26 Avqust 21:58 “Panatinaikos”a qarşı 1 yox, 2-3 sehrli çubuq lazımdı” - Roman Qriqorçuk
FUTBOL xəbərləri 26 Avqust 21:58
3843 baxış

“Panatinaikos”a qarşı 1 yox, 2-3 sehrli çubuq lazımdı” - Roman Qriqorçuk

“Əminliklə deyə bilərəm ki, sabah hamı özünü oyuna həsr edəcək”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

“Qırmızı-qaralar” UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah cavab matçına çıxacaq. Bakıdakı qolsuz bərabərliyin (0:0) ardından “Qəbələ” bu dəfə Afinada “Panatinaikos”un qonağı olacaq.

 

Ukraynalı mütəxəssis qarşılaşma öncəsi mətbuat konfransında komandasının şanslarını dəyərləndirib: “Məlum futbolçuların sabahkı oyunu buraxacaqlarını bilirsiniz. Qalan bütün futbolçular hazırdı. Birinci oyundan fərqli çıxış edəcəyik. Çünki meydançanın durumuna baxmaq imkanım oldu. Ot örtüyü çox yaxşıdı. Əgər Bakıdakı görüşdə bu baxımdan çətinlik çəkdiksə, sabah hər iki komanda kombinasiyalı futbol göstərəcək. İnanıram ki, bunu bizim komanda daha yaxşı edəcək və qalib gələcək”.

 

- Komanda matça psixoloji cəhətdən nə dərəcədə hazırdı?

- Sabah rəqib komanda daha çox azarkeşlə iştirak edəcək. Amma bizim futbolçuların keçdikləri yolu nəzərə alsaq, düşünürəm ki, onlara bunun bir təsiri olmayacaq. Təəssüf ki, burda bizim azarkeşlər olmayacaq. Onlar Bakıda bizi möhtəşəm şəkildə dəstəkləmişdilər. Düzdü, onların yoxluğu bizim üçün mənfi haldı. Amma rəqib azarkeşlərinin onlara dəstəyi bizə mənfi təsiri olmayacaq.

 

- Meydançanın durumunu hansı komanda üçün üstünlük saymaq olar?

- Məncə, hər iki komanda üçün üstünlükdü. Çünki “Panatinaikos” da bu meydançada oynamağa öyrəşib. Ot örtüyünün gözəl olması bizim də öz oyunumuzu göstərməyimizə şərait yaradacaq. Rəqibin baş məşqçisi bildirib ki, onlar bu dəfə fərqli oyun göstərəcəklər. Mən “Panatinaikos”un çox matçını izləmişəm. Onların necə oynayacaqlarını yaxşı bilirəm. Bakıda hər iki komanda öz oyununu göstərə bilməmişdi.  

 

- Həmişə 5:0 hesabı ilə qələbə qazanmaq istədiyinizi demisiniz. Bu dəfə 4:0 hesabı sizi qane edəcək?

- Sehrli çubuğum olsaydı, Bakıda 5:0 hesabı ilə qələbə qazanardıq. Bu cür rəqibə qarşı 1 yox, 2-3 sehrli çubuq lazımdı. Əsas odu ki, bizi qane edən hesaba nail olaq və qrup mərhələsinə vəsiqə qazanaq.

 

- Komandanızın futbolçuları qrupa vəsiqəni 90 dəqiqə ərzində həll etmək istədiklərini deyiblər. Siz necə düşünürsünüz?

- Səhərə qədər oynamağa, hətta 100 penalti vurmağa da hazırıq. Yetər ki, qələbə qazanaq.

 

- Komandanı qollu bərabərlik də qane edəcək. Bu amil futbolçulara psixoloji cəhətdən mənfi təsir edə bilərmi?

- Yaxşı olardı ki, biz qol vuraq. Bunun üçün çalışacağıq.

 

- Rafael Santosun yoxluğunda müdafiənin mərkəzində ilk dəfə Stankeviçlə Vernidub çıxış edəcək. Bu, sizə problem yaratmayacaq?

- Santosun yoxluğu heç nəyi dəyişmir. Çünki bizə qol vurmaq lazımdı. Santos isə qol vuran oyunçu deyil. Məncə, mərkəzdəki cütlüyə görə narahatlıq keçirməyə dəyməz. Rəqib kəsərli hücumlar edən komandadı. Əsas müdafiəçilərin necə oynayacağı yox, komandanın çıxışı önəmlidi. Sabah nə qədər çox hücum etsək, bir o qədər rəqibə az hücum etmək imkanı verəcəyik. Sabah bacardıqca çox hücum etməyə çalışacağıq.

 

- Sabah hansı amil qələbədə mühüm rol oynayacaq?

- Hücumda necə oynamağımız.

 

- Asif Məmmədovun əsas heyətdə yer almasını gözləmək olar?

- Heyətlə bağlı açıqlama vermək istəmirəm. Heyətdə kimin yer alacağını sabah görəcəksiniz. Hazırda hamının sabah oynamaq şansı var. Amma kimin nə qədər oynayacağına sabah aydınlıq gələcək.

 

Ruslan SADIQOV
Afina

Xəbər lenti