15 Oktyabr 10:26 “Neftçi”nin fəxr ediləsi iki dəyəri var” - Elnur Məmmədov
FUTBOL xəbərləri 15 Oktyabr 10:26
5910 baxış

“Neftçi”nin fəxr ediləsi iki dəyəri var” - Elnur Məmmədov

“Neftçi”nin icraçı direktoru Elnur Məmmədovun apasport.az saytına müsahibəsi

 

- “Fluminense” ilə birgə əməkdaşlıqdan nələr gözləmək olar?

- Bu məsələdə ilk addımlar Almaniyada atılmışdı. Ayltonu da elə ordakı beynəlxalq turnirdə bəyənmişdik. Əməkdaşlıq məsələlərinin müzakirəsini elə orda başlamışdıq. Aylton bura gəldikdən sonra Braziliya klubu ilə danışıb Fluminenseyə getdik və orda geniş müzakirələr apardıq. Əsas məqsəd bu klubla geniş əməkdaşlıq qurmaqdı. Çünki bizim böyük hədəflərimiz var. Orda qərara alınmışdı ki, onların da nümayəndəsi Azərbaycana gəlsin, “Neftçi” ilə tanış olsun. Bildiyiniz kimi, “Fluminense”nin nümayəndəsi Marselo Teşeyra hazırda Bakıdadı. O, əsas və əvəzedici komanda ilə yanaşı, aşağı yaş qruplarının potensialını görür. Çalışırıq onu Azərbaycan futbolu ilə bağlı maksimum məlumatlandıraq.

 

- Sabah yeni titul sponsoru ilə müqavilə imzalayacaqsız. Həmin sponsorun adını hələ də sirr saxlayırsız...

- Artıq sabah imzalanma mərasimi olacaq. Sadəcə, sponsorun adını sürpriz saxlayırıq. Ayın 17-də “Qəbələ”yə qarşı keçirəcəyimiz oyuna komandamız yeni formada çıxacaq.

 

- Orta məktəblərdə aparılan seçimlər “Neftçi”yə nə qazandıracaq?

- Azərbaycanda böyük potensiala malik uşaqlar var. Sadəcə, onları hansısa futbol məktəblərinə aparmaq valideynlər üçün çətin olur. Bütün valideynlər övladlarının yalnız orta məktəbə rahat getmələrinə şərait yaradırlar. Bu səbəbdən də Bakının hər rayonunda bir məktəb seçirik, yaxınlıqdakı məktəblərin də uşaqlarını ora yığıb baxış keçirmək istəyirik. İçlərindən ən istedadlı uşaqları aşağı yaş qruplarımıza cəlb edəcəyik. Gözləməyəcəyik ki, uşaqlar gəlsinlər. Biz özümüz məktəblərə, küçələrə gedib uşaqları seçəcəyik. Həm də bununla istəyirik ki, valideynlər də uşaqlarının potensialını görsünlər. Bəzi araşdırmalar göstərir ki, valideynlər bacarıqlı övladlarını futbola qoymurlar, onları ancaq təhsilə yönləndirirlər ki, yaxşı oxusun, universitetə qəbul olsun. İki ildən sonra yeni bazamızın hazır olması nəzərdə tutulub. Həmin akademiyamızda futbolla yanaşı, tədris prosesini də tam təmin edəcəyik.

 

- Üzvlük kartları layihəsinin icrası nə yerdədi?

- Biz bu kartları ictimaiyyətə açıq satışla başladıq. Bu da yenilikdi. Gözlədiyimizdən də yaxşı oldu. Artıq korporativ satışlar başlayıb. Müəyyən şirkətlər öz əməkdaşları, onların ailələri üçün kartlar sifariş edirlər. Çalışırıq ki, futbola gələcək insanlar kartla təmin edilsin.

 

- Premyer Liqanın “Zirə” ilə ötən tur matçında azarkeşlər sizi istefaya səslədilər. Daha sonra onlarla görüşünüz oldu. Aranızdakı buzlar əridi?

- “Neftçi”nin fəxr ediləsi iki dəyəri var. Biri futbol veteranları, digəri isə azarkeşlərimizdi. Onları başa düşmək olar. Komandadan hər zaman qələbə gözləyirlər. Hər hansı bir problem olanda da kimisə günahlandırmalıdılar. Həmin oyunda 5-6 nəfər bir neçə saniyəlik etiraz etdi. Daha sonra onlarla görüşdük. Bəlkə nəsə bir iddiaları, təklifləri var. Bütün suallarını vermək üçün imkan yaratdıq və hamısını cavablandırmağa çalışdıq. Azarkeşlərə hesabat vermək bizim borcumuzdu. Klubun üzvləri ilə daim açıq dialoqa çalışırıq. Bəzi problemlər kənardan daha yaxşı görünür. Görsək ki, hansısa məqamda onlar düzdülər, çalışarıq o nöqsanları yoluna qoyaq.

 

- Ancaq azarkeşlər də “Neftçi”nin heç 2-ci pillədə olmasını qəbul etmirlər, qaldı ki, 5-ci yeri...

- Bunu çox gözəl başa düşürük. Bu gün istəyimiz yerli oyunçulara güvənmək və onlarla birlikdə yüksəlməkdi. Avrokuboklara niyə çıxmaq istəyirik? Orda yerli gənclərimizi oynadıb, digər klublara göstərməkdi. Bu da biznesin bir növüdü. Çalışırıq pul bizim ölkəyə gəlsin. Futbolçu xaricdə oynayanda qazandığı pul bizim ölkəyə girəcək. Əgər bu işləri düzgün görsək, gələcəkdə futbolçularımız hansısa nəhəng klublarda oynayacaqlar. Orda qazanacaqları milyonlarla pullar da Azərbaycana qayıdacaq. Düzdü, bu 1-2 ilin işi deyil. Ancaq indidən təməlini qoyuruq ki, gələcəkdə bəhrəsini görək.

 

- Heyətdə aparılan gəncləşmə gələcəyə hesablanıb. Konkret neçə ildən sonra böyük hədəfləri olan “Neftçi” komandası görəcəyik?

- Əsas hədəfimiz 3 ilə Çempionlar Liqasının qrup mərhələsində oynamaqdı. Bununla da klubun maliyyə stabilliyini təmin edə bilərik. Çünki qrupa vəsiqə qazananda, ən azı 9 milyon dollar pul qazanırsan. Bu isə klubun sponsorlardan asılılığını azaldır. Düzdü, bizim SOCAR kimi böyük dəstəyimiz var. Amma özümüz də pul qazanmalıyıq. Bir atalar məsəli var: Yaxşı oğul ata malını neylər, pis oğul ata malını neylər? Yaxşı oğul özü qazanıb xərcləyəcək, pis oğul isə ata malını dağıdacaq. Bu il artıq büdcəmizi də təsdiqləmişik və ilin sonunda bunu ictimaiyyətə açıqlayacağıq. Bizim bütün fəaliyyətimizi neftlə bağlamamalıyıq. Klub “mənə pul verəcəklər, xərcləyəcəm” düşüncəsindən uzaq olmalıdı. Bu səbəbdən klub olaraq biz də qazanc gətirmək istəyirik. Bu əməkdaşlıqlar, gördüyümüz işlər də buna hesablanıb. “Neftçi” sabah yoxa çıxacaq klublardan deyil. Çalışırıq bəzi məsələlərdə maliyyə xərclərimizi azaldaq.

 

- İlk 7 turdan sonra işlər istədiyiniz məcrada gedir?

- Bizim cari mövsümlə bağlı hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdı, inşallah, bunu da bacaracağıq. Çünki bu, “Neftçi”di. Əlbəttə ki, yeni komandada qeyri-stabil çıxış, zədələnmələr olur. Bunlar ilkin dönəmdə özünü göstərə bilər. Ancaq indidən “iş yaxşı getmir” demək də düzgün deyil. “Qarabağ”la və ondan öncəki oyunlar göstərdi ki, komandada potensial var. Məğlub olduğumuz hər iki görüşü azlıqda qalaraq keçirmişik. Bu da onu göstərir ki, gənc komanda olduğu üçün azlıqda qaldıqdan sonra psixoloji problem yaranır. Möhkəmlənmək lazımdı. 19 yaşlı Fəhmin Muradbəyli onu üç dəfə yıxandan sonra dördüncüdə reaksiya göstərir. Onlara da müəyyən vaxt lazımdı.

 

- Baş məşqçiniz Samir Əliyevə inam böyükdü. Onu hətta yeni Qurban Qurbanov hesab edənlər də var...

- Qurban Qurbanov özü də “Neftçi”nin yetirməsi olub. Samir Əliyev Azərbaycanın ən güclü hücumçularından biri olub. Əlbəttə ki, insan öz üzərində işləyərsə və ona hər zaman dəstək olarsa, vaxt verilərsə, yaxşı nəticə əldə etmək mümkün olar. Biz də öz futbolçumuza, öz məşqçimizə inanmaq istəyirik. Bəli, onların beynəlxalq arenada təcrübələri azdı, amma bu, düzələn şeylərdi. Bir az vaxt lazım olacaq. Onları təcrübə toplamaq üçün xarici klubların düşərgələrinə göndərəcəyik. Amma qayıdıb Azərbaycan üçün çalışacaq. Hansısa peşəkar əcnəbi məşqçi gətirsək, bir müddət sonra o gedəcək, təcrübəni də özü ilə aparacaq. Biz özümüzünkünə şərait yaradaq ki, o da bizə xeyir versin.

 

Ruslan SADIQOV

Xəbər lenti