10 Noyabr 11:51 “O sözə görə ikinci dəfə ailə həyatı qurmadım” – Səmədağa Şıxlarov
FUTBOL xəbərləri 10 Noyabr 11:51
7099 baxış

“O sözə görə ikinci dəfə ailə həyatı qurmadım” – Səmədağa Şıxlarov

Veteran futbolçu, “Neftçi”nin seleksioner məşqçisi Səmədağa Şıxlarovun apasport.az saytına müsahibəsi

 

“Oğlumun mənə demədiyi şeyləri anasından öyrənirəm”

 

 

- “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Dortmund səfərində iştirak edənlərdən biri də siz idiniz. Almaniyaya getməyiniz ancaq oyunla bağlı idi?

- Həm oyunu seyr etmək, həm də oğlumu görmək istəyirdim. Oğlum Almaniyada, Bohum şəhərində yaşayır. “Qəbələ”nin qrupda “Borussiya” ilə düşdüyünü biləndə fikirləşdim ki, klubla birgə gedə bilərəm. Çünki Bohumla Dortmund arasındakı məsafə çox azdı. “Qəbələ” rəhbərliyinə müraciət etdim, sağ olsunlar, istəyimə qarşı çıxmadılar. Klubla birgə getdik, həm oğlumu gördüm, həm də “Qəbələ”yə azarkeşlik etdim.

 

- Oğlunuz Almaniyada nə işlə məşğuldu?

- Bohumda uşaq futbol komandasında işləyir, məşqçilik edir. Əvvəl orda oynayırdı, 17 yaşına kimi futbolu davam etdirdi, sonra zədə aldı. Ayağını 13 dəfə əməliyyat etdilər. Buna görə də, futbolçu karyerası istədiyi kimi alınmadı. Oğlum 20 ildi Almaniyada yaşayır.

 

- Neçə vaxt idi ki, onu görmürdüz?

- Yayda gəlmişdi Bakıya. Ona kimi isə 6 il idi Azərbaycana gəlmirdi. Bu dəfə qərara gəldim ki, mən gedim, onu görüm.

 

- Oğlunuz Bohumda anası ilə birgə yaşayır?

- Bəli, anası da Almaniyadadı. Bakını 20 il qabaq, 1995-ci ildə tərk etdilər.

 

- Yayda Bakıya tək gəlmişdi, yoxsa?

- Bəli, tək.

 

- Yoldaşınızla indi münasibət saxlamırsız?

- Biz ayrılmışıq. Buna baxmayaraq, əlaqəmiz qalıb. Oğlumun mənə demədiyi şeyləri anasından öyrənirəm. Uşaq bəzi şeyləri gizlədir, demir, çəkinir. Müəyyən şeylər var ki, onları mən də bilməliyəm. 

 

“Almaniyada kimə lazımam?”

 

- Yoldaşınızdan ayrılandan sonra ikinci dəfə ailə həyatı qurmusuzmu?

- Qurmamışam. Biz ayrılandan sonra söz verdim ki, bir də evlənməyəcəm. Buna görə də ikinci dəfə ailə həyatı qurmadım. Sözümün üstündə durdum.

 

- Oğlunuzdan ayrı, ailəsiz yaşamaq...

- Çətindi, çox çətindi. Buna dözmək... Həddindən artıq çətindi.

 

- Sirr deyilsə, yoldaşınızdan ayrılmağınızın səbəbi nə olmuşdu?

- Getmək məsələsi. Almaniyada yaşamaq istəyirdi, çünki bacısı orda yaşayırdı. Mən isə buna razılaşmadım. Almaniyaya getməyə, yaşamağa qarşı çıxdım. Nəticəsi belə oldu.  

 

- Həmin qərarınıza görə indi peşmanlıq çəkirsizmi?

- Oğlum həmişə istəyir ki, mən də Almaniyaya gedim. Bu dəfə gedəndə də məni özü qarşılayıb, yola saldı. Amma mən orda yaşaya bilmərəm. Çünki vətənim Azərbaycandı, bura alışmışam. Bakıda çoxlu tanışlarım, dostlarım var. Düzdü, oğul oğuldu, bu, sözsüz. Mənim üçün ondan dəyərli nə ola bilər ki? Amma bir oğulla bütün problemlər həll olunmur. Bakıda bir yerdən o biri yerə çatana kimi 20-30 adamla görüşürəm, qayıdanda da 50-si ilə. Qapını açanda, o saat qonşularım hal-əhval soruşurlar. Almaniyada necə yaşayım? Dil bilmirəm. Orda mənim kimi milyon adam var, Almaniyada kimə lazımam?

 

“60 yaşım var, hələ baba deyiləm”

 

- Yoldaşınız da sizin kimi, ikinci dəfə ailə həyatı qurmayıb?

- O, qurub. İkinci yoldaşı diplomatdı. Oğlum onlarla yox, ayrı yaşayır.

 

- Oğlunuz evlidi, öz ailəsi varmı?

- Hələ subaydı. Görək də, tələsdirirəm. Veteran futbolçulardan 2-3 nəfər var ki, hələ baba deyilik. Şakir Qəribovdu, İsgəndər Cavadovdu, bir də mən. Bizə hələ “baba” deyən olmayıb (gülür). Mən öz yaşıdlarımı nəzərdə tuturam. Zarafat deyil, artıq 60 yaşım var, amma hələ baba deyiləm.

 

- Yəqin ki, buna görə oğlunuzu tez-tez tənbeh edirsiz...

- Əlbəttə ki. Artıq 30 yaşı var. Görüşəndə də, telefonla danışanda da onu buna görə danlayıram. Yayda gələndə ay yarım Bakıda qaldı. Çox istədim ki, elə həmin vaxt evləndirim. Dedim, bax, özünə qız seç. Düzdü, onun Almaniyada tanışı var, məktəbdə oxuduğu qızla görüşür. Amma mən ona deyə bilmərəm ki, onunla evlən, ya evlənmə. O qız polyakdı. Seçim oğlumundu. Artıq 10 yaşından Almaniyaya gedib. Bakıya gələndə də görürəm ki, uyğunlaşmaqda çətinlik çəkir. Mühit təsir edib.

 

“Yaş ötdükcə tək yaşamaq çətinləşir”

 

- Yoldaşınızın ikinci dəfə ailə həyatı qurmasına necə razılaşdız? Bu, sizə pis təsir etmədimi?

- Həyat onundu. Biz artıq ayrılmışıq. Odu ki, həyatı ilə bağlı qərarları özü verir. Almaniyaya gedəndə oğlumu ona vermədim. İstəmədim ki, uşaq anası ilə getsin. Oğlumun onda 9-10 yaşı var idi. Məşqə gedirdi, özü futbolu seçmişdi. Bundan əlavə 5 yaşından onu ingilis dili kursuna yazdırmışdım. Mən 1974-cü ildə, 19 yaşım olanda İrana oynamağa getmişdim. Orda hamı ingiliscə danışırdı. Dedim ki, Bakıya qayıdandan sonra mən də ingilis dilini öyrənəcəm. Bu günə kimi də öyrənə bilmirəm (gülür). Öyrənə bilmədiyimi görəndə özümə söz verdim ki, oğlumu, qardaşım və bacım uşaqlarını ingilis dilini kurslarına getməyə məcbur edəcəm. Oğlum hazırda 4-5 dil bilir. Hə, qayıdım oğlumun Bakıdan getməsinə. Həmin vaxt işimlə əlaqədar ona lazımınca vaxt ayıra bilmirdim. Bundan sonra oğlumu da anasının yanına yola salası oldum.

 

- 60 yaşında tək yaşamaq yəqin ki, çətin olar. Sizə kim qulluq edir?

- Bacım. Yanımda yaşamır, amma nəsə lazım olanda köməyini əsirgəmir. Bir də özüm özümə baxa bilirəm. Yağlı yeməklər yemirəm, mənim öz rejimim var.

 

- Yoldaşınızdan ayrıldıqdan sonra bəyəndiyiniz, ikinci dəfə ailə həyatı qurmaq istədiyiniz xanım olmayıbmı?

- Bəyəndiyim xanımlar olub. Amma verdiyim o sözə görə ikinci dəfə ailə həyatı qurmadım. İndinin özündə də buna görə peşman deyiləm. Düzdü, yaş ötdükcə tək yaşamaq mənim üçün çətinləşir. Hər şeyi özüm etməli oluram. Bu həyata öyrəşsəm də, müəyyən çətinliklər hiss edirəm. Ola bilər ki, bir neçə ildən sonra bunun acısını daha çox çəkəcəm.

 

“Ailəsiz, uşaqsız 1 gün 1 ilə bərabərdi”

 

- Həyatdan köçəndən sonra insanın ailəsi, övladları qalır...

- Mən həyatdan köçəndən sonra yerimdə oğlum qalacaq. Burda davamçılarım isə qardaşım və bacım uşaqlarım olacaq. Bilirəm ki, oğlum Azərbaycana yaşamağa heç vaxt gəlməyəcək. Çünki burda yaşaya bilmir. Əslində, Bakını çox istəyir. Gələndə gəzir, dənizə getməyi xoşlayır. Azərbaycanın meyvələrini çox bəyənir. Sadəcə, burdakı mühitə öyrəşə bilmir. Deyir ki, mən orda yaşaya bilmərəm.

 

- Valideynlərinin ayrıldığına görə, oğlunuz kimi qınayır: sizi, yoxsa anasını?

- O, çox diplomat oğlandı. Bu barədə söhbətimiz olmayıb. Özü hər şeyi başa düşür. Heç vaxt mənə deməyib ki, nəyə görə ayrılmısız? Anasına deyib-demədiyini bilmirəm. Ana başqa, ata başqadı. Bəlkə də, anasına bu barədə nəsə deyib. Mənim xarakterim bir az başqadı. Ola bilsin, çəkindiyi üçün mənə heç nə deməyib.

 

- Yəqin ki, oğlunuzun da ailə həyatının dağılmasını istəmərsiz...

- Gözümün ağı-qarası bir oğlum var. İstəyirəm ki, onun ailə həyatı daha yaxşı olsun.

Ailənin dağılmasını təkcə oğluma yox, heç kimə arzulamıram. Ailədən, uşaqdan ayrılmaq çox çətindi. Bunu ancaq yaşayanlar bilər. Elə adamlar var ki, uşağa, ailəsinə deyinir ki, bəsdi, yorduz məni. Amma bilmir ki, ailəsiz, uşaqsız 1 gün 1 ilə bərabərdi.

 

Tengiz MƏMMƏDOV

 

 

Xəbər lenti