8 Sentyabr 12:10 Petev yığmamızla oyundan sonra istefaya göndəriləcək
FUTBOL xəbərləri 8 Sentyabr 12:10
912 baxış

Petev yığmamızla oyundan sonra istefaya göndəriləcək

Bolqarıstan millisində istefaya göndəriləcəyi haqda xəbərlər yayılan İvaylo Petevlə bağlı yekun qərar verilib. Apasport.az saytı xəbər verir ki, bu gün ölkənin futbol federasiyasının İcraiyyə Komitəsində bununla bağlı iclas keçirilib.

 

Qərara alınıb ki, Avro-2016-nın seçmə mərhələsinin son oyunları çərçivəsində gələn ay Xorvatiya və Azərbaycan yığması ilə keçiriləcək görüşlərə komandanı Petev çıxarsın. Millimizlə oktyabrın 13-də baş tutacaq qarşılaşma 40 yaşlı çalışdırıcının Bolqarıstan yığmasının baş məşqçisi postunda sonuncu oyunu olacaq.

 

Petevin əvəzinə kimin yeni məşqçi təyin ediləcəyi isə hələ dəqiqləşməyib. Bu posta 3 namizəd var və hər biri yerli mütəxəssisdi. Belə ki, federasiya rəhbərliyi millinin “sükanı arxası”na Georgi Dermendjiyev, Krasimir Balakov və Dimitar Dimitrovdan birini gətirməyi düşünür.

 

İcraiyyə Komitəsinin bir neçə üzvü yeni baş məşqçinin əcnəbi olmasını istəsə də, federasiyanın xarici məşqçi ilə anlaşmağa maddi gücü çatmır.

 

Federasiya prezidenti Borislav Mixaylov yeni baş məşqçinin təcrübəli, yerli mütəxəssis olacağını təsdiqləyib.

 

Qeyd edək ki, bir ara adı “Qəbələ” ilə birgə hallanan Petev Bolqarıstan yığmasından öncə “Lyubimets”, “Ludoqorets”, “Levski” və “AEL Limassol” klublarını çalışdırıb. O, ölkəsinin milli komandasına bu ildən rəhbərlik edir.  

Xəbər lenti