20 İyul 14:03 Nazim Süleymanov: “Qarabağ”ın üstünə çox getməməliyik - MÜSAHİBƏ
FUTBOL xəbərləri 20 İyul 14:03
6478 baxış

Nazim Süleymanov: “Qarabağ”ın üstünə çox getməməliyik - MÜSAHİBƏ

19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

 

- Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” Monteneqro təmsilçisi “Rudar”a Bakıda qalib gələ bilmədi. Sizcə, komandamız səfərdən sərfəli nəticə ilə ayrılıb, mərhələ adlaya biləcəkmi?

- Məncə, “Qarabağ” səfərdə daha yaxşı oynayacaq. Rəqib də ona imkan yaradacaq, çünki evdə çıxış edəcəklər. Bakıdakı görüşdə “Qarabağ”ın qələbə qazana bilməməsinin səbəblərinə gəlincə, komandanın yeni mövsümdə ilk rəsmi oyunu idi. Üstəlik, heyətdə yeni oyunçular var. “Qarabağ” hələ yüz faiz tam hazır deyil. Heç bir komanda ilk oyununa tam hazır olmur. Amma buna baxmayaraq, “Qarabağ” üstün oynadı. Sadəcə, Bakıdakı görüşdə qol çatışmadı. Qol epizodları var idi, amma dəyərləndirə bilmədilər.

 

- “Rudar”ın məşqçilər korpusu “Qarabağ”ı yaxşı təhlil etmişdilər. Qeydə alınan nəticədə bu da rol oynadı...

- Futbol səhv oyunudu. Kim rəqibin səhvindən istifadə etdisə, o da qələbə qazanır. “Rudar”ın müdafiə xəttinin buraxdığı səhvlər oldu. Məsələn, Cavid Tağıyevin əldə etdiyi qol imkanını qeyd edərdim. Sadəcə, yaxın məsafədən top qapıya düşmədi. Hər komandanın baş məşqçisi rəqibi analiz edir.

 

- Necə düşünürsüz, “Rudar” öz meydanında da qapalı futbol nümayiş etdirəcək, yoxsa açıq oyuna üstünlük verəcək?

- Yəqin ki, “Rudar”ın məşqçilər korpusunun nəsə planı var. “Qarabağ” da səfərdə necə oynayacağını fikirləşir. Mənə elə gəlir ki, komandamız səfərdə daha inamlı təsir bağışlayacaq. Rəqib açıq oyun göstərsə, “Qarabağ”ın qol imkanları olacaq və bundan da istifadə edə bilərlər.

 

- “Qarabağ”ın heyətində dəyişikliklər olduğunu siz də vurğuladız. Bəs gedən oyunçulardan kiminsə yeri göründümü?

- Onsuz da, hər il komandaya yeni oyunçular gəlir və bəziləri gedir. Bayaq dediyim kimi, “Qarabağ” “Rudar”la matçda yaxşı təsir bağışladı. Bəli, biz çox şeylər istəyirik, istəməliyik də. Amma komandanın üstünə çox getməməliyik. Futbolçuların psixoloji durumu var. Üstəlik, birinci rəsmi oyunlarını keçirdilər.

 

- Serbiyada keçirilən ilk görüşdə “Çukariçki”yə uduzan “Qəbələ”dən nə gözləyirsiz?

- Biz “Qəbələ”dən səfərdə daha yaxşı oyun gözləyirdik. Amma sizə deyim ki, “Çukariçki” çox yaxşı komandadı. Bu da oyundan göründü. Heyətində təcrübəli futbolçular var. Serbiya çempionatında “Voyvodina”ya 4:0 hesabı ilə qalib gəldilər. Bu onu göstərir ki, komandada əhval-ruhiyyə yaxşıdı. Buna baxmayaraq, biz evdə oynayacağıq. Doğma meydança amili var. Bir də ki, 0:1 hesablı məğlubiyyət böyük fərq deyil. Bir şərtlə ki, Bakıdakı görüşdə qol vurmaqla yanaşı, qol buraxmamalıyıq. Amma mənə elə gəlir ki, “Çukariçki” ilə ikinci görüşdə də “Qəbələ” üçün çətin olacaq.

 

- Keçən “İnter”ə. Əksəriyyət maliyyə böhranı ilə üzləşən “bankirlər”in mübarizəni ilk mərhələdəcə dayandıracaqlarını düşünürdü. Ancaq “İnter” ilk mərhələni keçməklə yanaşı, ikinci mərhələnin ilk görüşündə səfərdə “Hafnarfyordur”a qalib gəldi...

- Futbolda hər şey olur. 90 dəqiqə ərzində necə olacağını heç kim əvvəldən bilmir. Meydana çıxırsansa, sona qədər vuruşmaq lazımdı. İndi bütün ölkələrdə futbolu oynaya bilirlər. “İnter” özünə inanmırdısa, Avrokubokda niyə iştirak edirdi ki? Gedibsə, deməli, komanda özün inanır və bunu da meydanda göstərir. Amma arxayınlaşmaq olmaz. Hər oyuna qələbə üçün çıxıb, mərhələ adlamağa çalışmaq lazımdı. Sevindirici haldı ki, komandalarımız reytinq xallarını artırırlar.

 

- “Neftçi”nin Avrokubokda mübarizəni ilk mərhələdəcə dayandırmasının səbəbini nə ilə izah edərdiz?

- Mənə elə gəlir ki, bu komandanın psixoloji durumu bugünkü deyil. “Neftçi” mübarizəni dayandırmasına baxmayaraq, hər iki oyunda yaxşı təsir bağışladı. Deməli, nəsə çatışmadı mərhələ adlamağa. Mən bunu psixoloji vəziyyətlə əlaqələndirərdim. Biz qıraqdan baxırıq və kənardan danışmağa nə var ki? İki nəfər güləşəndə kənardan baxan deyir ki, mən onu yıxardım. Amma döşək üzərinə çıxanda ola bilər ki, özü daha çox psixoloji gərginliyə düşsün və heç döyüşə çıxa da bilməsin.

 

Tengiz MƏMMƏDOV 

Xəbər lenti