5 Sentyabr 14:08 “Maltaya yalnız qələbə üçün gəlmişik” – Səlahət Ağayev
FUTBOL xəbərləri 5 Sentyabr 14:08
6571 baxış

“Maltaya yalnız qələbə üçün gəlmişik” – Səlahət Ağayev

Azərbaycan yığmasının və “İnter”in qapıçısı Səlahət Ağayevin apaspot.az saytına müsahibəsi

 

- Avro-2016-nın seçmə mərhələsində Xorvatiya ilə Bakıda keçirilən qarşılaşmadan çoxu fərqli nəticə gözləyirdi...

- Səfərdəki böyükhesablı məğlubiyyətdən sonra çoxunun yenə Xorvatiyadan qələbə gözləməsi normaldı. Hətta bəziləri yenə böyük hesab olacağını düşünürdü. Amma uşaqlar əllərindən gələni artıqlaması ilə etdilər. Xorvatiya kimi komandaya qarşı çox yaxşı mübarizə apardıq. Nəticədə də komanda 1 xal qazandı.

 

- Böyük qüvvə ilə müdafiə olunmağınız rəqibin təzyiqi ilə bağlı idi, yoxsa baş məşqçi belə oynamağı tapşırmışdı?

- Məncə, tam müdafiəyə oturmadıq. Gücümüz çatdığı qədər hücum etdik. 90-cı dəqiqəyə qədər mübarizədən qopmadıq.

 

- İlk dəfədi ki, Robert Prosineçkinin rəhbərliyi altında toplanış keçirsiz. Yığmada nə kimi dəyişikliklər gördünüz?

- Buna qədərki toplanışlara qatılmamağımın səbəbi zədəli olmağım idi. Halbuki baş məşqçi dəvət etmişdi. Açığı, millidə çox dəyişiklik gördüm. İlk növbədə futbolçular rahatdılar, oyunqabağı narahat olmurlar. Ən əsası, komanda özünə güvənir.

 

- Malta ilə oyundan nə gözləyək?

- Komandada yüksək ab-hava hökm sürür. Bura yalnız qələbə üçün gəlmişik. Bunu bacaracaq potensialımız da  var. İnanıram ki, meydançaya kimin çıxmağından asılı olmayaraq, qələbə qazana biləcəyik.

 

- Bir qədər də klubunuz haqda danışaq. Avrokubokdakı uğurlu çıxışdan sonra çoxu “İnter”dən daha yüksək nəticə gözləyirdi. Gözlənilməz xal itkiləri nə ilə bağlı idi?

- Avrokubokda, həqiqətən də, çox gözəl mübarizə apardıq. III mərhələdə elə komandaya məğlub olduq ki, buna görə “İnter”i qınamaq doğru olmazdı. Çətin vəziyyətə baxmayaraq, hətta “Atletik”ə qarşı da başabaş oynadıq. “İnter”dəki durumu siz özünüz də bilirsiz. Digər komandalarda olduğu kimi, bizdə də vəziyyət yaxşı deyildi. Şükür Allaha ki, yavaş-yavaş hər şey qaydasına düşür.

 

- Borclarınızı hələ də ala bilməmisiz?

- Borclar ödənilməyib. Amma yeni müqavilə bağladıq. Beynəlxalq Bank da yeni anlaşma ilə bizi dəstəkləyir. Büdcəmiz xeyli azalıb. Amma yeni müqavilə ilə artıq maaş verilib.

 

- Yayda “Xəzər Lənkəran”a keçməyə çox yaxın idiniz. Fikrinizi son anda dəyişdiyiniz üçün peşman deyilsiz?

- Açığı, “İnter”dən ayrılmaq fikrim yox idi, ayrılmadım da. Özü də həmin vaxt “İnter”in fəaliyyətini davam etdirib-etdirməyəcəyi bilinmirdi. Hətta mənə demişdilər ki, komanda dağıla bilər. Buna görə “Xəzər Lənkəran”la danışığa razılıq verdim, lakin anlaşa bilmədik. Buna görə də peşman deyiləm. Böyük futbola “İnter”də başlamışam, bu klubun yetirməsiyəm və karyeramı da burda davam etdirəcəm. Düzdü, pul lazımdı, amma o, hər şey deyil. “İnter”də hər şeydən öncə insanlıq, yoldaşlıq var.

 

Ruslan SADIQOV / Ta Qali

Xəbər lenti