10 Sentyabr 10:34 “Narazı qaldığım mövqe yoxdu” – Samir Əliyev
FUTBOL xəbərləri 10 Sentyabr 10:34
6455 baxış

“Narazı qaldığım mövqe yoxdu” – Samir Əliyev

“Neftçi”nin baş məşqçisi Samir Əliyevin apasport.az saytına müsahibəsi

 

- Çempionatda yaranmış uzun fasilə başa çatmaq üzrədi. Komandanızın vəziyyəti nə yerdədi?

- Yaxşıdı. Artıq həm əsas, həm də 21 yaşlılardan ibarət millidən oyunçularımız qayıdıb. Demək olar ki, tam heyətlə hazırlaşırıq. Allaha şükür, komandada zədəli futbolçu da yoxdu, yəni heyətlə bağlı hər şey qaydasındadı.

 

- Ölkə çempionatının IV turunda “Rəvan”la qarşılaşacaqsız. Yəqin ki, meydana qələbə üçün çıxacaqsız...

- Əlbəttə ki. Meydana yalnız qələbə üçün çıxacağıq. İnanıram ki, futbolçular bu tapşırığın öhdəsindən gələ biləcəklər.

 

- “Neftçi” ilk 3 turdan sonra 4 xal toplayıb. Komandanızın çıxışı tam olaraq ürəyinizcədi?

- Çempionat təzə başlayıb. Getdikcə daha yaxşı olacaq. Oyunçular bir-birlərinə daha yaxşı öyrənəcəklər. Yeni futbolçumuz Filyo da gəldi. İnanıram ki, o da tezliklə komandaya uyğunlaşacaq və kömək edəcək.

 

- Düşünmürsüz ki, “Neftçi” transferlərdə gecikdi?

- Əsas odu ki, gec də olsa, gəldi. Uyğunlaşması üçün 1-2 oyun lazım olacaq. Narazı qaldığım mövqe yoxdu. Yeni transferlərimiz öz təcrübələri ilə komandaya xeyirli olacaqlar.

 

- Bu heyətlə “Neftçi” çempionatda hansı yerlər uğrunda mübarizə apara bilər?

- Məqsədimiz dekabra kimi liderlər qrupunda olmaqdı. Ən azından, ilk pillələrdən qopmamalıyıq. Planda var ki, qışda heyəti bir qədər də gücləndirək. Dekabra kimi hansı mövqelərimiz axsayacaq, harda problemlərimiz olacaqsa, çempionatın gedişində onları müəyyənləşdirəcəyik və yanvarda həmin boşluqları aradan qaldırmağa çalışacağıq.

 

- Bir qədər də milli komanda barədə danışaq. Yığmamız Xorvatiya və Malta ilə son görüşlərdə necə təsir bağışladı?

- Evdə Xorvatiya kimi komandadan xal aldıq ki, bu, yaxşı nəticədi. Maltaya da qalib gələ bilərdik, ancaq alınmadı. Biz səfərdə 2 xal itirdik. Əgər Xorvatiyadan xal aldıqdan sonra Malta ilə də heç-heçə ediriksə, deməli, o nəticə bizi qane etməməlidi. Məncə, yorğunluq öz sözünü dedi. Ola bilsin, arxayınlaşma da oldu.

 

- “Neftçi”nin futbolçu Ruslan Qurbanov millinin son oyunlarında özünü yaxşı tərəfdən göstərə bilmədi. Yığmadan qayıdandan sonra onunla söhbətiniz olubmu?

- Bəli, olub. Təkbətək söhbət etdik. Ruslana ruhdan düşməməyi, irəli baxmağı məsləhət gördüm. O, hazırda bütün fikrini “Neftçi”yə yönəltməlidi. Özü də məyus idi. Belə başa düşdüm ki, Maltadakı nəticəyə görə millinin bütün üzvləri üzülüblər. Ruslan çox istəyirdi ki, qol vursun ki. Ən azından, onu tənqid edənlər bir qədər yumşalacaqdılar. Amma alınmadı. Çalışacağıq ki, onun üzərində daha çox işləyək ki, həm “Neftçi”yə, həm də millidə xeyri daha çox olsun.

 

- Özünüz də vaxtilə hücumçu olmusuz. Malta ilə görüşdə yığmamızın hər iki qoluna yarımmüdafiəçi Rahid Əmirquliyev imza atdı. Azərbaycan futbolu nə vaxta kimi hücumçu problemi yaşayacaq?

- Qolu kimin vurmasının fərqi yoxdu. Müasir futbolda oyun təkcə hücumçunun üzərində qurulmur. Amma əlbəttə ki, hücumçunun işi ilk növbədə, qol vurmaqdı. Biz də istəyərdik ki, Azərbaycan futbolunda bu problem həll olunsun.

 

Tengiz MƏMMƏDOV

 

Xəbər lenti