27 May 11:32 “Neftçi” ilə razılaşıb, “Qarabağ”a necə satdılar?
FUTBOL xəbərləri 27 May 11:32
8580 baxış

“Neftçi” ilə razılaşıb, “Qarabağ”a necə satdılar?

Mövsüm başa çatmamış transfer bazarında fəallıq nümayiş etdirən “Qarabağ” digər klublarla mübarizədə həmişə bir addım öndə olur. Apasport.az saytı xəbər verir ki, Ağdam klubunun heyətinə cəlb etdiyi Coşqun Diniyev, Elvin Məmmədov və Vüqar Mustafayev digər iddialı komandaların da ən çox arzuladıqları oyunçular idi.

 

Xüsusən də, “Neftçi” adıçəkilən futbolçuların hər üçünü almağa çox yaxın idi. Maraqlıdı ki, hər üç transferdə paytaxt komandası məhz “Qarabağ”a uduzdu. Əsasən də Vüqar Mustafayev, belə demək mümkünsə, “Neftçi”nin qapısından döndü.

 

Vüqarın “Simurq”la hələ iki illik müqaviləsi qüvvədə olduğundan, bu məsələdə əsas rolu məhz Zaqatala klubunun rəhbərliyi oynayırdı. Onlar da Mustafayevi “Neftçi”yə yollamaq niyyətində olublar. Hətta iki klub arasında danışıq olmuş və razılıq da əldə edilmişdi. Ancaq “Qarabağ”ın son illər qazandığı imic, çempionluq və Avrokubokdakı uğurlu çıxışı 21 yaşlı Vüqar üçün “Neftçi” adından ağır gəldi. Nəticədə digərləri kimi, Vüqar da “Qarabağ”ı “Neftçi”dən üstün tutdu.

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən Mustafayev özü də “Neftçi”yə keçmək variantının olduğunu etiraf edib. Amma o, ürəyinin apardığı yerə getdiyini bildirib: “Simurq”la “Neftçi” rəhbərliyi arasında mənim keçidimlə bağlı danışıq olmuşdu və hətta razılıq da əldə edilmişdi. “Neftçi” rəhbərliyi daha sonra mənimlə də görüşmüşdü. Amma ora keçəsi olmadım. Çünki əvvəlcədən “Qarabağ”a söz vermişdim. Evdə atamla da məsləhətləşdim. “Qarabağ”a keçməyimlə bağlı qərarı atam verdi. Özüm də “Qarabağ”da oynamaq istəyirdim. “Simurq”la iki illik müqaviləm qüvvədə olduğu üçün onların da razılığı alınmalı idi. Sonra “Qarabağ” rəhbərliyi “Simurq”la da anlaşdı”.

 

Maraqlısı burasındadı ki, “Simurq” müqaviləli oyunçusunu əvvəlcə “Neftçi”yə verməyə razılaşır, lakin üstündən bir həftə keçməmiş “Qarabağ”a satır. Zaqatala klubunu qısa müddətdə qərar dəyişməyə görəsən nə vadar edib?

 

Bununla bağlı “Simurq” rəhbərliyinin də münasibətini öyrənməyə bilməzdik. Klubun baş meneceri Kamran İsmayılov məsələyə qısaca belə şərh verib: “Vallah, mənim bundan xəbərim yoxdu. Vüqar Mustafayevlə bağlı bircə onu bilirəm ki, o, “Qarabağ”a keçib. Daha başqa klubla danışığın olub-olmamağından xəbərim olmayıb. O ki qaldı “Neftçi”nin bizim rəhbərlikdən kiminlə razılaşmasına, yəqin klub prezidenti Anar Bəkirovla danışıblar”.

 

Ruslan SADIQOV

Xəbər lenti