16 Oktyabr 12:34 “Oyunu xeyrimizə dəyişə biləcək futbolçumuz yoxdu” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 16 Oktyabr 12:34
3297 baxış

“Oyunu xeyrimizə dəyişə biləcək futbolçumuz yoxdu” - MÜSAHİBƏ

“Neftçi”nin qapıçısı Aqil Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Sabah Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaqsınız. Komandada vəziyyət necədi?

- “Zirə”yə məğlubiyyətdən sonra komandadan ayrıldıq və milliyə yollandıq. Buna görə də düşərgədəki atmosferi tam dəqiqliyi ilə bilmirəm. Hər halda rəqibimiz “Qəbələ”disə, motivasiya da fərqli olacaq. Var gücümüzlə mübarizə aparacağıq. Həm məzmunlu oyun göstərmək, həm də 3 xal qazanmaq istəyirik. Əsas odu ki, “Neftçi”yə yaraşan futbol oynayaq.

 

- “Qəbələ”nin iki cəbhədə - çempionatda və Avropa Liqasında mübarizə aparması işinizə yaraya bilərmi?

- “Qəbələ” peşəkar klubdu. Onlar bütün oyunlara, o cümlədən bizimlə duelə ciddi yanaşırlar. Avropada nə qədər uğur qazansalar da, “Neftçi” kimi adlı-sanlı komandanı da yenmək istəyəcəklər. Turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırmaq üçün bunu etməyə çalışacaqlar. “Neftçi” də çalışacaq ki, qələbəni gözəl oyunla qazansın. Məqsədimiz “qara zolaq”dan çıxmaqdı.

 

- “Qəbələ”nin hansı mövqeyində yer alan oyunçulardan çəkinirsiniz?

- Güclü heyətləri var. Ehtiyat futbolçuları da əsas heyət üzvlərindən geri qalmır. Əsas güclü cəhətləri hücum xətti ilə bağlıdı. Ön xətdə yaxşı oyunçular cəmləşib.

 

- Oyun bu dəfə Bakıxanovdakı stadionda keçiriləcək. Belə yerdəyişmələr oyununuza təsir etmir?

- “Bakcell Arena”da oynasaydıq, daha yaxşı olardı. Bu stadionun atmosferi tamam başqadı. Nəyisə bəhanə gətirmək istəmirəm, nəyin necə olacağını oyun göstərəcək.

 

- “Neftçi”nin qeyri-sabit çıxışının səbəbi nədi?

- Səbəblər çoxdu. Ehtiyat oyunçular skamyamız geniş deyil. Əksəriyyəti gənclərdi. Oynayanların arasında da gənclər çoxdu. Meydanda matçı xeyrimizə dəyişə biləcək futbolçumuz yoxdu. Buna görə çətinlik çəkirik.

 

- Hər halda, bu cür nəticələr ölkənin ən köklü klubu üçün bağışlanmazdı?

- Rəhbərlik, məşqçi heyəti dəyişib. Bir sözlə, struktur yenilənib. Bunun da təsiri az deyil. Yeni rəhbərliyin planları tam fərqlidi. Artıq gələcəyə ümidlə baxmaq olur. Onların fikirləri başqadı.

 

- Hazırkı rəhbərliklə baş məşqçi arasında münasibətlərin heç də isti olmadığı haqda müəyyən məlumatlar dolaşır...

- Futbolçularla, məşqçilərlə əla münasibət var. Hansısa problem olduqda, vaxtında həll etməyə çalışırlar. Rəhbərliklə hansısa problemin olduğunu görməmişəm.

 

- Digər qapıçı Miçal Peskoviçlə münasibətiniz?

- Əla. Peskoviç təcrübəli qapıçıdı. Rəqabət isə inkişaf üçün vacibdi. Dmitri Kramarenko kimi qapıçılarla işləyən məşqçimiz var. İnkişaf etməyimdə onun rolu danılmazdı.

 

- Amma həmkarınız ilk görüşündə buraxdığı kobud səhvlə inamsız qapıçı təsiri bağışladı...

- Həmin qolda qapıçının heç bir günahı yox idi. Müdafiəçi səhvə yol vermişdi. Çünki qapıya 1 metr məsafə qalmış müdafiəçi əyilib topu qapıya tərəf buraxırsa, bu, qapıçının yox, həmin futbolçunun səhvidi.

Xəbər lenti