10 İyul 16:04 Qara Qarayev: Heç kim deyə bilməz ki, Qara limitə görə ehtiyatda qalacaq - MÜSAHİBƏ
FUTBOL xəbərləri 10 İyul 16:04
5695 baxış

Qara Qarayev: Heç kim deyə bilməz ki, Qara limitə görə ehtiyatda qalacaq - MÜSAHİBƏ

“Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi

 

- Avstriyadakı təlim-məşq toplanışı necə keçdi?

- Əsas odu ki, toplanışdan zədəsiz döndük. Hər şey planlaşdırıldığı kimi getdi. Komanda üçün yaxşı şərait yaradılmışdı. Üç yoxlama oyunu keçirdik. Bununla oyun təcrübəsi problemini yoluna qoymağa çalışdıq.

 

- Yoxlama oyunlarının heç birində qələbə qazana bilmədiniz. Hər halda azarkeşlər bu nəticələrdən müəyyən qədər narahatdılar. Bu nədən irəli gəlirdi?

- Bu cür oyunlarda nəticə tələb olunmasa da, qələbə qazanmalı idik. Oyunlar komandadakı çatışmazlıqları göstərdi. Həm də fiziki yükləmələr olurdu. Bu bizi narahat eləmir. Amma buraxdığımız qollar bizi düşündürür. Səhvlərimizi gördük və bunları aradan qaldırmalıyıq.

 

- Heyətdə xeyli sayda dəyişiklik edildi. Gələnlər gedənlərin yerini doldura bilirmi?

- Gedənlər komandamız üçün vacib futbolçular idi. Çünki onlar 2 ilə yaxın idi bizimlə birgə idilər və bir-birimizə uyğunlaşmışdıq. Gələn futbolçuların istedadına görə yox, komandaya uyğunlaşması baxımından problem yaşaya bilərik. Bunun da tez bir zamanda aradan qalxacağına və komandaya uyğunlaşacaqlarına inanıram.

 

- Sizin mövqeyinizə gənc futbolçular transfer olundu. Çempionatda tətbiq ediləcək limitə görə, onlardan biri meydançaya çıxacaq. Sizin ehtiyatda qalacağınız ehtimalı nə dərəcədə güclüdü?

- Avstriyadakı toplanış zamanı 3 oyunun hamısında əsas heyətdə meydançaya çıxmışam. İnanmıram ki, baş məşqçi bu cür söz-söhbətə görə məni ehtiyata atsın. Dəyişiklik ola bilər, bu da normal haldı. Ancaq yenilər gəlib deyə ehtiyata atılacam kimi bir şey yoxdu. Sadəcə, yaxşı formada olmalıyam ki, baş məşqçi mənə güvənsin. Amma limitin mənə aidiyyəti yoxdu. Başqa mövqelərdə də futbolçularımız var. Buna görə də, heç kim indidən deyə bilməz ki, Qara limitə görə ehtiyatda qalacaq. Baş məşqçimizin məni ehtiyatda saxlayacağı boş söz-söhbətdi.

 

- Gələn həftə rəsmi oyuna çıxacaqsınız. Çempionlar Liqasının seçmə mərhələsindəki rəqibiniz olan “Rudar” haqda nə bilirsiniz?

- Baş məşqçimiz indiyə qədər bütün diqqəti hazırlığımıza yönəldib. Yəqin yaxın günlərdə müəyyən məlumatlar verəcəklər.

 

- İnternet vasitəsilə oyunlarını izləmisinizmi?

- Məlumatımız var. Amma təhlil işinə baş məşqçimiz baxır. O, hansı tapşırığı versə, biz də yerinə yetirəcəyik.

 

- Ötən mövsümün rəqabətə davamlı olmamasının avrokuboklardakı çıxışınıza təsiri ola bilərmi?

- “Qarabağ”ın yenə uğur qazanacağını indidən heç kim deyə bilməz. Bu, futboldu. Qələbə qazanmaq da var, uduzmaq da. Çox zəif çıxış edəcəyimizə də inanmıram. Çalışacağıq ki, Premyer Liqanın son turlarındakı düşüşü avrokuboklara yansıtmayaq. Bu dəfə fərqli oynamalıyıq.

 

- “Neftçi” məhz Monteneqro təmsilçisi ilə oyunlardan sonra mübarizəni dayandırdı. Bu, "Qarabağ" üçün bir siqnal ola bilərmi?

- “Neftçi” uduzmadı, səfərdə vurulan qolların sayına görə mübarizəni dayandırdı. Ancaq turu keçməyə layiq idilər, alınmadı. Gənclərdən qurulmuş komandadı. Yaxşı oyun nümayiş etdirdilər. Əlbəttə, biz oyunumuza ciddi yanaşmalıyıq. Bu oyunlarda bizim xeyirmizə işləyəcək siqnallar var.

Xəbər lenti