18 Avqust 11:26 “Komandamız ciddi rəqiblərlə eyni qrupda yer alıb”
FUTBOL xəbərləri 18 Avqust 11:26
365 baxış

“Komandamız ciddi rəqiblərlə eyni qrupda yer alıb”

“U-21 yığmasına baş məşqçi təyin olunmağım məsuliyyətli və qürurvericidi. Göstərilən etimada görə Rusiya Futbol İttifaqına minnətdaram”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin baş məşqçisi təyin olunan Dmitri Xomuxa deyib.

 

AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan şimallıların çalışdırıcısı qrup səddini adlamaq iddiasını açıqlayıb: “Qarşımıza qoyulan vəzifənin öhdəsindən gəlmək, ilk növbədə AVRO-2017-yə vəsiqə qazanmaq üçün hər şey etməyə çalışacağam. Komandamız ciddi rəqiblərlə eyni qrupda yer alıb. Lakin ilk dəfə deyil ki, böyük vəzifələr həll etməliyik. Hələlik yığmaya namizədləri izləyib, onlar haqda düşüncələrimi formalaşdırıram. Yaxın günlərdə heyəti açıqlayıb, seçim etdiyim futbolçuları milliyə çağıracam. Əsas yığmanın baş məşqçisi Leonid Slutski ilə görüşüb, gələcək planlarımızı da müzakirə edəcəyik”.

 

AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan, Almaniya, Avstriya, Rusiya, Finlandiya və Farer adaları eyni qrupda yer alıb. Seçmə oyunlarının sonuna qədər bu postda qalacaq Xomuxa yığmadakı köməkçilərinin də adlarını açıqlayıb. U-21-də ona Vladimir Skokov, Nikolay Koçeşkov və Aleksey Orlov kömək edəcək.