10 Avqust 13:18 "Kəpəz"in ukraynalı hücumçusu: Çox sayda qol şansını qaçırdım - MÜSAHİBƏ
FUTBOL xəbərləri 10 Avqust 13:18
817 baxış

"Kəpəz"in ukraynalı hücumçusu: Çox sayda qol şansını qaçırdım - MÜSAHİBƏ

Topaz Premyer Liqasına yenidən qayıdan “Kəpəz” 2015/16 mövsümünün ilk turunda “Neftçi” ilə səfərdə qolsuz heç-heçə edib. Gəncə klubunun ukraynalı hücumçusu Aleksandr Sıtnik görüşlə bağlı apasport.az saytına müsahibə verib.

 

- Çempionatda ilk oyununuzu keçirdiniz və debütünüzü 1 xalla qeyd etdiniz. Təəssüratınızı bilmək istərdik...

- İlk oyunlar hər zaman çətin keçir. Bu gün də istisna olmadı. “Neftçi”nin oyun üslubu, futbolçuları haqda məşqçilər bizə kifayət qədər məlumat vermişdilər. Bilirdik ki, rəqibimiz sürətli hücumlar qurur. Lazım olan təlimatları almışdıq. Pis oynamadıq. Hətta qələbə qazanmaq şansımız da oldu. Qolsuz heç-heçə ədalətli nəticədi.

 

- Oyunun gedişində əvəzləndiniz. Sona yaxın yorulmuşdunuz?

- Bəli, yorulmuşdum. Hazırlığım hələ istənilən səviyyədə deyil. Ay yarım futboldan kənarda qalmışam. Donetskdə müharibə gedir. Ailəm orda yaşayır. Bu müddət ərzində onları Donetskdən çıxarmağa çalışmışam. Artıq məşqlərə başlamışam. Hazırlığımı intensivləşdirmişəm. Çalışıram ki, əvvəlki formamı bərpa edim.

 

- Sizin yerinizdə başqası olsaydı, bu qədər qol epizodunu boşa verməzdi...

- Razıyam ki, çox sayda qol şansını qaçırdım. Elə epizodlar oldu ki, qol vura bilərdim. Amma alınmadı. Buna görə məyusam. Çünki vuracağım bir qol 3 xal qazandıracaqdı. Bunun üzərində işləməliyəm.

 

- “Neftçi” haqda nə deyə bilərsiniz?

- Onlar oyuna yaxşı köklənmişdilər. Rəqibin matçını qiymətləndirmək mənlik deyil. Baş məşqçiləri, azarkeşləri var, qoy onlar fikir bildirsinlər. Biz onlara qarşı yaxşı mübarizə apardıq. Nəticəni də ədalətli hesab etmək olar. 1 xal hər iki komandanın haqqı idi.

 

- Gəncə haqda hansı məlumata sahibsiniz?

-  Məlumatım yoxdu, şəhəri görməmişəm. Orda ilk dəfə olacam. İnternetdən müəyyən məlumatlar əldə etsəm də, canlı görmək başqadı. Əsas odu ki, komanda üçün lazımi şərait yaradılıb.