7 Sentyabr 15:50 “Qarabağ” belə komandalara qarşı oynamağa öyrəşib” - Cavid Tağıyev
FUTBOL xəbərləri 7 Sentyabr 15:50
6912 baxış

“Qarabağ” belə komandalara qarşı oynamağa öyrəşib” - Cavid Tağıyev

Azərbaycan yığmasının və “Qarabağ”ın gənc yarımmüdafiəçisi Cavid Tağıyevin apasport.az saytına müsahibəsi

 

- Avro-2016-nın seçmə mərhələsində Malta ilə qollu heç-heçə (2:2) etdiz. Qələbəyə nə mane oldu?

- Qələbə qazanmaq istəyirdik. Xorvatiya ilə heç-heçədən sonra bura qələbə dalınca gəlmişdik. Ancaq gözlənilməz iki qol buraxdıq. Yaxşı ki, məğlub olmadıq. Özümüzdə güc tapıb bərabərlik qolunu vurduq. Məncə, yaxşı oynadıq.

 

- Hesabda geriyə düşdükdən sonra sanki komanda daxilində gərginlik yarandı...

- İstər-istəməz belə hallar olur. Hesabda geridə olanda, qısa müddətdə hesabı bərabərləşdirmək istəyirdik ki, qələbə topuna vaxtımız çatsın. Bu səbəbdən də tələsirdik.

 

- Havanın isti olmasının oyununuza təsiri oldumu?

- Bəli, oldu. Maltada o saatlarda hava çox isti olurdu. Bununla belə, əlimizdən gələni etdik.

 

- Öz çıxışınızdan məmnun qaldız?

- İlk dəfə idi ki, milli komandanın formasını geyinirdim. Meydançaya yalnız xeyir vermək məqsədilə çıxmışdım. Həm də baş məşqçinin etimadını doğrultmaq istəyirdim. Çünki bu, mənim üçün bir şans idi, istifadə etməliydim. Öz çıxışıma qiymət verməyim isə doğru olmaz.

 

- Start heyətində “Qarabağ”ın 5 üzvü yer almışdı. “Qarabağ”da isə mövsümün əvvəlindən sıx qrafikdə çıxış edirsiniz. Yorğunluğun yığmanın oyununa təsiri oldumu?

- Xorvatiya ilə oyundan sonra bütün futbolçularda yorğunluq var idi. O ki qaldı klubların qrafikinə, “Qəbələ”, “İnter” kimi komandalar da sıx qrafiklə oynayıblar. Belədə yorğunluğun olması normal haldı. Bunun da təsiri ola bilər. Amma çalışırdıq bunu büruzə verməyək.

 

- Avropa Liqasında güclü komandalarla bir qrupa düşmüsüz. Üzərinizdə təzyiq hiss edirsiz?

- Avropa Liqasının qrupuna düşmüşüksə, deməli, orda güclü rəqiblərlə qarşılaşacaqsan. Təslim olmaq fikrimiz yoxdu. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Düzdü, “Tottenhem”, “Monako” və “Anderlext” Avropada sayılıb-seçilən klublardı. Ancaq bizim də artıq qrup təcrübəmiz var. Məncə, istəsək, onlarla mübarizə apara bilərik.

 

- “Qarabağ” qrupun autsayderi sayılır. Bu amil sizin xeyrinizə işləyə bilərmi?

- Onların bizim haqqımızda nə fikirləşdiklərini deyə bilmərəm. Amma biz hər bir rəqibə qarşı ciddi hazırlaşacağıq. Rəqiblərin ad-sanı bizi narahat etmir. Çünki “Qarabağ” son illər belə komandalara qarşı oynamağa öyrəşib. Pley-off və çempionat oyunlarına necə hazırlaşmışıqsa, bu rəqiblərlə matça da o gözlə baxacağıq.

 

- Axırıncı transferlərdən sonra əsas heyətə düşmək şansınızı necə qiymətləndirirsiz?

- Rəqabətin olmağı çox yaxşıdı. Gənc oyunçuyam, bu amil mənim daha sürətli inkişafima təkan verər. “Artırmaq” barədə düşünən hər bir futbolçu öz mövqeyində 2-3 güclü oyunçu olmağını istəyər. Yeni transferlər bura gəliblərsə, “Qarabağ”a xeyir verəcəklərini düşünürəm.

 

Ruslan SADIQOV

Xəbər lenti