3 Avqust 12:21 “Qarabağ” çox qol vurmağı bacarmır” – Kris Satton
FUTBOL xəbərləri 3 Avqust 12:21
7043 baxış

“Qarabağ” çox qol vurmağı bacarmır” – Kris Satton

“Qarabağ” bir oyunda 3-4 qol vuracaq komanda təsiri bağışlamadı”. Apasport.az saytının məlumatına görə, bunu “Seltik”in sabiq hücumçusu Kris Satton deyib.

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”lə qarşılaşan “Qarabağ” ilk oyunda səfərdən 0:1 hesablı məğlubiyyətlə dönmüşdü. Bu komandalar arasında cavab görüşü avqustun 5-də Bakıda keçiriləcək.

 

İlk görüşə əsasən cütlüyü dəyərləndirən Satton yerli mətbuata müsahibəsində təmsilçimizlə bağlı maraqlı fikirlər səsləndirib. 42 yaşlı mütəxəssisin sözlərinə görə, Ağdam klubunun hücum xətti güclü deyil: “Qarabağ” topla oynamağı və rəqibə təzyiq etməyi xoşlayır. Bilirik ki, bizimlə matçı da belə keçirəcəklər. Ancaq narahatlığa əsas görmürəm. Düzdü, “Seltik”dən 4:0 və ya 5:0 kimi böyük hesablı qələbə gözləmək ağılsızlıq olar. Çünki rəqib möhkəm komandadı. Lakin Azərbaycan komandası özü də çox qol vurmağı bacarmır. Bundan öncəki mərhələdə Çernoqoriya klubu ilə Bakıdakı görüşdə qol vura bilməmişdilər. İlk oyunda 0:0 pis nəticə deyil, 1:0 isə əladı. “Seltik” də ilk matçda lazımi nəticəni əldə edib”.

 

Satton “Seltik”in baş məşqçisi Ronni Deylaya məsləhət də verib. O bildirib ki, Bakıda hücum xəttində dəyişiklik edilməlidi: “Qarabağ”la ilk oyunda hücum xəttində Nadir Çiftçinin oynaması məncə, doğru seçim idi. Ancaq cavab qarşılaşmasında mütləq Leyq Qriffits çıxış etməlidi. Çünki “Seltik” Bakıda təzyiqlə qarşılaşacaq. Məlum məsələdi ki, Azərbaycan klubu topla daha çox oynayacaq və “Seltik” əks-hücum futboluna üstünlük verəcək. Belədə Qriffits komandaya daha çox xeyir verər, nəinki Çiftçi. Çünki Leyq həm sürətli, həm də fiziki cəhətdən güclü oyunçudu. Üstəlik, müdafiəçilərin arasından sıyrılıb qapıçı ilə təkbətək qalmaq bacarığına da malikdi. Bir sözlə, o, əsl tamamlayıcıdı. Çiftçi ötən həftə pis təsir bağışlamadı, ancaq Qriffits belə oyunların adamıdı”.

 

O, Şotlandiya təmsilçisinin Çempionlar Liqasının qrupa düşməyə borclu olduğunu vurğulayıb: “II mərhələdə “Styarnan”a qarşı oyun elə də uğurlu keçməmişdi. Düzdü, komanda hər iki matçda qələbə qazanmışdı. Lakin oyun baxımından bizi məmnun etmədi. Ötən mövsümdəki uğursuzluğu da nəzərə alsaq, azarkeşlər artıq Çempionlar Liqasının qrupuna düşməyi tələb edirlər. Fikrimcə, “Seltik” bunu həyata keçirməyə borcludu”.

 

Qeyd edək ki, Kris Satton 2000-2006-cı illərdə “Seltik”də çıxış edib.

Xəbər lenti