4 Sentyabr 23:00 Kərim Benke: Yaxşı olar ki, komandamızın müsbət tərəflərindən danışaq - MÜSAHİBƏ
FUTBOL xəbərləri 4 Sentyabr 23:00
5451 baxış

Kərim Benke: Yaxşı olar ki, komandamızın müsbət tərəflərindən danışaq - MÜSAHİBƏ

AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avstriyalı həmyaşıdları ilə qarşılaşıb. Rəqib fasiləyə qədər vurduğu 2 qol sayəsində qələbə qazanıb. Oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandıran millimizin hücumçusu Kərim Benke Almaniya ilə qarşıdakı oyuna da toxunub.

 

- Yığma niyə özünə bənzəmədi?

- Rəqib Avropanın güclü komandalarındandı. Bu cür yığmalar hər zaman qarşılaşmaların favoriti sayılırlar. Biz də çalışdıq, Farer adaları ilə oyundakı qələbənin davamını gətirək. Ancaq ustalıq fərqi sözünü dedi.

 

- Bəsit səhvlərə yol verdiniz, top saxlaya bilmədiniz. Bu nədən qaynaqlanırdı?

- Razıyam, adi səhvlərə yol verdik. Oyunun taleyini birinci qol həll etdi. Erkən vurulan qol sanki gücümüzü aldı. Bəlkə də bir qədər ruhdan düşdük. Əvvəlcədən çətin olacağını bilirdik. Amma bu dərəcədə zəif oynamamalı idik. Rəqib üstün tərəf idi, bizim də şanslarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik.    

 

- Hücum xəttinin bu qədər passiv təsir bağışlamasını izah edə bilərsinizmi?

- Biz çalışdıq, əlimizdən gələn etdik. Niyə belə alındı, bunu baş məşqçimiz deyə bilər. Mən futbolçuyam, komanda yoldaşlarım haqda da nəsə deyə bilmərəm. Hücum xəttində yer almışdım, bacardığım qədər kömək etdim. Bu səhvlərdən nəticə çıxarmalı, Almaniya ilə oyunda təkrarlamamalıyıq.

 

- Belə baxıram ki, Almaniya ilə oyun daha çətin keçəcək...

- Almaniya top komandadı. Onlar hər zaman Avropa və dünya çempionatlarının favoritləridi. Heyətlərində yaxşı futbolçular var. Hazır komandadı. Əksər futbolçuları Bundesliqa klublarında forma geyinirlər. Almaniya çempionatı isə Avropanın ən güclü liqalarındandır. Bəli, çətin olacaq, amma təslim olmaq fikrində deyilik.

 

- Almaniyada futbol oynayırsınız. Onlara qarşı necə oynamalıyıq?

- Yenə deyirəm, onlar fiziki, taktiki və texniki baxımdan güclü komandadırlar. Ancaq yaxşı olar ki, rəqibin üstün cəhətlərini deyil, öz komandamızın müsbət tərəflərindən danışaq. Səmimi deyirəm, bizim də yaxşı komandamız var.

 

- Almaniya U-21-ində vaxtilə bir komandada çıxış etdiyin futbolçu varmı?

- İkisi ilə komanda yoldaşı olmuşam. Onlar indi “Volfsburq”da çıxış edirlər. Bundesliqada komandalarına kömək edirlər. Yaxşı futbolçulardı. Belə götürəndə onlar almaniya yığmasına dəvət edildilər, mən də Azərbaycan. Sentyabrın 8-də rəqib olacağıq.

Xəbər lenti

Xəbər lenti