28 Avqust 17:35 Oleq Kononov: “Borussiya” favorit, “Qəbələ” tanış komandadı
FUTBOL xəbərləri 28 Avqust 17:35
8722 baxış

Oleq Kononov: “Borussiya” favorit, “Qəbələ” tanış komandadı

“Aydındı ki, qrupumuzun favoriti “Borussiya”dı. Ümumilikdə, püşkün nəticəsindən razı qaldım”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Krasnodar”ın baş məşqçisi Oleq Kononov deyib.

 

Rusiya təmsilçisi Avropa Liqasının qrup mərhələsində Azərbaycan klubu “Qəbələ”, həmçinin Dortmund “Borussiya”sı və Yunanıstan PAOK-u ilə eyni qrupda mübarizə aparacaq.

 

Püşkü dəyərləndirən Kononov komandasının ikinci yer uğrunda yarışacağını qeyd edib.

 

Bundan əlavə, təcrübəli çalışdırıcı qrupdakı bütün rəqiblərin ona tanış olduğunu bildirib:  “PAOK və “Qəbələ” ilə birgə ikincilik uğrunda yarışacağıq. Püşkün nəticəsindən narazı qala bilmərəm. Çünki bütün rəqiblərimiz mənə tanışdılar. Onlardan nə gözləyəcəyimizi bilirəm. “Karpat”ın baş məşqçisi olanda “Borussiya” və PAOK-la qarşılaşmışam. Yenidən onlarla üz-üzə gəlmək maraqlı olacaq. “Borussiya” ilə 2010-cu ildə Lvovda keçirdiyimiz oyun daha yaddaqalan olmuşdu. Yadımdadı, gərgin qarşılaşmanın sonunda 3:4 hesabı ilə uduzmuşduq. PAOK-la isə 2011-ci ildə qarşılaşmışam. Yekun nəticədə uduzsaq da, öz meydanımızda pis oyun göstərməmişdik. Salonikidəki atmosferi unutmamışam. Azarkeşləri PAOK-u yaxşı dəstəkləyirlər. Ancaq bu, bizi qorxutmamalıdı. Hər bir futbolçuya dolu tribunalar qarşısında oynamaq xoşdu”.

 

“Qəbələ” barədə də fikirlərini bölüşən Kononov təmsilçimizin heyətindən xəbərdar olduğunu vurğulayıb: “Qəbələ” mənə tanışdı. Bilirəm ki, “Qəbələ”ni Roman Qriqorçuk çalışdırır. Bundan əlavə, komandada hansı futbolçuların çıxış etməsindən də xəbərdaram”.

 

 

Xəbər lenti