3 İyul 15:13 Məhv edilən "Neftçi"
FUTBOL xəbərləri 3 İyul 15:13
1885 baxış

Məhv edilən "Neftçi"

Növbəti avrokubok mövsümü çox pis başladı. Təsnifat mərhələsindəki ilk oyunlardan sonra əminliklə yenə də bütün ümidin “Qarabağ”a qaldığını deyə bilərik. Baxmayaraq ki, püşk bu il bizə olduqca asan rəqiblər bəxş etmişdi.


Hələ ilk matçlar başa çatıb. Bəlkə də, bədbin danışmaq üçün tezdi. Axı, 3 təmsilçimizdən cəmi biri - o da səfərdə və sərfəli hesabla – uduzub. Amma ümidsizliyimizin səbəbi oynanılan futbolla bağlıdı. Hələlik ən uğurlu nəticəmizə imza atan “İnter”in oyununu görməmişik, “Qəbələ”nin Gürcüstan səfəri haqda isə əməkdaşımız bəhs edib. Bu səbəbdən bu yazıda “Neftçi”dən danışacağıq.


“Neftçi” döyüşdü, əlindən gələni etdi, bəxti gətirmədi – bütün bunlar boş bəhanədən başqa bir şey deyil. Bu pərdənin arxasında yalnız klubu bu günə qoyan, indi isə reallıqdan qalxan kimi istifadə edən klub rəhbərliyi gizlənə bilər. Bu cavabların qarşısında növbəti sual da yaranır: “Neftçi” niyə bu qədər aciz duruma salındı?


“Mladost” indiyə qədər ölkəmizə gəlmiş ən zəif rəqiblərin başında gedir. Bu komandanı tək ayaqla yenmək, işi ilk oyundaca bitirmək lazım idi. Amma 6 aydı dizini qucaqlayan Flavinyonun maaşı qədər büdcəsi olan rəqib bizim komandanı kötəkləyib getdi. Mənə “gələcəyin komandasını qururuq” nağılını danışmayın. Dövlət indiyə qədər taladığınız səxavət kisəsinin ağzını açsaydı, nə perspektivi düşünərdiniz, nə də gənc nəsli. Bu gün cavanlara ona görə güvənirsiz ki, acgözlüyünüz, israfçılığınızdan bezənlər pul “krantı”nı bağlayıb. Pul ayrılsaydı, yenə əcnəbiləri komandaya doldurub zəif “Mladost”u yendiyinizə sevinəcəkdiz.


İstənilən halda, “Neftçi” kimi komandanı bu günə qoymağa, onu məhəllə komandasına çevirməyə kimsənin haqqı yoxdu. Meydanda olan yerli gənclər çox pis şəkildə yandırılır və onların gələcəyi ayaqlar altına atılır. Gör komanda nə günə qalıb ki, heyətdəki bəzi futbolçular hətta Premyer Liqada oynamadan avrokubok matçına buraxılmışdı. Və bu uşaqlar bir neçə uğursuz oyundan sonra silinəcək, əvəzinə hansısa əcnəbilər top qovacaq, Flavinyo, Erik Ramos, Kaue da Silva qayıdandan sonra əbədi əvəzedici olacaqlar. Ya həmişə onlara güvənilməli, ya da bu şəkildə məhv edilməməlidilər.


“Neftçi” dünənki oyunu ilə Topaz Premyer Liqasında hətta ilk “beşliy”ə də düşə bilməz. Bu komanda zəif “Mladost”la görüşdə belə qapıya yaxın düşə bilmirdi. 2 qol heç kimi aldatmasın. İlk qol kuryoz, ikincisi komandanın ən təcrübəli üzvünün fərdi ustalığının nəticəsi idi. Belə təsadüflərlə isə uzağa getmək olmaz.


Samir Əliyevin bitimə yarım saat qalmış hesabı qorumaq cəhdini də başa düşmədim. Mərhələ keçmək istəyən komanda 2:1-i qorumağa çalışmamalı, zəif rəqibinin üstünə getməliydi. Ancaq “Neftçi”nin baş məşqçisi qapanmaq əmri verdi. Ola bilsin, buna Araz Abdullayevlə Samir Məsimovun zədələnmələri səbəb oldu. Ancaq “Neftçi” 1-2 oyunçudan asılı vəziyyətdədisə, deməli, məhvə məhkumdu.


“Neftçi” üz qızartdı. Təkcə nəticəyə, oyuna görə yox, həm də ümidsiz vəziyyətə salındığına görə. Yeni strategiya, iş üslubu budursa, Müşahidə Şurası tarixi klubun çöküşünü müşahidə etməklə məşğul olacaqsa, Allah xeyir versin.

 

futbolinfo.az 

Xəbər lenti