3 İyul 11:39 Marko Stepanoviç: “Mladost” məqsədinə çatdı - MÜSAHİBƏ
FUTBOL xəbərləri 3 İyul 11:39
14991 baxış

Marko Stepanoviç: “Mladost” məqsədinə çatdı - MÜSAHİBƏ

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Neftçi” ilə 2:2 hesablı heç-heçə edən “Mladost”un yarımmüdafiəçisi Marko Stepanoviçin apasport.az saytına müsahibəsi

 

- “Mladost” Bakıya heç-heçə üçün gəlmişdi?

- İlk oyun səfərdə keçirildiyindən, ilk işimiz qol buraxmamaq və məğlub olmamaq idi. Qapımızı toxunulmaz saxlaya bilməsək də, məğlub olmadıq. Əslində, 2:2 hesablı nəticəni bizim üçün uğurlu saymaq olar.

 

- Görüş gözlədiyiniz kimi keçdi?

- “Neftçi” yaxşı komandadı. Bilirdik ki, komandanızda dəyişikliklər edilib və yenidən qurulub. Son mövsümlə müqayisədə bir neçə futbolçu komandadan gedib, əvəzində gənclər gəlib. Bu vəziyyət bizim xeyrimizə idi. Hesabı açdıq, amma dərhal da qol buraxdıq. Araz Abdullayevin qolu isə möhtəşəm idi. Amma biz ruhdan düşmədik. Sona qədər mübarizə apardıq. Oyunun sonlarına yaxın hücumlarımızı artırdıq. Təbii ki, bundan rəqibin yorğunluğu da sözünü dedi. İstənilən halda, biz sonda məqsədimizə çatdıq.

 

- Bu nəticə cavab oyunu öncəsi sizə əlavə üstünlük verirmi?

- Təsnifat mərhələsinin oyunları 90 yox, 180 dəqiqədən ibarətdi. Səfərdən məğlub olmadan və bol qollu heç-heçə ilə dönürük. Bu hardasa bizə üstünlük verir. Amma bizim burda etdiklərimizi rəqib də bizim meydanımızda edə bilər. Ona görə hörmətlə yanaşmaq lazımdı. Monteneqrodakı oyunöncəsi komandaların şansı 50-nin 50-yədi.

 

- “Neftçi”nin hansı güclü tərəflərini gördünüz?

- Heyətində istedadlı futbolçular var. Gənc futbolçular çox olduğuna görə, daim hərəkətdə idilər. Komandanız haqda xoş sözlər desəm də, reallıq budu ki, mərhələni biz adlamaq istəyirik. Podqoritsadakı dueldən vizanı biz almalıyıq.

 

- “Neftçi” səfərdə sizi təəccübləndirə bilərmi?

- Hazırkı vəziyyət elədi ki, komandaların şansları bərabərdi. Oyun heç-heçə başa çatıb. “Neftçi” bizim meydanımızda 1:0 hesabı ilə qələbə qazansa, mərhələ adlayacaq. Yəni rəqibə hörmətlə yanaşmaq lazımdı. Hələ ki, mərhələni kimin adladığı bilinmir. Ona görə də cavab oyununa yaxşı hazırlaşmalı və ehtiyatlı olmalıyıq. Hansı komandada ab-hava yüksək olsa, qələbəni də o qazanacaq.

 

Xəbər lenti