13 Oktyabr 12:35 “İslandiyalıların nə dediyi vecimə deyil” – Fatih Terim
FUTBOL xəbərləri 13 Oktyabr 12:35
3165 baxış

“İslandiyalıların nə dediyi vecimə deyil” – Fatih Terim

“Son 6-7 oyunda gözəl nəticələr qazandıq. Sonunu yaxşı gətirmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının baş məşqçisi Fatih Terim deyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün İslandiya yığmasını qəbul edəcək “ay-ulduzlular” qələbə qazanacaqları təqdirdə qrupu 3-cü pillədə bitirəcəklər. Həmişəki kimi iddialı danışan Terim komandasının ünvanına tərif yağdırıb: “Ardanın da dediyi kimi, ipin üstündə oynadıq. İlk 3 oyunda cəmi 1 xal əldə edən komanda üçün 15 xala gəlib çatmaq və Hollandiya millisinin önünə keçmək əla göstəricidi. İgidin haqqını vermək lazımdı. Bu cür oyunlarda psixoloji hazırlıq başqa cür olur. Bu ölkənin ürəyinə bir damcı da olsa su səpəcəyiksə, kədəri 2-3 saatlıq dağıdacağıqsa, bundan yalnız xoşbəxt olarıq. Konyadakı azarkeşlərimizlə birlikdə bütün Türkiyənin dualarının bizimlə olacağını bilirik. İnşallah, son sınaqdan da alnıaçıq çıxacağıq. Futbolçularımız bu günə qədər əla iş görüblər. Tarixə keçmək istəyirlərsə, bu günü də gözəl nəticə ilə tamamlayacaqlar”.

 

Ankarada baş verən faciə və polislərin şəhid olmasına da toxunan təcrübəli mütəxəssis təəssüfünü gizlətməyib: “9 yaşlı uşaq bu şəkildə ölürsə... İnsanın ürəyi ağrıyır. Həyat davam edir, amma ölkəmdə bir daha belə şeylər görmək istəmirəm. Allah hamımızın acısını yüngülləşdirsin, ölkəmizə sağlıq versin”.

 

İslandiyalı futbolçular sosial şəbəkələrdə Hollandiyaya dəstək nümayiş etdirib, məhz “narıncılar”ın qrup üçüncüsü olması üçün mübarizə aparacaqlarına işarə vurublar. Fatih Terim isə onlara özünəməxsus şəkildə cavab verib: “Belə xaos vəziyyətində bu oyuna hazırlaşırıqsa, onların nə dediyi vecimizə də deyil. Onsuz da, bir şey qalmayıb. Hər şeyə hazırıq. Robben də bizim ünvanımıza gözəl sözlər deyib. Onları da xatırladaq. Ağıllı insanların fikirlərinə daha çox önəm verək”.

 

Qeyd edək ki, A qrupu çərçivəsində keçiriləcək Türkiyə - İslandiya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər lenti