29 İyul 18:02 “Neftçi” bəyanat yaydı: Bunun hansı maraqlara xidmət etdiyini bilmirik
FUTBOL xəbərləri 29 İyul 18:02
1049 baxış

“Neftçi” bəyanat yaydı: Bunun hansı maraqlara xidmət etdiyini bilmirik

“Neftçi” bu gün mətbuatda komandada kütləvi zəhərlənmənin baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın yaydığı bəyanatda bunun həqiqətə uyğun olmadığı vurğulanıb.

 

Bildirilir ki, son dövrlərdə “Neftçi”də nəinki kütləvi şəkildə, ümumiyyətlə zəhərlənmə halı qeydə alınmayıb: “Neftçi”də kütləvi zəhərlənmə xəbəri bizi sevən hər kəsi narahat etməyə bilməzdi. Heç bir mənbəyi olmayan, qarşı tərəfin münasibəti öyrənilmədən yayılmış bu xəbərin nəyə və hansı maraqlara xidmət etdiyini bilmirik. Lakin onu deməyə məcburuq ki, peşəkarlığa yaraşmayan tərzdə yayılmış xəbər bir çoxlarının narahatlığına səbəb olub. Qəti şəkildə bəyan edirik ki, son dövrlərdə “Neftçi” PFK-da nəinki kütləvi şəkildə, ümumiyyətlə zəhərlənmə halı qeydə alınmayıb. Təəssüflər olsun ki, bəzi mətbu orqanlar maraqlı olan insanlara bilərəkdən və ya bilməyərəkdən xidmət edərək heç bir sübutu olmayan, uydurma faktları dərc ediblər. Bu isə “Neftçi” PFK-nı sevən hər kəsin təşvişinə səbəb olub. Maraqlıdır, bu xəbər yoldaşlıq oyunu olmasına baxmayaraq, komandamızın yeni heyətlə ilk qələbəsini qazandıqdan dərhal sonra mətbuata ötürülüb. Cəfəngiyat dolu məlumatlara inanmayan, əsl peşəkarlıq göstərərək yalan xəbərə yer ayırmayan bütün media orqanlarına təşəkkürümüzü bildiririk”.