16 Mart 11:41 Kristian Karambö: Azərbaycan yığmasının AVRO-2016-da iştirakını istərdim
FUTBOL xəbərləri 16 Mart 11:41
3162 baxış

Kristian Karambö: Azərbaycan yığmasının AVRO-2016-da iştirakını istərdim

Bu gün I Avropa Oyunlarının proqramına daxil edilən çimərlik futbolunun püşkatma mərasimi keçirilib. Mərasimə dəvət edilən fəxri qonaqlar arasında Fransa futbolunun canlı əfsanəsi, futbolçu kimi dünya və Avropa çempionu, Madrid “Real”ının heyətində 2 dəfə Çempionlar Liqasının qalibi olmuş, hazırda isə FİFA-nın səfiri kimi çalışan Kristian Karambe də vardı. Mərasim başa çatdıqdan sonra veteran yarımmüdafiəçi apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Bakıda olmaqdan şadam. Bu şəhəri özüm üçün kəşf etdim. Burdakı infrastrukturu, Avropa Oyunları üçün görülən işlərlə tanış oldum. Ecazkar şəhəriniz var. Həm dövlətiniz, həm də federasiyalar bu idman qurğularını Bakıya gələcək idmançıların istifadəsinə tam hazırlayıblar. Demək olar, oyunlar üçün hər cür şərait yaradılıb. Qalır idmançıların bura gəlməyi və güclərini nümayiş etdirmələri. Avropa Oyunlarına öz töhfəmi vermək üçün növbəti dəfə Bakıya səfər edəcəm.

 

- Bəs Azərbaycan futbolu haqda nə bilirsiniz?

- Burda olduğum müddətdə yığmanızın baş məşqçi Robert Prosineçki ilə söhbətləşmək imkanı qazandım. O, Azərbaycanda istedadlı gənclərin olduğunu, onları düzgün şəkildə yetişdirməyin və inkişaf etdirməyin gərəkdiyini bildirdi. Həmin gəncləri erkən yaşlarında yığmaya dəvət ediləcək. Prosineçki həm də əsas məqsədləri haqda danışdı. O, 2018-ci ildə keçiriləcək dünya çempionatı üçün mübariz komanda yaratmağa çalışdıqlarını bildirdi. Təbii ki, istərdik ki, Azərbaycan gələn il Fransada keçiriləcək Avropa çempionatına da qatılsın. Amma bu, alınmayacaq. Çimərlik futboluna gəldikdə, baş məşqçiniz son aylarda böyük irəliləyişə nail olduqlarını bildirdi. Heyət artıq indi daha yaxşı çıxış edir. Oyunlar zamanı isə futbolçulara böyük dəstək olacaq. Həmin dəstək-azarkeş amilidi.

 

- Necə fikirləşirsiniz, nə vaxtsa Azərbaycanda Karambö kimi futbolçu yetişəcəkmi?

- Bunun üçün çox çalışmaq, özünüzü futbola həsr etməyiniz lazımdı. Hər zaman nəyisə qurban vermək gərəkdi. Püxtələşmiş futbolçu kimi yetişmək üçün futbol işinizə çevrilməlidi. Hər gün məşq etməli, üzərinizdə işləməlisiniz. Qarşınızda konkret məqsəd olmalıdı. Əzmlə buna doğru irəliləmək lazımdı. Məşqçinizi də daim dinləməli, məsləhətlərinə qulaq asmalısınız. Bundan başqa, yaxşı qidalanmalı, vaxtında yatmalı, yükləmələrdən qaçmalısınız. Bir sözlə, peşəkar olmaq üçün özünüzə hörmətlə yanaşmalısınız. Məşqçi sizi öyrədir, siz isə bütün çətinliklərə, qorxulara tab gətirməlisiniz. Sonda qarşınızdakı məqsəd sizi lazım olan hədəfə gətirəcək.

 

- Mayın 29-da FİFA-ya prezidenti seçkiləri keçiriləcək. Namizədlər arasında hazırkı prezidentiniz Yozef Blatter və dostunuz Luis Fiqu da var. Siz kimi dəstəkləyəcəksiniz?

- Bu suala cavab verə bilməyəcəm. Bakıda FİFA-nın səfiri kimi iştirak edirəm. Həm də səsvermədə iştirak edə bilməyəcəm. Çünki səs vermək hüququm yoxdu. Bu hüquq FİFA-nın İcraiyyə Komitəsinin üzvlərinə məxsusdu. Səfir kimi Luis Fiquya hörmətim olduğunu, onunla dostluq münasibətimizin olduğunu deyə bilərəm. Blatter isə həm prezidentim, həm də də dostumdu. Əgər səsvermədən söhbət gedirsə, həmin prosesin özü futbol oyununa bənzəyir. Baxaq, görək kim qalib gələcək.

 

Xəbər lenti