9 Noyabr 20:43 “Nikolov prezident kimi “İnter”ə dayaq durmur” – Səlahət Ağayev
FUTBOL xəbərləri 9 Noyabr 20:43
5249 baxış

“Nikolov prezident kimi “İnter”ə dayaq durmur” – Səlahət Ağayev

Topaz Premyer Liqasının XII turu çərçivəsində baş tutan “Qəbələ” – “İnter” qarşılaşmasından sonra jurnalistlərə müsahibə verən “bankirlərin” qapıçısı Səlahət Ağayev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Əvvəlcə oyun haqqında fikirlərinizi bildirərdiniz...

- “Qəbələ” ilə oyunlarımız həmişə çətin olur. İndiki vəziyyətimizdə səfərdə “Qəbələ”dən bir xal almağımız normaldı. Məncə, yaxşı oynadıq, axıra kimi mübarizə apardıq, bir xal haqqımız idi.

 

- Matçın gedişində azarkeşlərlə aranızda gərginlik yaşandı. Bunun səbəbi nə idi?

- Azarkeşlər oyunboyu arxada məni təhqir edirdilər. Biz futbolçuyuq, meydana çıxırıq ki, əməyimizin bəhrəsini görək. Qapının arxasından qeyri-etik ifadələr işlətdilər. Mən də onlara tərəf dönüb dedim ki, söyüş söyməyin. Əvvəla, azərbaycanlıyam, əgər Azərbaycan futbolunu fikirləşirlərsə, belə şeylər lazım deyil. Ümumiyyətlə, təkcə “Qəbələ” tərəfdarlarına yox, bütün azarkeşlərə səslənirəm. Əgər bizim azarkeşlərimiz belə hərəkət etsələr, mən özüm, şəxsən qarşısını almağa çalışaram.

 

- Komandada maliyyə vəziyyəti nə yerdədi? Əvvələ baxanda, heç olmasa, bir az irəliləyiş varmı?

- Necə bilirsiniz elədi. Keçən ilə baxanda, büdcəmiz çox aşağı düşüb. Ancaq bu bizim işimizdi, müqaviləmiz var və ona uyğun mübarizə aparırıq. Yanvara qədər gözləyəcəyik, görək sonra nə olacaq?

 

- Son qarşılaşmalarda komanda qələbə qazana bilmir. Üç matçdan üç bərabərliklə ayrılmısınız, bunu maddi problemlərlə əlaqələndirmək olarmı?

- İndiki vəziyyətdə əgər 3 oyundu uduzmuruqsa, bu komanda qəhrəmandı.

 

- Mətbuata açıqlama vermişdiniz ki, maaşlarınız verilmir, ancaq bir az əvvəl prezident Georgi Nikolov dedi ki, artıq sentyabr ayının maaşları köçürülüb...

- Maaş hər 30-50 gündən bir olur. Avropa Liqasında keçirdiyimiz oyunların mükafatlarından isə hələ ki bir xəbər yoxdu.

 

- Rəhbərlik nə deyir bəs? Bir məlumat verilmir?

- Rəhbərlik deyəndə ki, keçənilki adamlardı. Georgi Nikolovdu prezident, ancaq bir rəhbər kimi komandaya dayaq durmur. Bir nəfər yoxdu ortaya çıxsın ki, komandaya biz baxırıq. Bircə onu bilirik ki, Beynəlxalq Bank maliyyələşdirir, az da olsa, sağ olsun.

 

- Bəzi komanda yoldaşların təklif gələcəyi halda qışda komandadan getməyə hazır olduqlarını bildiriblər. Siz də bu fikirdəsiniz?

- Mənə təkliflər yaydan var idi. Bilmirəm mətbuatın bundan xəbəri var idi, ya yox, ancaq mən komandamda qalmağı üstün tutdum. Ancaq bu vəziyyət davam edəcəyi halda, kim ki getmək istəsə, ona heç nə demək olmaz. Heç kimi qınamaq olmaz.

 

- Ümumiyyətlə, komanda şəklində bu vəziyyətə narazılığınızı bildirmisiniz?

- Komanda şəklində toplantılarımız çox olub. Ancaq bir adam yoxdu ki, ona etiraz bildirəsən. Kimə deyəsən dərdini?

 

- Oyundan əvvəl komanda yoldaşlarınız bildirmişdilər ki, əgər maaşlar verilməsə, bu oyuna çıxmayacaqsınız. Bəs nə baş verdi ki, qərarınızı dəyişdiniz?

- Bu oyundan qabaq maaşımızı aldıq. Bayaq da qeyd etdim, 40-50 gündən bir ödəmələr edilir. Əvvəl aybaay verirdilər, son vaxtlar isə uzanır.

Xəbər lenti