13 İyul 14:55 Kapitan üçün əlamətdar oyun
FUTBOL xəbərləri 13 İyul 14:55
5760 baxış

Kapitan üçün əlamətdar oyun

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə,  33 yaşlı müdafiəçi Monteneqronun “Rudar” klubu ilə Bakıdakı qarşılaşmada ikiqat yubiley qeyd edəcək.

 

İyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma Sadıqovun avrokuboklarda 60-cı matçı olacaq. Bu göstəricidə Azərbaycan futbolçuları arasında mütləq rekordun sahibi olan arxa xətt oyunçusu indiyədək Çempionlar Liqası və İntertoto kubokunun hərəsində 10, Avropa Liqasında (əvvəlki UEFA kuboku) 39 matç keçirib.

 

O, avrokuboklardakı oyunlarından 5-ni Türkiyənin “Kayserispor” klubunda keçirib. Bu qarşılaşmalardan 4-ü İntertoto kuboku, 1-i UEFA kubokuna təsadüf edib. Digər 54 oyunu Azərbaycan klublarının heyətində keçirən Rəşad üçün monteneqrolularla matç 55-ci belə qarşılaşma olacaq.

 

Sadıqov əvvəlki 54 matçın 18-ni “Neftçi”, 36-nı “Qarabağ”da keçirib. O, paytaxt klubunda Çempionlar Liqasında 8, UEFA kubokunda 4, İntertoto kubokunda 6 qarşılaşmada çıxış edib. “Qarabağ”da isə 34 oyun Avropa Liqasına, 2 matçda Çempionlar Liqasına təsadüf edib.

 

Keçirdiyi 59 oyunda 5 qol vuran müdafiəçi “Qarabağ”da 3, “Neftçi”də 2 dəfə fərqlənib. Paytaxt klubunda 1 qolunu İntertoto kubokunda vuran Rəşad digər 4 topa Avropa Liqasında imza atıb.

 

Qeyd edək ki, müdafiəçi avrokuboklarda 2001-ci il avqustun 9-da debüt edib. Bakıda keçirilən qarşılaşmada “Neftçi”nin formasını geyən Sadıqov Sloveniya təmsilçisi “Qoritsa”ya qarşı forma geyib.

 

Xəbər lenti