26 Oktyabr 16:03 “İnter”də son durum: 8 futbolçu “Neftçi” ilə oyunu buraxa bilər
FUTBOL xəbərləri 26 Oktyabr 16:03
5422 baxış

“İnter”də son durum: 8 futbolçu “Neftçi” ilə oyunu buraxa bilər

Topaz Premyer Liqasında ilk dövrəni 3-cü pillədə tamamlayan “İnter” zədəli futbolçuların çoxluğundan əziyyət çəkir. Apasport.az saytının məlumatına görə, “Rəvan”la IX tur matçında 7 futbolçu zədə ucbatından iştirak etməyib.

 

“Bankirlər”in baş meneceri Aleksey Barvinski saytımıza açıqlamasında zədəlilərin son durumundan xəbər verib. O bildirib ki, Almaniyada dizindən əməliyyat olunan hücumçu Rauf Əliyev mövsümü, ölkəsi İspaniyada bərpa prosesi keçən müdafiəçi İvan Benites isə 2015-ci ili vaxtından erkən bitirib. Zədəsini yenicə sağaldan müdafiəçi Laşa Salukvadze yenidən ayağından xəsarət alıb. Hazırda fərdi məşqlərlə kifayətlənən gürcüstanlı futbolçu daha bir müddət komandadan ayrı qalacaq.

 

Bunların fonunda artıq sağalan 4 yerli futbolçu oktyabrın 28-də “Neftçi”yə qarşı keçiriləcək X tur matçında meydançaya çıxa bilər. Qapıçı Səlahət Ağayev, eləcə də yarımmüdafiəçilər Nizami Hacıyev və Mirhüseyn Seyidov artıq kollektivlə birlikdə məşqlərdə iştirak edirlər. Lakin Səlahətin durumu bir qədər fərqlidi. Məşqçilər korpusu yığmamızın qolkiperini “Neftçi” ilə qarşılaşmada riskə atmaya bilər.

 

Uzunmüddətli zədəsini sağaldan müdafiəçi Ruslan Əmircanov isə hələ ki, əvəzedicilərin heyətində iştirak edir. Baş məşqçi Zaur Svanadze oyun praktikasını düzəltmək üçün Əmircanovun daha bir müddət əvəzedicilərdə qalmasını istəyir. Ancaq onun da qarşıdakı turda “18-lik”də yer alması istisna deyil.

 

Qeyd edək ki, gürcüstanlı müdafiəçi Zurab Xizanişvili də cəza ucbatından “İnter”ə kömək edə bilmir. Veteran futbolçu “Neftçi” və “Zirə” ilə oyunu da buraxacaq. 

Xəbər lenti