27 Aprel 11:25 “Qarabağ”    - sona 4 tur qalmış çempion?
FUTBOL xəbərləri 27 Aprel 11:25
3258 baxış

“Qarabağ” - sona 4 tur qalmış çempion?

Topaz Premyer Liqasının mayın 1-də və 2-də keçiriləcək XXXII turu Azərbaycan çempionunun adına aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, “Qarabağ” ardıcıl ikinci, tarixində üçüncü dəfə qızıl medalları sona 4 tur qalmış təmin etməyə yaxındı.

 

Amma Ağdam təmsilçisi üçün bu uğuru belə tez rəsmiləşdirmək o qədər də asan olmayacaq. Qızıl medalların sahibinin müəyyənləşməsi üçün “Qarabağ” qalib gəlməli, ən yaxın izləyicisi “İnter” məğlub olmalıdı. Hər iki nəticənin qeydə alınması nəzəri cəhətdən mümkün olsa da, real görünmür.

 

“Qarabağ” ardıcıl 8 qələbə qazanan və 2 dəfə lideri məğlub edən “Qəbələ”nin qonağı olacaq. Ağdamlılar bu çətin səfərdən 3 xalla ayrılsa belə, “İnter”in uğursuzluq zolağında qalan “Simurq”a yenilməsinə zaqatalalıların özləri də çətin ki, inansın. “Qarabağ” qalib gəlsə, digər oyun “sülh”lə başa çatsa, ağdamlılar ən pis halda, “Qızıl oyun”a vəsiqəni təmin edəcəklər.

 

Amma Georgi Çixradzenin yetirmələri qələbə qazanmağa məcburdu. Çünki istənilən xal itkisi onların avrokubok xəyalının üstündən xətt çəkəcək. Belə olan halda, əyalət klubu 4-cü olmaq şansını rəsmən itirib, Avropa Liqası arzusuna “əlvida” deyəcək.

 

“Simurq” qalib gəlsə də, eyni taleyi yaşaya bilər. “Qəbələ” qalib gəlsə, “Neftçi” xal qazansa, zaqatalalıları qələbə də xilas etməyəcək. Bürünc mükafat uğrunda mübarizə aparan iki komandanın da heç-heçə etməsi də Çixradzenin komandasını “ofsayd”da qoyacaq.

 

Bu isə o deməkdi ki, “Neftçi”yə “dördlüy”ə düşmək üçün 1 xal qazanmaq və ya “Simurq”un 1 xal itirməsi kifayətdi. “Qəbələ” isə ya zaqatalalıların xal itirməsini gözlənəli, ya qalib gəlməli, ya da özü kimi “Neftçi”nin də 1 xal əldə etməsindən yararlanmalıdı.

 

Çempionluq və avrokuboklardakl təmsilçilərimizin tam siyahısı ilə yanaşı, ilk 2 pillənin sahibləri də dəqiqləşə bilər. Belə ki, “Qarabağ”ın ardından “İnter” də digər komandalar üçün əlçatmaz ola bilər. Ən azı gümüş mükafatı təmin etməsi üçün “bankirlər” qalib gəlməli, “Neftçi” xal itirməli və “Qəbələ” məğlub olmalıdı. “Ağ-qaralar” qalib gələ bilməsə, əyalət klubu isə xal qazanmasa vitse-çempionluq xəyalı ilə vidalaşacaq.

 

Mükafatlar və avrokuboklara vəsiqələrin sahiblərinin adları ilə yanaşı, Premyer Liqanı tərk edən yeganə komanda da artıq mayın ilk iki gününə təsadüf edəcək turda müəyyənləşə bilər. AFFA-nın İcraiyyə Komitəsinin son iclasının qərarına əsasən, I diviziona yalnız sonuncu pillənin sahibi yuvarlanacaq.

 

Bu komandanın “Bakı” olması isə XXXII turda rəsmiləşə bilər. Bunun üçün paytaxtın eyniadlı təmsilçisi qalib gəlməməlidi. “Sumqayıt” “Neftçi” üzərində qələbə qazansa,  bakılılar “Xəzər Lənkəran”la matçda xal itirsə, onda İbrahim Uzuncanın yetirmələri aşağı dəstəyə yuvarlanacaq. Sumqayıtlılar heç-heçə ilə də yerini elitada təmin edə bilər. Bunun üçün autsayder yenə uduzmalıdı.

 

Qeyd edək ki, qarşıdakı tur mövsümün finişini bütövlüklə formallığa çevirə bilməyəcək. Çünki çempionluğun taleyinin həll olunması ilə avrokuboklardakı bütün iştirakçıların tam siyahısının eyni vaxtda rəsmiləşməsi mümkünsüzdü. Çünki hər ikisinin rəsmiləşməsi üçün məğlubiyyəti zəruri olan komandalar (“İnter”lə “Simurq”) bir-biri, qələbəsi vacib olanlar (“Qarabağ” və “Qəbələ”) da öz aralarında görüşəcək.

 

Xəbər lenti