bizim əlavə sifariş vermək imkanımız var. Əmircanov bərpa prosesini bitirdikdən sonra nə vaxt ehtiyac olsa, onun adını əlavə edəcəyik”.

 

Qeyd edək ki, “İnter” yay fasilsində 24 futbolçu ilə yollarını ayırıb, əvəzində 13 oyunçu transfer edib.

 

Ruslan SADIQOV

Xəbər lenti