3 Mart 13:15 Mahmud Qurbanov: Eddi İsrafilovun klubunda oynamaması... - MÜSAHİBƏ
FUTBOL xəbərləri 3 Mart 13:15
4587 baxış

Mahmud Qurbanov: Eddi İsrafilovun klubunda oynamaması... - MÜSAHİBƏ

Milli komandanın məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi.

 

- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Malta yığması ilə qarşılaşacağıq. Həmin görüş üçün açıqlanacaq heyət Antalyaya aparılan heyətdən çoxmu fərqlənəcək?

- Buna baş məşqçi qərar verəcək. Hələ qarşıda çempionat oyunları var. Təbii ki, Malta ilə görüşöncəsi açıqlanacaq heyətdə müəyyən dəyişikliklər olacaq. Antalyaya aparılan heyətdə “Neftçi”nin üzvləri və legioner həyatı yaşayan futbolçularımız yer almamışdılar. Yəni Türkiyəyə tam heyətlə getməmişdik. Futbolçuların özlərindən çox şey asılıdı.

 

- Robert Prosineçki ilə mütəmadi ünsiyyətdə olursuz. Maraqlıdı, baş məşqçi Antalya toplanışında daha çox hansı futbolçuların çıxışından razı qalıb?

- Prosineçki heç kimi fərdi mənada tərifləmir. Hamını gördü, izlədi. Futbolçuların həm məşqlərdəki, həm də oyunlardakı çıxışlarından ümumi razı qaldı.  

 

- Yaradıcı futbol sərgiləmək istəyən komandada güclü pleymerker olmalıdı. Həmin missiyanı Elvin Məmmədov daşıyacaq, ya başqa namizədlər də var?

- Həmin mövqedə oynaya biləcək başqa futbolçularımız da var. Dmitri Nazarov və Eddi İsrafilov məlum səbəbdən Antalya toplanışına qatılmamışdılar. Onlar da pleymeyker funksiyasını yerinə yetirə bilərlər. O ki qaldı Elvinə, onun əvvəlki formasına qayıtması hamını, əsasən də millinin məşqçilər korpusunu sevindirir. Elvinin özü də qayıtmaq istəyir. Ən sevindirici məqam da budu.

 

- Nazarov və İsrafilovun adlarını çəksəniz də, reallıq budu ki, onlar klublarında oyun praktikası baxımından əziyyət çəkirlər...

- Prosineçkinin özü legioner həyatı yaşayan futbolçularımızın hamısı ilə maraqlanır. İsrafilovun klubunda oynamaması Azərbaycan millisini seçməsi ilə bağlı deyil. Bir müddət öncə zədə almışdı. Hər ikisini nəzarətdə saxlayırıq. Təbii ki, milli üzvləri üçün oyun praktikası böyük önəm kəsb edir.

 

- Yığmamızın ən böyük problemlərindən biri də güclü hücumçunun olmamasıdı. “Şaxtyor”la oyuna əsas heyətdə çıxan Məhəmməd Qurbanov bu problemi həll edəcək səviyyədədi?

- Hücumda oynamağa başqa namizədlərimiz də var. Vüqar Nadirov həmin mövqedə çıxış edə bilər. Baş məşqçi “Şaxtyor”la görüşün ikinci hissəsində məhz ona şans verdi. Bundan əlavə, Rauf Əliyevin də adını çəkə bilərəm. Milliyə kimi çağırırıqsa, deməli, ona inanırıq. Amma klublarında oynamaqları vacibdi. Çünki məşqlə oyun bir-birindən çox fərqlənir.

 

- Azarkeşlər, futbol ictimaiyyəti, bir sözlə hamı millimizdən Malta ilə görüşdə qələbə gözləyir. Bu, yığmanın məşqçi və futbolçu heyətində əlavə təzyiq yarada bilərmi?

- Əslində bu, təzyiq yaratmamalıdı. Məşqçi və futbolçu heyəti peşəkardı, öz işini görür. Azarkeşlər tərəfindən təzyiq olmalıdı. Onlar qələbə istəyirlər. Malta ilə oyun bizim üçün çox vacibdi. Birincisi, cari seçmə mərhələdə hələ xal qazana bilməmişik. İkincisi, Robert Prosineçkinin ilk rəsmi matçıdı və o da bu görüşdən qələbə ilə ayrılmaq istəyir. Maltaya qalib gəlməkdə, aktivimizə ilk xalları yazdırmalıyıq.

 

Tengiz MƏMMƏDOV

Xəbər lenti