10 Noyabr 23:14 Nazim Süleymanovdan ağır ittihamlar
FUTBOL xəbərləri 10 Noyabr 23:14
5215 baxış

Nazim Süleymanovdan ağır ittihamlar

Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirən və Ukraynaya 0:4 hesabı ilə uduzan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Böyükhesablı məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?

- Oyunla bağlı çox söz demək olmaz. Çünki pis oynadıq. Nəticə də bunu göstərir. Birinci hissədə qapılara qol vuurulmasa da, Ukrayna yığmasının fərqlənmək üçün imkanları oldu. Biz də rəqibi əks-hücumda yaxalamaq istəyirdik ki, bəlkə qol epizodu yaradıb, fərqlənə bilək. Təəssüflər olsun ki, buna nail ola bilmədik. Oyun nizam-intizamı da məni qane etmədi. Ukraynalılar bizim futbolçulardan üstün oynadı. Böyükhesablı yenilgiyə görə futbolçular və öz adımdan xalqımızdan üzr istəyirəm.

 

- Futbolçularımız daha çox hava ötürmələrinə üstünlük verirdilər. Rəqibə “ikinci mərtəbədə” uduzduğumuzu bilə-bilə niyə bu cür oyuna üstünlük verirdilər?

- Birinci oyundu, həyəcan var. Top bizdə olanda gərək açılaq və top istəyək, 3-4 çıxış olmalıdı, bu yoxdursa, topu vurub çıxarmaq məcburiyyətində qalırıq. Futbolçularımız açılmır, boş mövqe seçmirdilər.

 

- Bu cür oyunla qrupdan çıxmağa ümid edirsiniz?

- Bu cür oyunla mərhələ adlamaq çətin olacaq, amma tələsməyək. Qarşıda 2 oyunumuz var. Əlimizdə olan heyətlə nəyisə dəyişməyə çalışacağıq. Necə qollar buraxdığımızı gördünüz. Oyunda nizam-intizam itdi, hamı topu götürüb qabağa qaçır. Qabağa qaçıb, qol vuracaqsan? Əvvəl müdafiəni qur, sonra yarımmüdafiə və hücum xətti var. Futbolçularımız arxaya çox ötürmə verirlər. Halbuki futbolda nəticə qazanmaq üçün hücumda çox oynamalısan. İki dayaq yarımmüdafiəçimiz çəkilib müdafiəyə, bəs onların boşluğunu kim dolduracaq?

 

- Bunun günahkarı kimdi?

- Məsuliyyəti üzərimə götürə bilərəm. Əgər futbolçuya tapşırıq veririk və o, meydanda bunu yerinə yetirmirsə, fikri başqa yerdə olursa, buna nə deyək? Futbol ayaq yox, ağıl oyunudu.

 

- Mərkəz hücumçusu probleminin olmasının oyuna təsiri oldumu?

- İlkin Sadıqov və Qara Qarayev zədəli olduqlarına görə komandaya kömək etmədilər. Əsas problemimiz peşəkar olmamağımızla bağlıdı. Bir il gözləyirsən ki, Avropa çempionatının seçmə mərhələsində 3 oyun keçirəcəksən. Buna daim hazırlaşmalısan. Daxilən buna hazır deyilsənsə, zədələnəcəksən. Qara komandaya gələn gündən deyir zədəliyəm. Bu adam “Malaqa”da həftədə 2 gün məşq edir. Bununla nə etmək olar? Bura gəlir, deyir, oram ağrıyır, buram ağrıyır. Bu cür oyunlara hazırlaşmaq olar? Zədələndi, getdi. Bu da onun peşəkarlığı.

 

- Növbəti oyuna qədər nəyisə dəyişmək mümkündürmü?

- Əlimizdə olan “material” budu, onlardan istifadə edəcəyik. Uduzmaq olar, amma mübarizə aparmaq lazımdı. Kim az səhv etsə, o da qələbə qazanacaq.

 

- Müdafiənin sol cinahında problem hiss olunurdu?

- Nəyisə yaratmaq üçün zamana ehtiyac var və çox işləmək lazımdı. Bizim futbolçular da istedadlıdılar. Sadəcə peşəkarlıq çatmır. Elementar qidalanmanı belə düzgün etmirlər. Futbolçu düzgün rejim qurmalı, müəllim-məşqçini dinləməli, öyrənməlidi. Çox işləmək lazımdı.

Xəbər lenti