9 Sentyabr 10:24 “Məni Xorvatiya yığmasında görmək istəyənlərə təşəkkür edirəm” - Robert Prosineçki
FUTBOL xəbərləri 9 Sentyabr 10:24
8143 baxış

“Məni Xorvatiya yığmasında görmək istəyənlərə təşəkkür edirəm” - Robert Prosineçki

Avro-2016-nın seçmə mərhələsində millimizlə qolsuz heç-heçə edən, ardınca Norveçə uduzan (0:2) Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaçın istefaya göndəriləcəyi istisna edilmir. Apasport.az saytının məlumatına görə, onun postunu tutmağa ən real namizədlərdən biri isə yığmamızın çalışdırıcısı Robert Prosineçkidi.

 

Məsələ burasındadı ki, xorvatiyalı azarkeşlər yığmanın “sükanı arxası”nda məhz Prosineçkini görmək istəyirlər. Ancaq millimizlə müqaviləsi olan 46 yaşlı çalışdırıcı fərqli fikirdədi.

 

Bununla bağlı Xorvatiya mətbuatına müsahibə verən Prosineçki Azərbaycan yığmasından ayrılmaq haqda düşünmədiyini bildirib.

 

- Hazırda Niko Kovaçın mümkün gedişindən danışırsız. Halbuki bir neçə gün əvvələ kimi hər şey qaydasında idi, komandanın böyük potensialının olduğu deyilirdi. Məgər indi elə deyil? Əfsuslar olsun ki, bu problem təkcə Xorvatiyada deyil, bütün dünyada futbol belədi. Ancaq bir tərəfdən də yaxşıdı, səni daim məsuliyyətli olmağa məcbur edir. Çünki qələbə qazana bilməyən kimi, başlayırlar tənqid etməyə.

 

- Xorvatiya yığmasının baş məşqçisi postuna namizədlər sırasında daha çox sizin adınız çəkilir. Görünən odu ki, əksəriyyət sizi millidə görmək istəyir...

- Məni Xorvatiya yığmasında görmək istəyənlərə təşəkkür edirəm. Ancaq Azərbaycan millisindən ayrılmaq haqda düşünmürəm. Cəmi 8 aydı yeni işimdə çalışıram. Azərbaycan yığması ilə hələ 2 illik müqaviləm var. Mənə yaradılan şəraitdən razıyam. Düşünürəm ki, onlar da gördüyüm işdən, nəticələrimizdən narazı deyillər. Azərbaycan yığması seçmə mərhələnin ilk 4 görüşündə məğlub olub, yəni 4 oyun itirmişik. Komanda inkişaf edir və biz artıq yaxşı oyun göstəririk. Düzdü, lap yaxşı oynadığımızı deyə bilmərəm, bunun üçün hələ tezdi. Ancaq mən futbolçularıma inanıram.

 

- İstənilən halda, Avropa çempionatında Xorvatiya yığmasını çalışdırmaq sizin üçün də əla olardı...

- Bu kim üçün pis ola bilər ki? Amma təkrar edirəm, mən Azərbaycan yığmasında çalışıram və ordan getmək barədə düşünmürəm. Bundan əlavə, Niko Kovaç hələ komandanın başındadı. Əgər siz dəyişikliyin qaçılmaz olduğunu düşünürsüzsə, fikrimcə, federasiya rəhbərliyi, İcraiyyə Komitəsi ən doğru qərarı qəbul edəcək. Mən isə öz işimə baxıram.

 

- Onda yəqin ki, Azərbaycan yığmasının baş məşqçisi olaraq, gələn ay İtaliya ilə matçda yaxşı nəticə qazanmaqla, Kovaça və ya onun əvəzinə gələcək məşqçiyə kömək etmək istərsiniz...

- Təbii ki, İtaliya ilə oyunda komandam bütün gücünü meydanda qoyacaq. İtaliya bizim üçün əla rəqibdi. Düzdü, onlar möhtəşəm oyun göstərmirlər. Amma daha çox qol vuraraq, qələbə qazanmağı bacarırlar və hazırda qrupda birinci yerdədilər. Bu görüş bizim üçün çox vacibdi. Ardınca isə Bolqarıstana gedəcəyik. Mənim üçün prioritet məsələ dünya çempionatının seçmə mərhələsi olacaq. Xorvatiya yığmasına isə Avropa çempionatına gedən yolda uğurlar arzulayıram.