8 Noyabr 22:38 Kaue da Silva: Nəsə dəyişməlidi - MÜSAHİBƏ
FUTBOL xəbərləri 8 Noyabr 22:38
6568 baxış

Kaue da Silva: Nəsə dəyişməlidi - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XII turu çərçivəsində öz meydanında autsayder “Rəvan”a 2:3 hesabı ilə uduzan “Neftçi” klubunun yarımmüdafiəçisi Kaue da Silva oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qarşılaşma barədə təəssüratlarınız necədi?

- Birinci hissədə oyunumuz yaxşı alındı. Bir neçə real qol şansımız oldu, həm də rəqibə çox hücum qurmağa imkan vermədik. Bu sözləri ikinci hissə barədə deyə bilmərəm. Çünki fasilədən sonrakı ilk 5 dəqiqədə buraxdığımız səhvlər qollar bahasına başa gəldi. Növbəti səhvimiz də qolla nəticələndi. Yəni, oyunumuz çox pis alındı.

 

- Azarkeşlər ikinci hissədə komandanın üzvləri haqda təhqiredici şüarlar səsləndirdi. Onların narazılığını başa düşürsünüzmü?

- Mən öz işimi meydanda görürəm. Əgər bu onların xoşuna gəlmirsə, etiraz etməyə haqları var. Heç bir problem yoxdu.

 

- 12 oyundan cəmi 3 qələbə qazanmısınız. “Neftçi” niyə bu vəziyyətə düşdü?

- Bu cür davam etsək, sözsüz, pis olacaq. Nəsə dəyişməlidi, məsələn, oyun üslubumuz. Kənardan baxan ancaq oyunumuzu görür. Amma komandanın içərisində hansı dəyişikliklərin baş verdiyini, məşqlərdə necə çalışdığımızı bilmir.

 

- Bəlkə klubun daxilində ciddi problemlər var?

- Demədim ki, komandanın daxilində problemlər var. Demək istədiyim odu ki, məşq prosesində necə çalışdığımızı, əziyyət çəkdiyimizi bilən yoxdu. Əlbəttə, bu cür məğlubiyyətlər bizə çox pis təsir edir. Belə məğlubiyyətlərdən sonra bəzən gecələr də yata bilmirik.

 

- Problemin baş məşqçi ilə bağlı olduğunu düşünmək olarmı?

- Bu, sizin fikrinizdi. Mən öz işimi görmək, məşqçinin tapşırıqlarını yerinə yetirmək istəyirəm.

 

- Əvvəlki müsahibələrinizdə uğursuz oyunları klubdan baş verən dəyişikliklərlə bağlayırdınız. Bəlkə yeni rəhbərliklə futbolçular ortaq dil tapa bilmir?

- Meydanda futbolu rəhbərlik oynamır. Problem qələbə qazana bilməməyimizlə bağlıdı. 3 xal qazansaq, heç kim bu cür söhbətlər etməyəcək.

 

- Növbəti turda əzəli rəqibiniz “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyuna hansı əhval-ruhiyyə ilə hazırlaşacaqsınız?

- Bu oyuna qədər xeyli vaxtımız var. Çox çalışmalıyıq. “Rəvan”la matça baxıb səhvlərimizdən nəticə cıxarmalı, daha sonra həmin qarşılaşma haqda düşünməliyik.

 

Xəbər lenti