17 Oktyabr 16:02 Mahmud Qurbanov: Hazırda bu mövqeyə oyunçu axtarışındayıq - VİDEO
FUTBOL xəbərləri 17 Oktyabr 16:02
5514 baxış

Mahmud Qurbanov: Hazırda bu mövqeyə oyunçu axtarışındayıq - VİDEO

“Biz Avropa çempionatının qrup mərhələsinin son 2 matçında yaxşı nəticə qazanmağa ümid edirdik. İtaliya qrupun favoriti idi və onlara qarşı oynamaq doğurdan da çətin idi. Bu, hesabda da özünü göstərdi”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, futbol üzrə Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov deyib.

 

Gənc mütəxəssis bildirib ki, İtaliyaya 1:3, Bolqarıstana 0:2 hesablı məğlubiyyətdə rəqibin güclü olması öz sözünü deyib: “İtaliyaya qarşı birinci hissədə pis oynamadıq, bərabər mübarizə getdi. Hesabda geri düşdükdən sonra bərabərlik qolunu vura bildik. Ancaq ikinci hissədə rəqibin meydanda oyunçularımıza imkan verməməyi, təzyiq altında saxlaması məğlubiyyətimizlə nəticələndi. Amma Bolqarıstana qarşı zəif oynadıq. Ən pis görüşlərimizdən biri idi. Çox pis matç keçirdik. Deyərdim ki, biz ardıcıl 2 qarşılaşmaya hazır deyildik. Bu da ehtiyat oyunçular skamyamızın uzun olmaması ilə bağlıdır”.

 

Karyerası ərzində həm məşqçi, həm də futbolçu kimi seçmə mərhələlərin iştirakçısı olan M. Qurbanov Bolqarıstanla oyunda müdafiənin cinahlarının zəif olmasına da münasibət bildirib. Onun sözlərinə görə, Arif Daşdəmirovun xüsusilə “açıq dəhliz”ə bənzəyən sol cinahda əsas heyətdə yer almaması, əvəzində sağ cinah müdafiəçisi Maksim Medvedyevin bu mövqedə oynaması məcburiyyətdən atılan addım olub: “Maksim əvvəllər komandasında - “Qarabağ”da məcburiyyətdən bu mövqedə oynamışdı. Həmin vaxt özünü yaxşı tərəfdən göstərmişdi. Fikrimcə, bolqarlarla görüşdə problem tək cinahlarda deyildi, bütün mövqelərdə vardı. Bizdə sol cinah müdafiəçisi çox azdır və elə bir rəqabət də yoxdur. Hazırda bu mövqeyə oyunçu axtarışındayıq”.

 

Sofiyada millinin heyətində debüt edən 18 yaşlı Elnur Cəfərovun hələ üzərində çox işləməyinin vacibliyini vurğulayan sabiq pleymeker hazırda mövqeyində çıxış edən Eddi İsrafilovun irəlidən çox geriyə ötürmə verməsini hələ komandaya uyğunlaşmaması ilə əlaqələndirib: “Düzdür, onun mövqeyində çıxış edən futbolçu topu daima irəli ötürməlidir. Nəzərə alaq ki, İtaliya millisi oyunçularımızı başlarını qaldırmağa belə imkan vermirdi. Eddi hələ komandaya da uyğunlaşmayıb. Bir, yaxud iki oyunla  futbolçunun potensialı barədə söz demək olmaz. Amma ümid edirik ki, yığmaya faydası dəyəcək”.

 

M. Qurbanov yığmamızda hücumçu probleminin olduğunu da etiraf edərək, bu mövqedə özünü doğrultmayan Ruslan Qurbanova yer vermələrinin səbəbini açıqlayıb: “Həqiqətən hücum xəttində problemimiz böyükdür. Ölkə çempionatında klublarda bu mövqelərdə oynayanların çoxu legionerlərdir, yerli futbolçularımız azdır. Bildiyiniz kimi, Rauf Əliyev zədə səbəbindən mövsümü bitirdi, Vüqar Nadirovla Məhəmməd Qurbanov komandalarında əsas heyətə düşmürlər. Buna görə də hələlik ümidimiz daima start heyətində oynayan Ruslan Qurbanovadur. Biz də millimizdə yaxşı qol vuran hücumçunun olmasını istəyirik. Onun əvəzinə, Branimir Subaşiçin milliyə çağırılmasına gəlincə, serbiyalının ustalıq səviyyəsi gənc Qurbanovdan yaxşı ola bilər. Amma düşünürəm ki, yığma üçün ən real namizəd elə Ruslandır”.

 

Çalışdırıcı millinin kapitanı Rəşad Sadıqovun yığma karyerasını bitirmək istəyi ilə bağlı fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, millidə 101 matç keçirən futbolçunun qərarından xəbərsizdir: “Rəşad özü təcrübəli futbolçudur. Neçə il birgə həm “Neftçi”də, həm də yığma komandada oynamışıq. Əgər bu barədə özü qərar veribsə, şəxsi fikridir. O meydanda özünü yaxşı tərəfdən göstərir. Liderlik bacarığı var, meydanda olması uşaqlar üçün də stimuldur. Hansısa təcrübəli futbolçunun əvəzləmək isə çətindir. Həmin oyunçunu tapmaq lazımdır. Cavan, perspektiv vəd edən futbolçularımız var. Lakin hər şey özlərindən asılıdır”.

 

Mahmud Qurbanov “Avro-2016”nın seçmə mərhələsindəki çıxışı ümumilikdə qənaətbəxş sayıb: “Bu tsikli 2 yerə bölərdim. İlk 4 turda məğlubiyyətli oyunlar, 4 məğlubiyyətsizlik dövrü və sonda  uduzduğumuz 2 matç. Mərhələnin gedişində baş məşqçi dəyişikliyi oldu. Berti Foqtsu Robert Prosineçki əvəzlədi. Elə oldu ki, komandanı Norveçlə görüşə mən çıxardım. Yığmada irəliləyişin olduğunu deyərdim. Xorvatiya və Norveçlə matçlar da göstərdi ki, nə isə edə bilərik. Biz məğlubiyyətsiz oyunlar seriyasını İtaliya və Bolqarıstanla matçlarda da davam etdirmək istəyirdik. Lakin alınmadı. Azarkeşlərin də son 2 matça görə məyus olduğunu bilirəm. Biz də çox üzgünük”.

 

Gələn ilin sentyabrından dünya çempionatının seçmə mərhələsinin oyunları başlayacaq. Millinin məşqçisi Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San-Marino ilə eyni qrupda mübarizə aparacaq komandamızın hədəfləri barədə danışıb: “Çətin rəqiblərdir. Məşqçilər korpusu və futbolçular hamımız istəyirik ki, qələbələr qazanaq, xallarımızın sayı çox olsun. Təxminən 10 aya yaxın vaxtımız var. İndidən çalışmalıyıq. Qabaqcadan proqnoz vermək çətindir. Əlbəttə, istəyimiz yaxşı yerlər tutmaqdır. Həmin vaxta kimi bütün perspektivli futbolçuları komandaya cəlb etmək istəyirik. Amma həmin oyunçular da öz çıxışları ilə bunu sübuta yetirməlidirlər. Yəni cavanlar gələcək karyeraları barədə fikirləşməli, onlara şans verdikdə bundan yararlanmalıdırlar”.

 

M. Qurbanov məşqçiliyin sirlərinə tam yiyələnənədək köməkçi-məşqçi funksiyasını davam etdirəcəyini deyib: “Hələ öyrənməli olduğumuz çox şeylər var. Çünki futbolçu olduqda tək özün barədə fikirləşirsən, amma baş məşqçi işləmək istədikdə işin çox ağır iş olduğunu görürsən”.

 

Dövrünün “Professor” ləqəbi ilə tanınan futbolçu bu gün bənzərini görmür: “Futbolda heç kim heç kimə bənzəmir. İndi daha çox sürətli futbola, mübarizə aparan futbolçulara fikir verirlər”. 

 

Gəncə futbolunun yetirməsi hazırda müxtəlif sahələrdəki fəaliyyəti ilə tanınan şəxslərlə birgə idmanın bu növünün sirlərinə yiyələnib. Uşaqlıq illərində APA TV-nin aparıcısı Nəsimi Nəbizadə ilə eyni komandada çıxış etmiş M. Qurbanov APA TV-nin baş direktoru Vüqar Hüseynova qarşı da mübarizə aparıb. O həmin dövrləri belə xatırlayır: “Nəsimi uşaq vaxtı həmişə “Kəpəz” stadionunun yardımçı meydançasında futbol oynayırdı. APA TV-nin rəhbəri Vüqar Hüseynovla isə rəqib olmuşuq. Mən Konstantin Abromenkonun tələbəsi idim və bizdə şəhər çempionatı olanda Tariyel müəllim, Fuad müəllim, Məmməd müəllim kimi çalışdırıcıların komandalarına qarşı çıxış etmişəm. Nəsimi ilə gənclər yığmamızın sabiq üzvü Ceyhun Tanrıverdiyevin qohumluğu var və onunla da futbol oynamışıq. Amma düzünü desəm, Nəsiminin yaxşı oynayıb-oynamadığını xatırlamıram”.

Xəbər lenti

Xəbər lenti