26 Avqust 18:51 “Panatinaikos”u keçmək mümkündü” - George Floresku
FUTBOL xəbərləri 26 Avqust 18:51
3743 baxış

“Panatinaikos”u keçmək mümkündü” - George Floresku

“Qəbələ”nin rumıniyalı yarımmüdafiəçisi George Floreskunun apasport.az saytına müsahibəsi

 

- Sabah UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”la cavab matçına çıxacaqsınız. Tarix yazmağa hazırsınızmı?

- Əgər oyuna hazırlığı nəzərdə tutursunuzsa, fikrimcə, tam hazırıq. Bura gəzmək üçün yox, sizin də qeyd etdiyiniz kimi, tarix yazmaq üçün gəlmişik. Qrup mərhələsinə vəsiqə qazanmaq əla olar.

 

- “Panatinaikos”un adı artıq sizi qorxutmur?

- Düzdü, “Panatinaikos” çox güclü komandadı, yüksək səviyyəli futbolçuları var. Amma bu amil bizi qorxutmur. İlk oyundakı qolsuz bərabərlik bizi növbəti mərhələ üçün ümidləndirir. Yeganə hədəfimiz də ən pis halda, qollu heç-heçə edib qrupa düşməkdi.

 

- Rəqibin gücünü ilk matçda gördünüz. “Panatinaikos” həqiqətən də, deyildiyi qədər böyük komandadı?

- Bayaq da dediyim kimi, güclü futbolçuları var. Hansı ki, onlar böyük klublarda, çempionatlarda oynayıb, zəngin təcrübəyə malikdilər. Amma Bakıdakı ilk matçda bizim futbolçularımız onlardan heç də zəif çıxış etmədilər. Meydançaya çıxdığın zaman rəqibin kimliyi, ad-sanı yaddan çıxır. Çalışırsan ki, qarşıya qoyulan hədəfə çatasan. Məncə, bu komandanı keçmək mümkündü.

 

- “Panatinaikos”a Yunanıstanda qalib gəlmək üçün necə oynamaq lazımdı?

- İlk növbədə qol vurmaq lazımdı. Bunu bacara bilsək, işimiz nisbətən asanlaşar. Bizim qol vurmağı bacaran güclü hücum xəttimiz var. Əgər ilk qolu biz vura bilsək, rəqib təşvişə düşəcək və boşluqlar buraxacaq. Bu da bizə əlavə şans yaradacaq.

 

- İlk oyunu buraxmışdınız. Cavab görüşünə hazırsınızmı?

- Zədəm olduğu üçün baş məşqçi oynamağımı məsləhət görməmişdi. Ötən bir həftə ərzində yaxşı bərpa dövrü keçdim və artıq kollektivlə birgəyəm. Məşqlərdə var-gücümlə çalışdım ki, qısa müddətdə formamı bərpa edim. Çünki belə bir vaxtda komandaya kömək etmək üçün hazır olmalıyam. İndi özümü yaxşı hiss edirəm. Əgər baş məşqçi şans versə, bütün gücümlə mübarizə aparacam.

 

- Topaz Premyer Liqasının ilk 3 turunda 7 xal toplamısınız. Bu nəticə ürəyinizcədi?

- Məncə, yaxşı gedirik. İki qələbə qazanmışıq və son çempion “Qarabağ”la heç-heçə etmişik. Bu templə davam etmək lazımdı.

 

- Ümumiyyətlə, çempionatımız barədə fikirləriniz necədi?

- İlk turlardan maraqlı mübarizə gedir. Əksər komandalar yaxşı oyun sərgiləyirlər. “Qarabağ” artıq neçə ildi ki, təkcə çempionatda yox, Avrokubokda da uğurlu çıxışı ilə diqqət çəkir. Həmçinin digər komandaların heyətlərində də istedadlı futbolçular var. Məncə, bizi güclü və gərgin mübrizə gözləyir.

 

- Əcnəbi futbolçuların çoxu Azərbaycana gələndə burda asanlıqla oynaya biləcəyini düşünür. Siz də, gələndə eyni düşüncədə idiniz?

- Müasir futbolda zəif anlayışı qalmayıb. İndi bütün çempionatlara baxsanız, orda necə gərgin mübarizənin getdiyini görərsiniz. Futbolçular artıq bütün güclərini meydançada qoyurlar. Bu da hamını eyni formada çıxış etməyə vadar edir. “Qarabağ”, “Qəbələ” kimi komandaların sayı çox olarsa, klublarınız avrokuboklarda bu cür uğurlu çıxış etməkdə davam etsələr, o zaman Azərbaycana daha güclü əcnəbi futbolçular gətirmək mümkün olar.

 

Ruslan SADIQOV / Afina

 

Xəbər lenti