14 Oktyabr 16:43 “Neftçi” gələcək barədə fikirləşir” - Marselo Teşeyra
FUTBOL xəbərləri 14 Oktyabr 16:43
5589 baxış

“Neftçi” gələcək barədə fikirləşir” - Marselo Teşeyra

“Neftçi” PFK-nın dəvəti ilə Bakıda səfərdə olan Braziliyanın “Fluminense” klubunun nümayəndəsi Marselo Teşeyra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə maraqlı məqamlara toxunulub.

 

- Neçə gündü Azərbaycandasız. Burda gördüklərinizlə bağlı təəssüratınız necədi?

- Çox şeyi görməyə o qədər vaxtım yox idi. Mən ancaq “Neftçi”nin məşqini gördüm, daha sonra isə U-19-a qarşı yoxlama matçına baxdım. O ki qaldı “Neftçi” klubunun infrastrukturuna, çox modern, təşkilatçılıq baxımından güclü klubdu. İndidən görünür ki, “Neftçi” gələcəyi düşünür. Klubun bu yaşda olan uşaqlarla işləməsi təsdiq edir ki, “Neftçi”, həqiqətən də, gələcək barədə fikirləşir.

 

- “Neftçi” ilə əməkdaşlıq müqaviləsi barədə məlumat verərdiz. Birgə layihələriniz nədən ibarət olacaq?

- “Fluminense” Braziliyanın ən güclü klublarından biridi. Bizdə hal-hazırda beynəlxalq layihə mövcuddu və layihənin içində bir neçə klubla əməkdaşlıq edirik. “Fluminense”nin gənc komandası Avropada keçirilən bəzi turnirlərin qalibi olub. “Neftçi”nin nümayəndələri də orda iştirak etmişdilər və oyunçu seçmişdilər. Ailton həmin turnirlərdən birinin ən yaxşı oyunçusu olmuşdu. Bizim imkanımız oldu ki, “Neftçi”ni daha yaxından tanıyaq. Avropada bizim söhbətimiz, danışığımız olub. Həmçinin, birgə layihələr barəsində danışmışıq. Oyunçu aparıb-gətirməklə bağlı nəsə demək hələ çətindi. Bildiyiniz kimi, bu yaxınlarda “Neftçi”nin nümayəndələri Braziliyada oldular. Cavab addımı kimi biz də Bakıya gəldik. Hələlik ideya mübadiləsi aparırıq. Ümid edirəm ki, gələcəkdə də iş birliyimiz olacaq.

 

- Əməkdaşlıq etdiyiniz Avropanın başqa klubları hansılardı?

- Digər klublarla bizim layihələrimiz yoxdu. Sadəcə, biz bir beynəlxalq layihənin içindəyik. Bu da imkan verir ki, bizim oyunçularımız Avropada, Çində, ABŞ-da oynasınlar. Çalışırıq ki, futbolçularımız Braziliyadan kənarda da özlərini tanıtdırsınlar. Bizim xüsusi proqramımız var. Adı belədi: yaxşı şəxsiyyət yarat ki, yaxşı futbolçu olsun. Yəni yaxşı futbolçu mütləq yaxşı şəxsiyyət, insan olmalıdı. Buna görə də, istəyirik ki, gənc oyunçularımız Avropada oynasınlar. Çünki burda onlar yeni mədəniyyətə yaxınlaşa bilərlər və öyrəşmədikləri şərtlərdə yaşamağa öyrəşərlər. Bizim oyunçularımız meydanda özlərini çox yaxşı göstərirlər, amma meydandan kənarda bəzi problemlərlə rastlaşırıq. Ən əsas problem odu ki, bu oyunçular Poveladan gəlirlər. Buna görə də, bəzi problemlərimiz olur.

 

- Niyə məhz Azərbaycan klubu ilə əməkdaşlıq etmək istədiz? Hər halda, Avropada elə ölkələr var ki, futbolları bizdəkindən də çox inkişaf edib…

- İki səbəb var. Biz inkişaf edən ölkə ilə birgə işləməyi çox istərdik. İngiltərə və İtaliyada yığmanın heyətində çıxış etməyən, avropalı olmayan oyunçu oynaya bilməz. Burda isə 5 legioner oynaya bilər. İkinci səbəb də budu.

 

- “Neftçi”nin gənc futbolçularının Braziliyaya gedib, məşq etməsi, təcrübə qazanması ilə bağlı “ağ-qaralar”la konkret danışığa başlamısızmı?

- Ola bilər. Biz çox istərdik ki, akademiyamızda xaricdən gələn oyunçular olsun. Bu, çox gözəl mübadilə olacaq. Nəyə görə? Çünki xaricdən gələn oyunçu ilə ünsiyyət qurmaq üçün ingilis və digər xarici dilləri öyrənməlisən. Bu bizim üçün də bir inkişaf olacaq.

 

- Bura gələndən sonra “Neftçi”nin futbolçusu Ailtonla görüşüb, danışmısızmı?

- Bəli, dünən görüşdük. Amma ətraflı söhbət edə bilmədik, çünki vaxtımız az idi. Onunla ətraflı danışmaq istəyirəm. Bilsin ki, “Fluminense” onu, doğrudan da, izləyir.  

Xəbər lenti