14 Oktyabr 17:25 “Neftçi” 150 potensial futbolçu arasında seçim apardı - FOTO
FUTBOL xəbərləri 14 Oktyabr 17:25
1628 baxış

“Neftçi” 150 potensial futbolçu arasında seçim apardı - FOTO

Bu mövsümdən strategiyasını dəyişərək gəncləşdirmə siyasəti aparan “Neftçi” uşaq futboluna da diqqəti artırıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu bununla bağlı artıq əməli fəaliyyətə start götürüb.

 

Bakı məktəblərində yeniyetmələri izləməyi və içlərində ən yaxşılarını aşağı yaş qruplarına cəlb etməyi planlaşdıran “Neftçi” ilk olaraq 201 saylı orta məktəbdə seçim aparıb. Bu gün məktəbin həyətindəki meydançada keçirilən seçimdə 6-10 yaş arası uşaqlara baxış olub. Adıçəkilən məktəbin və yaxınlıqda yerləşən daha üç təhsil ocağının 150 şagirdi 5 yaş qrupuna bölünərək, klubun aşağı yaş qrupu üzrə məşqçilərinin sərəncamında olublar.

 

Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov əməkdaşımızla söhbətində bu cür tədbirlərin davamlı olacağını bildirib: “Əslində iyul ayında da belə bir seçim aparılmış və həmin vaxt 120 şagirddən bir neçəsi klubun aşağı yaş qruplarına cəlb olunmuşdu. Rəhbərlik paytaxt məktəblərindəki yeniyetmə uşaqların izlənilməsi üçün belə bir addımı atdı. Məktəblərdə məşqçilərimiz tərəfindən bəyənilən uşaqlar aşağı yaş qruplarına cəlb ediləcək. Bundan əlavə, getdiyimiz məktəblərdə dərnək təşkil etmək fikrimiz də var”.

Xəbər lenti