14 Oktyabr 13:29 “Prosineçki xəbərdarlıq etmişdi...”
FUTBOL xəbərləri 14 Oktyabr 13:29
6325 baxış

“Prosineçki xəbərdarlıq etmişdi...”

2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin son turu çərçivəsində Sofiyada  Bolqarıstanla oyunda (2:0) debüt edən Azərbaycan yığmasının  futbolçusu Elnur Cəfərovun apasport.az saytına müsahibəsi

 

- Qrupun son matçını ən azı xalla qapayacağınıza ümid edirdik. Amma “ənənə” pozulmadı...

- Bu, Robert Prosineçkinin təyinatından sonra ən zəif oyunumuz idi. Həm hücumda, həm də müdafiədə oyunumuz alınmadı. Bolqarıstan da qrupun güclülərindən deyildi. Azərbaycan yığması onları uda biləcək gücdədi. Amma alınmadı. Fikir verdinizsə, rəqib hər iki qolu baş zərbəsi ilə vurdu.

 

- Baş məşqçi hansı iradları bildirdi?

- Fasilədə dedi ki, top istəməyə, onu saxlamağa sanki qorxursunuz. Yenə deyirəm, Bolqarıstan yeniləsi komanda idi.

 

- Qarşılaşmadan əvvəl komanda yoldaşlarınız bir qədər rahat danışırdı. Bəlkə qələbə istəyinin çox olması oyununuza mane oldu?

- Həqiqətən də bunu çox arzulayırdıq. Amma hansısa təzyiq hiss etmirdik. Hamımız peşəkar futbolçularıq. Baş məşqçi də bizə xəbərdarlıq etmişdi ki, Bolqarıstan asan yeniləcək rəqib deyil. Heç kim qələbə qazanmışıq kimi düşünməsin. Sadəcə, oyunumuz alınmadı. Çox pis çıxış etdik.

 

- Birinci hissədə ümumiyyətlə bərbad oynadınız. Fasilədə baş məşqçi nəsə dedimi?

- Sanki “boşalmışdıq”. Oyunumuz getmirdi. Bunda yorğunluq da rol oynaya bilər. Çünki İtaliya ilə matçda çox güc itirdik və ardınca səfərə çıxdıq. Həm oyunun, həm də yolun yorğunluğu təsir etdi.

 

- Yığmada debüt etdiniz. İlk dəqiqələrdən meydana çıxdığınıza görə, həyəcan var idi?

- Bəlkə də həyəcan ola bilərdi. Amma komanda yoldaşlarım bunu hiss etməyimə, yaşamağıma imkan vermədi. Onlar meydanda mənə çox dəstək oldular.

 

- Sizə şans veriləcəyini bir gün əvvəldən bilirdiniz. Gecəni rahat yata bildiniz?

- Onsuz da bir gün şans veriləcəyini bilirdim. Çünki yığmaya dəvət edilirəmsə, bu, baş verəcəkdi. Gözləyirdim ki, “18-liy”ə salınacam. Amma baş məşqçi ilk “11-lik”də meydana buraxdı. Debüt oyunumu yaxşı keçirməyə çalışdım. Təəssüf ki, istədiyim kimi oynaya bilmədim.

 

- Artıq növbəti oyunlara daha yaxşı hazır olmalısız. Amma bu gün üzvü olduğun “Xəzər Lənkəran”ın durumu qeyri-müəyyəndi. Bu formanı qorumağa mane olmayacaq?

- İstənilən futbolçu millidə oynaq üçün mütləq çalışmalıdı. Çünki yığmada oynamaq hər bir futbolçu üçün qururdu. Qarşıma məqsəd qoymuşam. Harda olmağımdan asılı olmayaraq, məşqlərimi artıracam. Hər zaman hazır olmalıyam ki, baş məşqçi də mənə dəvət göndərsin.

 

- Ola bilərmi, qışda “Xəzər Lənkəran”dan ayrılıb, yeni klubla anlaşasınız?

- “Xəzər Lənkəran”la 3 illik müqaviləm var. Bu klub mənim evimdi. Doğma şəhərimi təmsil edən komandadan ayrılmaq üçün gərək Avropa klublarından təklif alım. Belə tezliklə başqa kluba keçməyi düşünmürəm.

 

Xəbər lenti