22 Oktyabr 13:49 “Qarabağ” mənəvi borcunu layiqincə yerinə yetirib” – “Monako”nun saytı
FUTBOL xəbərləri 22 Oktyabr 13:49
4348 baxış

“Qarabağ” mənəvi borcunu layiqincə yerinə yetirib” – “Monako”nun saytı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”la qarşılaşacaq “Monako”nun rəsmi saytında Ağdam klubu ilə bağlı yazı dərc olunub. Apasport.az xəbər verir ki, yazıda Qarabağ münaqişəsindən tutmuş, “Qarabağ”ın yaranmasına qədər, müxtəlif məlumatlar öz əksini tapıb.

 

Yazının maraqlı hissələrini sizə təqdim edirik...

 

“Monako” tarixində ilk dəfə Azərbaycan təmsilçisi ilə qarşılaşacaq. “Qarabağ” klubunun əsası 1951-ci ildə Ağdamda, Dağlıq Qarabağda qoyulub. Komanda 1992-ci ildə əsası qoyulan Azərbaycan çempionatının ilk iştirakçılarından olub. 1993-cü ildə Azərbaycan çempionu olan “ağ-qaralar” eyni uğuru təkrarlamaq üçün 21 il gözləməli olublar. Sonrakı mövsümdə də “Qarabağ” qızıl medallara sahib çıxaraq, 3-cü dəfə Azərbaycan çempionu adını qazanıb”.

 

“Qarabağ”ı “atlılar” da adlandırırlar. Bu, klubun loqosunda əks olunan atlarla bağlıdı. Komandaya “qaçqınlar” da deyilir. Bu isə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, Azərbaycanda 100 minlərlə qaçqının olmasından qaynaqlanır.

 

“Azərbaycan və Ermənistan arasında 1988-1994-cü illər ərzində Dağlıq Qarabağda gedən müharibə ilə əlaqədar, komanda 1993-cü ildə Bakıda məskunlaşıb. “Qarabağ” hələ də Ağdama qayıtmayıb. Onu da qeyd edək ki, 90-cı illərin əvvəlində Ağdamda təxminən 30 min insan məskunlaşıb. Müharibə vaxtı klub öz mənəvi borcunu layiqincə yerinə yetirib. Belə ki, komandanın məşqçisi Allahverdi Bağırov könüllülərə qoşularaq, döyüşə gedib”. 

 

“2001-ci ildə “Azərsun Holdinq” şirkəti “Qarabağ” klubuna sponsorluq etməyə başlayıb. 2008-ci ildə komandanın baş məşqçisi postuna Qurban Qurbanov gətirilib. Azərbaycan yığmasının tarixində ən məhsuldar futbolçu olmuş Qurbanov komandada “Barselona”nın oyun stilini tətbiq etməyə başlayıb. Onun rəhbərliyi altında “tiki-taka”ya üstünlük verən “Qarabağ” “Qafqazın “Barselona”sı” adlandırılır.

 

“İki ildi “Qarabağ” Azərbaycanda dominantlıq edir və ölkə futbolunun yükünü öz çiynində daşıyır. “Köhlən atlar” tədricən Azərbaycan futbolunun embleminə çevrilməyə başlayıblar. “Neftçi” Avroliqanın qrup mərhələsinə düşən ilk Azərbaycan komandası olsa da, çox keçməyib ki, “Qarabağ” da eyni uğuru təkrarlayıb. Bu komanda Avroliqanın ötən mövsümündə finalçı olmuş “Dnepr”ə qrup mərhələsində səfərdə qalib gəlməyi bacarıb”.

 

“Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir. Bu stadionun əsası 1951-ci ildə qoyulub. Arena əvvəlcə İosif Stalin, ardınca isə Vladimir Leninin adını daşıyıb. SSRİ dağıldıqdan sonra isə stadiona DÇ-1966-nın finalında hakim köməkçisi olmuş Tofiq Bəhramovun adı verilib”. 

Xəbər lenti

Xəbər lenti